12px14px16px18px

Həmişə müasir Rəsul Rza

Vaqif YUSİFLİ
00:08 / 01.03.2011

Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində Rəsul Rza fenomeninin mövcudluğu mütləq həqiqətdir və bu həqiqəti qəbul etməyənlər, Əli Kərim demişkən, günün qızıl gözlərinin içinə düz baxa bilməyənlərdir.
Dahi bəstəkar Qara Qarayev yazırdı ki: “Rəsul Rza elə şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur”. Və bir də Məmməd Arazın Rəsul Rzaya həsr elədiyi şeirindən bu misra: “Zaman bir də çətin doğa o planeti”.
Məncə, R.Rza haqqında bu söhbət-düşüncənin epiqrafı üçün bu dediklərim yetər.
XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza kimdir? sualı ilk baxışda çox sadə, hətta primitiv görünür. Axı bir sıra monoqrafiyalarda, dərsliklərdə, ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş, əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli sferada qalmamışdır. Böyük Nazim Hikmətdən tutmuş dünyanın bir çox görkəmli sənətkarları R.Rza poeziyasına məhəbbətlərini gizlətməmişlər. Burada həmin faktları xatırlatmağa lüzum yox. Ancaq bircə faktdan yan keçə bilmərəm: “Kanadada poeziya ilə az maraqlanırlar və şeir kitabları çox nadir hallarda təkrar nəşr olunur. Lakin Rəsul Rzanın şeirlərində o qədər yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları minlərlə oxucu alıb oxuyur və aydan-aya oxucuların sayı artır” (“Sovetskaya literatura” jurnalının ingilis dilində nəşriyyatının məsul redaktorunun məktubu. Moskva, 21. Vl. 1965. Qreyvernkers Ontario, Kanada). Deməli, Rəsul Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə olduğunu açıqlayan onlarla, yüzlərlə faktı ortaya qoymaq olar. Ancaq bütün bunları bir kənara qoyub XX əsr şairi Rəsul Rzanın yaradıcılığına təkcə XX əsr poeziya hadisəsi deyil, bir qədər daha geniş və qlobal zaman hadisəsi kimi baxaq. Böyük poeziya zamanında yaşamağa Rəsul Rza sənətinin enerjisi çatacaqmı? Tutaq ki, XXll, ya XXlll əsrdə yazılacaq bir ədəbiyyat tarixində Rəsul Rzadan necə danışacaqlar: yoxsa “zaman çətin bir də doğa o planeti” misrası yüz minlərlə unudulan mədhiyyə misralarının birinə çevriləcək? Yox, mən belə düşünmürəm. Çünki böyük Rəsul Rzanı gələcəyə bağlayan tellər o qədər güclüdür ki, bu mümkün deyil.
Sənətkarı yaşadan ilk növbədə, onun hansı bir cəmiyyətdə yaşaması deyil, onu yaşadan əsərləridir. İndi qətiyyətlə demək olar ki, Rəsul Rza öz əsərləri ilə “insanlığın səadət uğrunda savaşına” çox şey verə bildi.
Rəsul Rza XX əsr Azərbaycan şeirində ilk modernist şairdir. Bu gün qətiyyətlə demək olar ki, o, Azərbaycan şeirində təkcə sərbəst şeirin ilk yaradıcılarından biri kimi deyil, həm də bu cür şeirin milli poeziyada ənənəsini yaradan baniyi-kardır, daha doğrusu, o, Azərbaycan şeirində “Rəsul Rza sərbəsti” yaratdı. Və bu yolda Rəsul Rza qətiyyən bəzilərinin düşündüyü kimi ənənələrə arxa çevirməmişdir, lakin öz yaradıcılığı timsalında davamlı bir ənənə yaratmışdır. Bu məqamda mən Rəsul Rzanın ənənə ilə bağlı bir fikrini xatırlatmaq istəyirəm: “Ənənələri hərarətlə müdafiə edən adamlar nədənsə çox zaman onları yalnız keçmişdə axtarırlar. Keçmişin məişət və ədəbi ənənələrinin hamısını bizim müasir həyatımız və sənətimizin silahı eləmək meyllərinin düzgün olmadığını hələ demirəm. Belə bir sual ortaya çıxır: Ənənə yaratmaq məgər yalnız keçmişin əldəyməz hüququdur? Nə üçün bizim keçmişdən qat-qat maraqlı və zəngin olan həyatımız yeni ənənələr yarada bilməz və yaratmamalıdır? Milli kolorit, şeirin üslubu və cümlələri haqqında da haman sözü demək olar. Belə düşünmək ki, “millətlər nə yarada bilərlərsə artıq yaratmışlar, sənətdə milli xüsusiyyət isə çoxdan tapılmışdır, burada axtarmalı bir şey yoxdur” – məncə, bu, tamamilə səhvdir.Bizim həyatımızda, müxtəlif xalqların həyatının bu qədər bir-birilə yaxından bağlı olduğu bir dövrdə, bu xalqların böyük tarixi əməlləri birgə mübarizədə həyata keçirdikləri bir zamanda, onlar elə xüsusiyyətlər kəsb edirlər ki, milli olduqları halda əvvəlkindən daha çox beynəlmiləl ünsürlər daşıyırlar”. Məsələ burasındadır ki, vaxtilə Rəsul Rza yaradıcılığından söz açan bir sıra tənqidçilər ancaq forma məsələsindən yapışır, onun məlum 1-2 şeirini xatırladaraq ənənəyə zidd şair kimi qələmə verirdilər. Əslində, Rəsul Rza heç bir zaman heca şeirini gözdən salmağa (onun özü nə qədər heca şeiri yazıb, bunun əksinə, sərbəst şeiri modern, müasir şeir forması kimi üstün hesab etməyə cəhd etməmişdir. Ancaq Rəsul Rza illər boyu poeziyada şablonun, poetik inkişafa mane olan epiqonçuluğun əleyhinə mübarizə aparmışdır.
Rəsul Rza və Azərbaycan poetik ənənələri ayrıca bir söhbətin mövzusudur. Ancaq Rəsul Rza özü də şeirdə bir ənənə yaratmışdır və mənim fikrimcə, Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı ən böyük xidməti – novatorluğu bu ənənə ilə bağlıdır. Bir çox tədqiqatçılar – Əkbər Ağayev, Şamil Salmanov, Gülrux Əlibəyli, Arif Abdullazadə, Nazif Qəhrəmanov Rəsul Rza yaradıcılığından söz açarkən məxsusi olaraq vurğulamışlar ki, Rəsul Rzanın yaratdığı sərbəst şeir dünya poetik təcrübəsi ilə Azərbaycan müasir şeirinin vəhdətini əks etdirir, hətta burada Azərbaycan şeirinin müasir elementləri aparıcı mövqedədir.
Mənə bir sərgi salonu verin!  
Orda bir insan şəkli asacağam –
adi bir insan.
nə elə kiçik ki, məhəl qoyan olmaya,   
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən, 
dövranın indisindən,                            
əsrin gələcəyindən.
Bir insan şəkli asacam;
bir yanında Nəsimi –
dabanından soyulandan sonra,                        
Bir yanında
məşəl kimi yanmış Azəri qızı –
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü,
Bir yanında Məmmədhəsən kişi-
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy,
Aşağıda sərhədlə kilidlənmiş ölkələr.   
Bir yanda Osvensim –
Minlərlə insan, beli bükülü...
...Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.
“İnsan şəkli” şeirini Rəsul Rzanın humanizim konsepsiyasında ən bariz, ən parlaq bir nümunə hesab etmək olar. Burada bəşər tarixinin, onun təzadlı və tragik inkişafının lirik monumental poetik abidəsi canlanır. Dünya poeziyasında buna bənzər nümunələr tapmaq olar (Nazim Hikmət, E. Mejalaytis, Elvi Sinervo, Ernost Valdinqer, O.Süleymenov, Şəhriyar, Əli Kərim, B.Vahabzadə və s.), amma Rəsul Rza bir detal vasitəsilə bəşər tarixinin – insanlığın keçdiyi yolu simvollaşdırır. Və həm də bu şeir Rəsul Rza sərbəstinin ən parlaq nümunəsidir. Vaxtilə İ.Selvinski Rəsul Rzanın “Rənglər” silsiləsini “rəsmdən fəlsəfəyə doğru hərəkət” adlandırmışdı, bu fikri təkcə “Rənglər”ə yox, “İnsan şəkli” və bu qəbilədən olan onlarla şeirinə aid etmək olar.
Rəsul Rzanın müasiri, unudulmaz İlyas Əfəndiyev yazırdı: “Rəsul Rzanın poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. O, heç bir zaman zahiri gözəlliyə, heç bir zahiri effektə aludə olmayıb. Onun hisslərində bəzən Sabirin incə qəlbi duyulur. O, sözün həqiqi mənasında inqilabçı, novator bir sənətkardır”. Rəsul Rza novatorluğunun mahiyyətini həm də bu “qılınc kimi kəskin həqiqətlər”də, Füzuli incəliyində və Sabir hünərində axtarmaq lazımdır. Əgər Füzuli klassik formada – qəzəldə misilsiz bir ustalıq göstərmişsə, lirik “mən” – aşiq obrazının sevgi dünyasından böyük dünyaya bir pəncərə açmışsa, Sabir elə klassik formalarda oyanan əsrin ruhunu ifadə etmişsə, Rəsul Rza həm formada, həm də məzmunda novatorluq etmişdir. Dahi rus tənqidçisi Belinski Puşkinə həsr etdiyi məqalələrinin birində yazırdı: “Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətidə ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin, ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır”.
Azərbaycan torpağı bütün rəngləri, çalarları ilə Rəsul Rza şeirində görünməkdə idi. O, “Qarabağ – baba yurdum” silsiləsində yazırdı:
Adım qədimdir,
Xalqımın mübarizə tarixi kimi.
Çünki o, erməni tarixçilərinin və millətçilərinin məkrli niyyətlərindən xəbərdar idi. R.Rza bir şeirində Androniki lənətləmişdi, başqa bir şeirini Xankəndində – Stepanakertdə “məhkəmədən” sonra vəhşicəsinə diri-diri yandırılmış üç nəfər azərbaycanlıya həsr etmişdir:
Burda torpaq yanmışdı qapqara,
Tonqal tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
... Keçdi bir neçə gün,
Tonqal yerində çiçək əkdilər.
Ancaq deyən olmadı, burda    
qırmızı qərənfillər
Tonqaldan qabaq gərəkdilər,
yanıq ət qoxusundan qabaq,
qurbanlıq qoxusundan qabaq.
Soruşan olmadı,
Tonqalı kimlər qaladı,
çiçəkləri kimlər əkdi?
   Bu gün Rəsul Rza poeziyasının “qılınc kim kəskin həqiqətləri” ifadə etdiyindən söz açarkən istər-istəməz onu dahi Sabirlə ruhən doğmalaşdıran mənəvi tellər haqqında fikirləşirsən: “Sabiri çox sevirəm. Bəlkə də, “sevirəm” sözü, hər dəfə bu əziz adı çəkdiyim zaman duyduğum həyəcanı ifadə edə bilmir. Sabir bütün ömrü boyu mənim müəllimim və dostum olmuşdur. Onun şeirlərində elə cəsarət, elə mətanət, elə kədər, elə ağrı, elə təsir gücü var ki, bəzən heyrət edirsən” – Rəsul Rza böyük şairə heyrət və məhəbbətini belə ifadə edir və bu heç də təəccüblü deyil ki, Sabirdən sonra bəlkə də ruhən Sabirə ən yaxın şair Rəsul Rza olmuşdur.
Dünyanın XX əsr mənzərəsi Rəsul Rza poeziyasında bütün təzadları, fəci və dramatik məqamları ilə əks olunmuşdur desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hətta şairin ayrı-ayrı misraları var ki, bu misralar bütövlükdə dünyanın nəhəng panoramının ayrı-ayrı cizgilərini gözlərimiz qarşısında canlandırır. “Əllər iş istəyir, ağızlar çörək. Ürəyim şan-şan olur belə işsiz əllərlə gördükcə Hindistanı”, “hanı adı dillərdə gəzən qədim Palmira! Hanı uzaq keçmişin ölümsüz abidələri !” – “Yerdən göyə sükut, kömür, kül qaldı: kündə-kündə filiz, daş, torpaqdan yoğurulmuş eybəcər sima – Xirosima” – “Üfüqdə göy gözlərinin sarı həsrəti. Bir səs: – oğlum, oğlum! – deyə çağırır Məməti” – “Rotterdamda, meydanda tunc bir heykəl var. İnsan heykəli. Yüz belə heykəl əvəz olarmı bir körpənin qana bulanmış telinə!” – “Ağlama, Şərq, ağlama!” Yanğıları göz yaşı söndürməz” – “Bu gecə yenə yatmamışam. Nə başım ağrıyıb, nə xəstəyəm. Məni yatmağa qoymur dünyanın dərdi, torpağın ağrısı” – “dünyanın ortasında ... ən böyük meydana da dar ağacı qurulsun, dara çəkilsin burda Mars – müharibə allahı. Kəsilsin yer üzündən insan fəryadı, insan ahı !”.
XX əsr Azərbaycan şeirində yalnız üç ədəbi məktəbdən söz açmaq olar: Sabir – “Molla Nəsrəddin” ədəbi məktəbi, Səməd Vurğun və Rəsul Rza ədəbi məktəbləri. Rəsul Rza ədəbi məktəbi 60-cı illərdə formalaşmışdır. Qeyd edək ki, 60- cı illərdə Azərbaycan poeziyası zamanın inkişaf meyllərini, aparıcı tendensiyalarını dərk edib özünü yenidən qururdu. Bu yenidənqurma prosesində təbii ki, eksperimentlər də müəyyən rol oynayırdı. Əlbəttə, eksperimentlərin özünü doğrultmayanları tez bir zamanda sıradan çıxır, dəyərliləri isə ədəbi təcrübə üçün nümunəyə çevrilir. Əgər poeziya öz inkişafının müəyyən mərhələsində artıq bəzi şablonlardan, forma yeknəsəqliyindən, trafaret halına keçmiş bədii təsvir vasitələrindən xilas ola bilirsə, yeni təsvir üsullarına üz tutursa və bu xüsusiyyətlər yaşarlılıq kəsb edirsə, bunun özü novatorluq deyilmi? Təbii ki, bu yolda müxtəlif maneələr də mövcuddur. Keçmiş ənənədən dördəlli yapışanlar güclü müqavimət göstərir, yeniliklə heç cür barışmaq istəmirlər. 60-cı illər poeziyası sözün yeni ifadə çalarını, obrazlı deyim tərzinin rəngarəng üsullarını aşkarladı. Məlum oldu ki, məsələn, sevginin toranı ola bilərmiş, ölüm sözünün polyar qışı o qədər də əcaib ifadə deyilmiş, necə ki, insan anının bir dost bağında ağaca dönməsi kimi. Məlum oldu ki, gümüşü rəng ilə köpüklü lalələr və dəbdən düşmüş kişi bığı arasında bənzəyiş varmış. Yaxud kabab qoxusu, gecənin tabutuna salınmış örtük, qəssab baltası altına düşmüş kötük, yaralı ov izində qarla sumağı rəng arasında da belə assosiativ bağlar tapmaq olar. Yağış gölməçəsinə “sərçələrin soyuq hamamı” demək heç də qəbahət sayılmamalıdır. Hətta “milyon kilometrlərlə ömür sürmüşəm” ifadəsi də diqqət yetirəndə anlaşılmaz və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən xilas olub əşyalar və hadisələr arasında ilk baxışda nəzərə çırpmayan bu bənzəyişləri görmək və duymaq lazımdır.
Poetik təfəkkür əşyanın və hadisələrin yalnız məlum qatları ilə kifayətlənməyib, burada müxtəlif anımları, bənzəyişləri qavramırsa, bütün bunlar get-gedə şüurda özünə yer tapa bilirsə, onun heç bir qorxusu yoxdur. Albert Eynşteyn bədii təxəyyülün yeganə meyarı kimi abstraksiyanı əsas götürürdü.
60-cı illərin şeirində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. Fərdi üslub get-gedə püxtələşir, poeziyada rəngarənglik yaranırdı. Zamanın yeni inkişaf meyllərini, onun aparıcı tendensiyalarını da 60-c illərdə yazıb-yaradan şairlər eyni üsulla qəbul edə bilməzdilər, zaman hər bir şairin dünyasında eyni cür əks-səda verə bilməz. Məsələn, Rəsul Rza kimi böyük sənətkar 60-cı illərdə bir şair kimi sanki yenidən doğuldu. 50-ci illərdə insana, onun şəxsiyyətinə, mənəvi dünyasına böyük maraq göstərən şair, “altmışıncı illərdə öz poetik ideyasının ifadəsi üçün daha dəqiq və yeni vasitələr tapmaq ehtiyacı duyur” (G. Əlibəyova). Və Rəsul Rza 60-cı illərdən başlayaraq poeziyanın yeni bir tendensiyasını yaradır, cavan şairlərin bir çoxu – Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Abbas Abdulla, Camal Yusifzadə, daha sonralar Vahid Əziz, Ramiz Rövşən, Vaqif Bayatlı bu tendensiya ətrafında birləşirlər.
Böyük Nazim Hikmət Rəsul Rza yaradıcılığına həsr etdiyi üç məqaləsindən birində yazır: “Şair (Rəsul Rza – V.Y.) sadə və gündəlik məsələləri elə təsvir edə bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü işığına qərq olur. Axtaran şair xoşbəxtdir. O, həyatın və bizim özümüzün səadətini kəşf edir”.
Doğrudan da bu poeziyaya baş vurduqda səndə elə bir inam yaranır ki, XX əsr tarix kitablarından öncə Rəsul Rzanı (eləcə də bizim digər böyük şairləri) oxumaq lazımdır. Təkcə XX əsr yox, bəşəriyyətin keçmişi, bu keçmişin bütün ictimai-siyasi mənzərələri, insanlığın keçdiyi yol Rəsul Rza poeziyasında öz əksini tapmışdır. Vaqif YUSİFLİ



Bu yazı ( 479 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar