12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman Orucov
00:04 / 09.07.2011
 
 
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)
 
 
(Əvvəli ötən şənbə saylarımızda)
 
 
B.e.ə.322-ci ildə isə o, ekspedisiya ilə Siua səhra vahəsindəki Amon məbədinə getdi. Bu, Misirdəki Memfisdən beş yüz mil aralı idi. Bu səfərində o, az qala ölmüşdü, baxmayaraq ki, bu “mistik ölüm” barədə xatırlanma ola bilərdi. Bircə şey dəqiq məlumdur ki, orada o keşişlər tərəfindən “etiraf edildi” və həsr olunmanı keçdi. Keşişlər ona deməli idilər ki, Aleksandr Amon-Zevsin oğludur. Güman edilirdi ki, onun sonralar da geyindiyi mərasim buynuzları bunun əlamətidir. Onun işğal etdiyi bəzi ölkələrdə o, buynuzlu adam kimi yada salınır. Quranda o, Zül-Qərneyin kimi meydana çıxır, bu “İkibuynuzlu adam” demək idi. Lakin gizli tarixə görə bu buynuzlar ovçu buynuzları idi. Belə görünür ki, Aleksandr və Aristotel yenidən doğulduqda, ikinci dəfə birləşəcəklər.
Yalnız bir dəfə, otuz üç yaşında, Aleksandr Babil astroloqlarının şəhər qapılarından girməmək barədə ona etdikləri xəbərdarlığa məhəl qoymamasından iki həftə sonra qızdırma xəstəliyindən öldü. Tezliklə aydın oldu ki, Aleksandrın imperiyası yalnız onun fərdi maqnetizminə görə öz birliyini saxlaya bilirdi.
Apuleyin “Qızıl eşşəyi” Roma dövrünün böyük həsr olunma əsərlərindən biri idi. “Kuridon və Psixeya” əsəri də həmçinin ezoterik və tarixi cəhətə görə əhəmiyyətə malik idi. Psixeya gözəl, günahsız gənc qız idi. Kuridon ona vurulmuşdu və xəbərlər göndərirdi ki, gecə onun yanına, təpə üstündəki sarayına gəlsin. O, allahla məhəbbət yaşamalı idi. Lakin burada bircə şərt ondan ibarət idi ki, onların məhəbbətinin baş tutacağı yer tam qaranlıq olmalı idi. Psixeya onu da qəbul etməlidir ki, məhz allahın sevgisindən həzz alır. Qızın böyük bacısı isə paxıl idi. O, kiçik bacısına acı bir şəkildə deyirdi ki, onun sevdiyi heç də gözəl oğlan – allah deyildir, bir eybəcər, nəhəng ilandır. Bir gecə Psixeya artıq müqavimət göstərə bilmədi və şirin məhəbbət anlarından sonra Kuridon yuxuda olanda, qız yağ lampasını onun üzünə tutdu. Gözəl, gənc allahı kəşf etdiyindən, çox sevindi, lakin yanan yağın bir damcısı oğlanın üstünə düşdü və onu oyatdı. Psixeya əbədi olaraq onun yanından qeybə çəkildi. Bu əhvalatda ikinci məna ondan ibarətdir ki, allah həqiqətən də eybəcər ilan idi.
Tsitseron Roma imperiyasında islahat üçün böyük qüvvələrdən biri idi. O, Eliosda öz həsr olunmasına həyatını formalaşdıran böyük təcrübə kimi baxırdı. O, deyirdi ki, bu mərasim onu öyrətmişdir ki, “Şən yaşa və ümid edən kimi öl”.
Kolizeydəki qan hamamları təkcə müqəddəslik istisna olmaqla, fərdi insan həyatına heç bir qiymət vermirdi. Stoik filosof olan imperator Mark Avreli həyat fəlsəfəsi şəklində təklif edəcəkdi: “Heç vaxt imkan vermə ki, gələcək səni narahat etsin, gələcəyi görməli olsan, bu gün gerçəkliyə qarşı silahlandığın ağlının eyni silahları ilə onu qarşılamalı olacaqsan”. Bu sözlər üzüntü ilə dolu idi.
İoanın “İncil”ində deyilir: “Başlanğıcda söz var idi və Söz Allahla idi və Söz Allah idi... Hər şey onun tərəfindən düzəldilirdi... Və işıq qaranlığı işıqlandırırdı və qaranlıq onu dərk etmirdi... O, dünyada idi və dünya onun tərəfindən düzəldilmişdi və dünya onu tanımırdı”. “İncil”in yaranmasını İisus Xristin missiyası ilə birlikdə sözlə müqayisə edir, bu inkarnasiya edilmiş söz idi. İoann bununla ikinci yaranma növü kimi ikinci missiyanı təqdim edir. Buradakı həlledici cəhət odur ki, İisus Xrist daxili həyatı yaratmışdır. O, məhəbbətin yeni növünü irəli sürdü. Mərhəmətli məhəbbət başqasının dərdinə yanmaq vergisinə əsaslanır. Xristdən əvvəl isə məhəbbət tayfa və ya ailə məhəbbəti idi. Heç bir fərd qan bağlılığından yuxarı qalxıb, sevmək üçün sərbəst qaydada kimisə seçə bilməyə qadir deyildi. Markın “İncil”ində (3.32) İisus öz anasının özü üçün əhəmiyyətini inkar edir. Matfeyin “İncil”ində isə (10.37-8) o deyir: “Kim ki, atasının və anasını məndən artıq sevir, o mənə layiq deyildir”.
 Ezoterik təlim düz yolla bütün sevgiyə aid olanlardan da yuxarıda durur. Bu təlim deyir ki, sən kosmosdan olan mərhəmətli qüvvələrlə əməkdaşlıq edirsən, güc səndən elə yolla axır ki, sən onu anlayana çevrilə bilərsən. Bu proses möcüzə yaradan və ya ilahi sehrlilik adlanır.
İisus Xrist təsdiq edirdi ki, “Ancaq mən sənə deyirəm ki, kim qadına şəhvətlə baxırsa, öz ürəyində artıq onunla zinakarlıq etmiş olur”. Bu vaxta qədər heç kəsin demədiyini o dedi və bu mənanı verirdi ki, bizim dərin düşüncələrimiz fiziki obyektlər kimi realdır.
Bizim “özəl” düşündüyümüz şey kosmos tarixinə birbaşa təsir göstərir. “Ürəyində təmiz olanlar xoşbəxtdirlər, buna görə də onlar Allahı görəcəklər”.
Filippin “İncil”ində İisus Xristin Mariya Maqdalina ilə münasibətinə dair intriqa xarakterli bir işarə vardır: “İisus onu bütün şagirdlərindən artıq sevirdi və onu tez-tez öpürdü”. Bu, Bibliyanın “Şərqilər Şərqisi” kitabındakı şeiri yada salır: “Qoy o, məni ağzının öpüşləri ilə öpsün” və ya “Məhəbbət ölümdən güclüdür”.
Mariya Maqdalina adətən tövbə edən kimi təsvir edilir. Fra Bartolomeonun tablosunda qız İisus Xristin ayaqlarını yumağa apardığı bitki yağı bardağı ilə təsvir olunur. Bardaq daşın üzərinə qoyulmuşdur və daşın üstündə bu sözlər yazılmışdır: “Mən könlüm sevdiyi adamı tapdım”.
 
Xristianlıq və Şamanizm
 
Konstantin Roma imperiyasının yavaş-yavaş gedən tənəzzülünü dayandırmaq üçün yeni qüdrətli dinə-xristian dininə ümid edirdi. Lakin Roma yenidən canavarların və tülkülərin istirahət yerinə çevrildi. Konstantinin qohumu Yulian 361-ci ildə hakimiyyətə gələndə, o, dini dözümsüzlük dalğasını dəyişdirdi. Dar, doğmatik xristianlığa qarşı məşhur polemik əsərlər yazdı, axı məhz belə xristianlıq yüksəlmişdi. Buna görə də sonralar xristian yazıçıları onu “Dönük” deyə adlandırmağa başladılar. Bu o demək idi ki, o, inamı kənara tullamışdır.
Yulian Persiya ilə müharibə aparanda Persiyada yerləşən Manixey Sirrli məktəbinin gizli biliyini anlamağı arzu edirdi. O, Günəş allahın missiyasının təhlükədə olduğunu kifayət dərəcədə qiymətləndirməyi bacarırdı və bu Manixeyizmin daxili sirrlərinin Günəş allahla Əhrimən və ya İblis materializminin ruhu arasında gedən müharibəyə aid olduğunu bilirdi. Lakin o, öz missiyasına nail olmamışdan əvvəl Konstantinin ardıcılları tərəfindən öldürüldü. Yeni imperator isə “dinsizin” mülkiyyətini müsadirə etdi və onun məbədlərini tutdu. İsidanın heykəlləri yenidən Mariyaya həsr olundu. Romadakı Panteon bütün allahlar üçün məbəd olsa da, imperator Teodesi tərəfindən monoteizm məbədinə çevrildi.
Çində imperiyanın tədricən genişlənməsi Asiyada və Avropa daxilində domino effekti yaratdı. Uzaq Şərqdə olanların təzyiqi altında qotlar, vestqotlar və vandallar Avropanın bir sıra hissələrinə müdaxilə etdilər, hətta yenidən geri çəkilməzdən əvvəl Roma kimi uzaq ərazilərə gəlib çatdılar. Köçəri monqol tayfaları Hun lideri Attilanın başçılığı altında V əsrin ikinci rübündə birləşdirir. Onlar əvvəllər qotların və vandalların müdaxilə etdikləri ərazilərdə at oynatdılar və imperiya Mərkəzi Asiya düzənliklərindən Şimali Qaliyaya qədər uzandı. Avropalıların “Allahın bəlası” hesab etdikləri Attila barbarlığına görə dillərə düşdü, yunan tarixçisi Priskus Attilanın düşərgəsinə səfər edib, bir şahid kimi orada olanları təsvir etdi. O, gördü ki, Attila, döşəməsi yonulmuş taxtadan olan sadə evdə yaşayır və bu ev taxta hasarla çəpərlənmişdir. Yun palazlar xalça rolunu oynayırdı və hərfi mənada “kiçik ata” adlanan Attila öz qonaqlarını sadə kətan paltarda qarşılayırdı. O, ağac fincandan qədərində içki içir və ağac boşqabdan yemək yeyirdi. 
Deyirdilər ki, Attila Xristian şəhəri Korinfi işğal edəndə, o küçənin hər küncündə fahişə qadınları görüb qəzəblənmişdi. Həmin qadınlara ya adamlarından birinə ərə getməyi, və ya sürgünə yollanmağı seçmək imkanını vermişdi.
Romanlar digər düşmənlərinə nisbətən Attiladan daha çox qorxurdu. O, öz adamlarına Roma ərazisində yaşamağa və ya Roma mallarını almağa icazə vermirdi.
O, Roma ərazilərinə müdaxilə edəndə, romanlaşmanı dəyişdi, Roma tikililərini dağıtdı və həmçinin Romadan təzminat pulu kimi minlərlə funt qızıl götürdü. 452-ci ildə o, nəhayət Romanı sıxışdırmağa başlayanda imperator, yepiskop Leonu onunla görüşməyə göndərdi. Gələcək Papa Leo Attila ilə sövdələşmə danışığı apardı, bu şərtlərə görə imperatorun qızı Honoriya onun arvadı olmalı idi və minlərlə funt qızılı da cehiz kimi özü ilə götürəcəkdi. Bu səbəbdən də Atilla Roma imperiyası üzərində ağalığa və dünyanı idarə etməyə nail olduğuna inandı.
Attila və onun xalqı şamanizmi tətbiq edirdilər. Döyüşlərdə Attila özü ordusuna başçılıq edirdi, ona bunu şaman keşişləri məsləhət görürdülər. Hun ordusu döyüşə ulamaqla atılırdı, silahlarını cingildədirdi, buynuzlarla və zənglərlə səs salırdı.
Bunların hamısından məqsəd ölülər batalyonunu, öz əcdadlarının kabuslarını çağırmaq idi ki, onlar da əsgərlərlə birlikdə döyüşsünlər. Onlar həmçinin şaman qaydasında ət yeyən heyvanların, canavarların və ayıların ruhlarını haraylayırdılar ki, özlərinə daxil olmaqla, döyüşənlərə fövqəltəbii qüvvə versinlər.
“Şaman” sözü tunqus-monqol isimi olub “bilən adam” mənasını verir. Şamanlar barbar müdaxilələri dövründən indiyədək müxtəlif texnikalardan istifadə edirlər, bəziləri bunu “ekştazın arxaik texnikaları” adlandırır. Onlar trans vəziyyətinə düşməklə işləyirlər Ritmik qaval vurmaqla və rəqs etməklə öz sehrli əməllərini həyata keçirirlər. Bir çox tablolar şamanistik mədəniyyətləri, onların translarının məlumatları kimi təsvir edirlər.
Müasir ezoterik təlimə görə bütün şamanizm, istər bu köhnə Hun və ya Monqol Ordalarınınkı olsun, istər bu gün Cənubi Afrikada tətbiq edilən sanqoma olsun, bunlar vaxtilə mövcud olmuş gözəl ilkin görünməni təmsil edir. Şərti tarixdə (insanda, heyvanda, bitkilərdə, cisimlərdə müstəqil başlanğıc- ruhların olması barədəki fantastik təsəvvürlər sistemi) dinlər əvvəlki səhnələrində animizm və totemizm (müəyyən tayfa qrupunun hansısa bir totemlə fövqəltəbii əlaqəyə və qan yaxınlığına olan inam. Totem ilahi deyil, nəslin başlanğıcı kimi qəbul olunur) kimi tanınırdı. Bu bütün qədim sivilizasiyaların dolaşıq kosmologiyalarına doğru inkişaf etdi. Gizli tarixdə bəşəriyyətin ilk qarşılaşdığı görünmə dolaşıq, təhrif edilmiş və gözəl idi, yalnız sonralar animizmə, totemizmə və şamanizmə doğru pozuldu.
Attilanın tayfa xalqı şamanizmi tətbiq edirdi, onlara bu ruh dünyalarına girmək imkanı verirdi. Çox sayda kilsə xadimləri buna qısqanclıq edə bilərdilər, lakin bu atavistik (yaşlı orqanizmlərdə onların keçmiş əcdadlarına xas olan xüsusiyyətlərin və əlamətlərin meydana çıxması belə adlanır) vəziyyətdəki ruh dünyasına girmək idi. Narkotiklərlə ruh dünyasına daxil olmaq, lazım olan hazırlıq olmadan bunu etmək idi və demonik ölçüyə girmək üçün qapını aça bilərdi. 453-cü ildə Attila yüksək silkdən olan ailədən olan gənc qızla evləndikdə öldü. Onun bu vaxtı artıq yüzlərlə arvadı var idi və Roma imperiyasının sonunu müşahidə edirdi.
İnsan şüurunun yeni pilləsinin erkən böyüməsi qönçəni qopartmaq kimi bir şey idi. Səhərisi gün Attilanın ölüm xəbəri yayıldı. O, əvvəllər də burnundan çox miqdarda qan açılmasından əziyyət çəkmişdi.
Çoxları Persiyaya gəlirdi, burada Xosrov şah yunan sivilizasiyasını ihamlandırana bənzəyən böyük akademiyanın əsasını qoymağı arzulayırdı. Neoplatonizmin, Qnostisizmin və Hermetisizmin elementlərini özündə birləşdirən intellektual fermentdə Aristotel metodologiyası maddi dünyanın və ruh dünyalarının birləşdirməsi şəklində tətbiq olunurdu. Beləliklə Ərəb magiyasının qızıl erası başlandı.
Burada heç də təəccüblü belə bir şey yoxdur. Bütün bizim uşaqlığımız sehrli görmə tərəfindən – dühalardan, sehrli lampalardan yaranan işıq idi.
 
(Ardı var)  
 
Telman Orucov



Bu yazı ( 463 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar