12px14px16px18px

“ÖLÜLƏR”DƏN “ÖLÜLƏR”Ə

Vaqif YUSİFLİ
01:21 / 12.02.2011
 Ədəbiyyat tariximizdə ən böyük şəxsiyyətlərdən biri Cəlil Məmmədquluzadədir və bu fikrin təsdiqinə heç bir ehtiyac yoxdur. Çox vaxt bu böyük sənətkarı yeni ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundzadənin davamçısı sayırlar. Ancaq C.Məmmədquluzadə təkcə davamçı deyildi, həm də Azərbaycan nəsrində, dramaturgiyasında, publisistikasında, ədəbi və ictimai fikrində böyük islahatlar aparan bir yaradıcı idi. “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “Danabaş kəndinin əhvalatları”, “Dəli yığıncağı”, “Kamança”, “Anamın kitabı” ...bu əsərlərin hər biri ədəbiyyat və mənəviyyat tariximizin ayrı-ayrı səhifələridir. Lakin onun şah əsəri “Ölülər”dir və “Ölülər”siz nəinki C.Məmmədquluzadə yaradıcılığını, ümumən Azərbaycan ədəbiyyatını təsəvvürə gətirmək mümkün deyil. Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı ki: “Ölülər”-Mirzə Cəlilin təkcə bir əsərinin adı deyil, Mirzə Cəlil yaradıcılığında bütöv bir surətlər silsiləsinə verilə biləcək ümumi bir addır. “Ölülər”-böyük realizm və bədii ümumiləşmə qüvvəsinə malikdir. Hətta o qədər ki, yazıçı bir kəndin ölüləri haqqında yazdığı bu əsərə bir cəmiyyətin, bir dövrün və mühitin ölülərini toplaya bilmişdir. “Ölülər”-cəmiyyətdə, ictimai həyatda ölülük əleyhinə yazılmışdır” “Ölülər” zamanına görə klassik əsərdir, amma ideya-bədii təsiri o qədər böyükdür ki, onu ən müasir əsər saymaq olar. Doğrudur, Mirzə Cəlilin təsvir etdiyi o mühit, o cəmiyyət tarixdən silinib. Amma cəmiyyətin hər bir dönəmində, ictimai həyatımızın hər bir mərhələsində yeni Şeyx Nəsrullahlar peyda olur, yeni İsgəndərlər meydana çıxır, ən dəhşətlisi odur ki, yeni ölülər mühiti yaranır. Və hər dəfə də Mirzə Cəlilin gülüş bayrağını əlinə götürüb yatmış milləti oyandırmaq istəyən bir xələfi çıxır ortaya. Müasir ədəbiyyatımızda artıq öz dəst-xəttini, yazıçı mövqeyini çoxdan təsdiq edən, nəsrimizdə və publisistikamızda bir sıra ən cəsarətli fikirlərin müəllifi olan Aqil Abbası tanıtmağa, zənnimcə, heç bir ehtiyac yox... AQİL ABBAS, vəssalam, bircə bu ad kifayətdir ki, gəncliyindəki çılğınlığı hələ də başından getməyən, səbri tükənəndə hisslərini cilovlaya bilməyən, adamın nöqsanını kişi kimi üzünə deyən, yeri gələndə öz nöqsanını da etiraf edən, o balaca boyu ilə hamının içində dərhal gözə dəyən bir dostu xatırlayasan. Amma bu AQİL ABBAS indiki qəzet nəşrləri içərisində ən ucuz qiymətə hər gün minlərlə oxucularının ürəyinə yol tapan “Ədalət” kimi nüfuzlu bir qəzetin təsisçisidir (uzun illər baş redaktoru olub), Qarabağı sözdə, kağızda deyil, candan, ürəkdən sevən vətənpərvər bir oğuldur, nəsr əsərləri ilə müasir ədəbiyyatımızda seçilən bir yazıçıdır və...Millət vəkilidir. Mən bilmirəm Aqil Abbas üçün dünyanın və Azərbaycanın hansı böyük yazıçısı örnəkdir. Bəlkə Üzeyir bəy, bəlkə Sabir, bəlkə Səməd Vurğun, bəlkə Məmməd Araz, bəlkə Çexov, bəlkə Qoqol..amma tam əminəm ki, Mirzə Cəlil Aqil Abbasın ən sevimli yazıçısıdır, çünki A.Abbasın publisistikasında qayət Mirzə Cəlil nəfəsi duyulur. Və təsadüfi deyil ki, o, Mirzə Cəlilin “Ölülər” pyesi əsasında yeni bir “Ölülər” qələmə alıb. Aqil yeni dövrün, daha doğrusu, XX əsrin son, XXI əsrin ilk illərinin ictimai, siyasi, mənəvi mənzərələrini qələmə almışdır. Əsrin əvvəlləri ilə sonu arasında böyük tərəqqinin, sivilizasiyanın, texniki nailiyyətlərin, mədəni inkişafın olduğu məlumdur.Lakin şüurlarda, beyində, həyat tərzində hələ də mütilik-ölülük psixologiyası yaşayır.Və bu psixologiya insanları tərk etməyincə, onların başına min oyunlar açılacağı, yenə də kütləvi şəkildə hansı “sehirli” qüvvəyəsə iman gətirəcəkləri gün kimi aydındır. Şeyx Nəsrullahın “marşrutu” Xorasandan başlamışdı və bir müsəlman kəndini seçmişdi ki, avam camaatın başını piyləsin, onları cənnət və cəhənnəm haqqında cəfəng xülyalarına inandırsın, hər gecə də azyaşlı bir qız uşağının bəkarətini pozsun. Cənab Tasye isə Fransadan gəlib. Çadır şəhərciyinə yol alıb ki, ATƏT adından sadəlövh qaçqınları inandırsın ki, Avropanın güclü dövlətləri Azərbaycanın Qarabağ dərdinə şərikdir. Hacı Baxşəli, Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc, Kərbəlayı Vəli, Mir Bağır ağa, Həsənqulu, Əlibəy, Heydər ağa, Mirzə Hüseyn, Fatmanisə, Cəlal, Nazlı..bu personajlar eynən Mirzə Cəlildə də var (yalnız Hacı Həsən ağanın adı dəyişib, Həsənqulu olub, Kərbəlayı Fatma xanım da Fatmanisə). İndi, XXI əsrdə Azərbaycanda hacıların, məşədilərin sayı ədədi yox, az qala həndəsi silsilə ilə artdığı bir zamanda hacı baxşəlilərin, hacı kazımların, məşədi orucların eynən öz adlarıyla peyda olması çox təbiidir. Əlbəttə, adlar dəyişilməyib, bu, zahiri xarakter da daşıya bilər. Bəs nə dəyişilib və dəyişməyən nədir? Dəyişilən, öncə qeyd etdiyim kimi zəmanədir. İndi ikinci bir Şeyx Nəsrullah tapılmaz ki, Azərbaycanın ən geridə qalmış, ən ucqar bir kəndinə təşrif buyura və deyə ki, mən ölü dirildirəm.Bu “möcüzəyə” kimsə inanmaz. Çünki bizdə Allaha, yoxdan bu cahanı var edən pərvərdigara inam böyükdür, fəqət dini fanatizmə inam sıfıra yuvarlanmaqdadır. Amma məmləkətimizin başı üstünü alan təhlükə, torpaqlarımızın iyirmi faizinin işğal olunması, “külli Qarabağın abu həyatı”na həsrət qaldığımız bir zamanda, bir milyondan artıq qaçqının öz doğma yurdlarına qayıtmaq həsrətinin bitmədiyi bir vaxtda bu bəlalardan xilas olmaq inamımız tükənmir. Keçək əsərə. “Həsənqulunun evi. İsgəndərin otağı. Küncdə dəmir çarpayı, qabağında bir miz, üstündə 2-3 kitab, 2 stul. Müəllim Cəlala dərs deyir”. Yenə də Mirzə Cəlilin təsvir etdiyi məkan. Əşyalar eynidir. Bu dəfə də “müəllim Cəlala dərs deyir”. Amma bu müəllim fars dili yox, ingilis dili müəllimidir. Bu Cəlal “may neym” deməlidir, “may nəyim” deyir. A.Abbas yaxşı bilir ki, indi cavanlar fars və rus dillərinə yox, ingilis dilinə maraq göstərirlər.Çünki ölkədə çoxlu ingilis, Amerika şirkətləri var. Bakıda da bəzi-bəzi reklamlar ingiliscə yazılır. Bax, dəyişən şeylərdən biri budur. İsgəndər gəlir. Mirzə Cəlil o zaman İsgəndərin dililə deyirdi ki, indi elmli insan bir qəpiyə dəyməz. Hər kəsin ki, elmi var, onun hörməti yoxdu, hər kəsin ki, hörməti var, onun da elmi yoxdu. A.Abbasın İsgəndəri isə deyir ki, nə elmin bir qəpiklik hörməti var, nə də alimin bir qəpiklik qiyməti. Professor əlində üç-dörd kilo soğan, kartof, yarım kilo ət dayanacaqda avtobus gözləyir, əynində də geyilməkdən dakrona dönmüş kostyum. Amma qulağısırğalı gədələr mersedeslərdə ötür. Mirzə Cəlil “Ölülər”də ölülüyü hədəf seçmişdi. İnsanların kütləvi inamına üsyan edən ədib eybəcərliyin doğurduğu kədəri, müsibəti açıb göstərirdi. Deyək ki, A.Abbas da öz böyük sələfinin işini görür. Həsənqulu oğlu İsgəndəri nədə ittiham edir? “İt oğlu yenə ekflidi. Nə ATƏT-i tanıyır, nə də BMT-ni. Allah mənə lənət eləsin, bir də uşağı kafirlərin yanında dərs oxumağa göndərsəm. Axı deyən gərək San-Marinonu qoyüb bunu niyə Leninqrada göndərdin axı? Camaatın uşağı gedib oxuyub biznesmen olur, rəis olur, prokuror olur. Bunu heç qaçqınkomda Allahın yardım paylayan işinə də göndərmədilər”. Gəlin, gizlətməyək ki, müasir çağımızda da İsgəndərlər az deyil. Əsl, vətənpərvər İsgəndərlər çox zaman işsiz istedadları müqabilində iş tapa bilmir, pullu nadanların, vəzifəli kəmsavadların yanında təhqir olunurlar. Gəlin, etiraf edək ki, İsgəndərlərin bir çoxu ölkəni tərk edir, xarici ölkələrə səadət arxasınca yüyürürlər. Aqil Abbasın “Ölülər”ində partlayış doğuran xəbər-guya işğal olunmuş İtqapanlı rayonunun qaytarılmasıdır. Azərbaycanlı mafiyaçı Bratın məktubu gəlir və bu məktubda deyilir ki, Təsye cənabları neçə il idi ki, bunun üçün çalışırdı. İndi o, Yerevandan çıxıb sizin çadır şəhərciyinizə gəlir, bəzi məsələləri sizinlə məsləhətləşəcək.Təsyenin fəzilətinin kəramət və mərhəmətindən itqapanlılar kimi digər qarabağlılar da öz ev-eşiklərinə dönə biləcəklər. Beləliklə, çadır şəhərciyinin sakinləri böyük həsrətlə Təsyenin yolunu gözləyirlər.Hətta Fatmanisə əllərini göyə qaldırıb deyir: “Ey yeri-göyü yox yerdən var eləyən Allah, məni neçə ildi ağlar qoyümusan, çiynimə dağ basmısan! Ay rəhim ATƏT-Allah bizə kömək olmadı, mən şəhərimizi səndən istəyirəm”. Məncə, Aqil Abbas həqiqəti ifadə edib. 90-cı illərdən üzü bəri bir sıra beynəlxalq təşkilatların-o cümlədən, ATƏT-in neçə-neçə qərarı olub, qətnaməsi elan edilib, amma heç biri öz real əksini tapmayıb. Bu məlum. Amma on beş il əvvəl də, on il əvvəl də, elə indi də belə bir xəbər yayılsa, doğma ocaqlarından didərgin düşən əksər qarabağlı bu xəbərə inanacaq. Halbuki, bütün bunlar beynəlxalq oyunlardı. Ona görə də əsərdə bu oyunlara, bu şayiələrə, bu yalanlara inananlar ölülük mənziləsindədirlər.Bəs hansı yolu seçmək lazımdır? İsgəndər deyir: Gəlin, bu Kefli İsgəndərə qulaq asın. Bir yaxşı-yaxşı düşünün və nəsihətimi qəbul edin. İnanın mənə. Allah Mirzə Cəlilə min rəhmət eləsin. Bu Təsyelər, Petkalar var ey, bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə öldürməyiblər, sizi çöllərə ona görə salmayıblar ki, sonra dirildələr, qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar Qarabağı ona görə öldürüb sizi çöllərə salıblar ki, özləri kef eləsinlər. Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər”. Mirzə Cəlilin “Ölülər”ində olduğu kimi, cənab Təsye də yalanının üstünün açılacağını görüb qaçır. Və İsgəndərin sarsıdıcı monoloqu bu dəfə daha gur səslənir: “Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?! ATƏT-in boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız? Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin üstünə getsəniz, erməni İrəvanacan qaçar!”. Şeyx Nəsrullahla cənab Təsye arasında bir-birinə oxşar cəhətlər az deyil. Şeyx Nəsrullah görəndə ki, hamı onu allah yerinə qoyur, şübhə eləmir ki, bəd əməllərini burada həyata keçirəcək.Çünki onun qorxulu hesab elədiyi İsgəndəri heç kim saymır. Cənab Təsye də çadır şəhərciyi sakinlərinin ona inamından məharətlə faydalanır və çox yaxşı bilir ki, İsgəndərin bu mühitdə heç bir hörməti yoxdur. Şeyx Nəsrullah hər gecə azyaşlı bir qızla eyş-işrətə aludə olursa, Təsye belini ovdurmaq üçün bir bığıburma çağırtdırır. Faciə orasındadır ki, adamlar Fransadan gələn bu siyasi lotunun əleyhinə mübarizə aparmaq əvəzinə, İsgəndəri tənə hədəfinə çevirirlər. Amma qalib gələn Təsye yox, İsgəndər olur.Finalda. o, bu günün “canlı ölüləri”nə ağır ittihamlar oxuyur (Mən dağları, daşları, quşları, fələkləri, ulduzları şahid çəkib soruşuram, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ölülər!”. Və bizdən sonra gələn nəsillər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: “Ölülər!” A.Abbas cəmiyyətin müəyyən qrupüna, daha çox hələ də yalançı bir inamla yaşayıb Qarabağı hansı xarici qüvvələrinsə alacağına ümid edən mühitə qarşı etiraz səsini ucaldır. Çünki dünya dəyişib, yalanlar, siyasət havasında bişirilən halvalar tez üzə çıxır, bunlara inanan insanlar isə şüuru kütləşmiş diri ölülərdir. Eyforiyaya qapılmaq olmaz! Əlbəttə, Mirzə Cəlilin “Ölülər”inin böyük təsir gücünü bu əsərdə, bəlkə hər səhifədə hiss edirik.Aqilin “Ölülər”i səviyyəcə özü də etiraf edər ki, sələfinin əsəri kimi şedevr deyil. Amma müasir ölülüyün mahiyyətini açmaq mənasında Aqil Abbasın pyesi bu günün, çağdaş Azərbaycan gerçəkliyinin bədii real-bədii inikasıdır. Bu, səhv etmirəmsə, Aqil Abbasın ilk pyesidir. Adətən, ilk pyeslər həmişə dram sənətinə xas olan qüsurlardan xali olmur və Aqilin pyesinə də bəzi iradlar söyləmək olar. Deyək ki, Mirzə Cəlilin “Ölülər”ində ölülük mühiti cəmiyyətin bütün sosial təbəqələrini əhatə edirdi, təkcə dini fanatizm deyil, ictimai-sosial naqisliklər də ifşa hədəfinə çevrilirdi. Aqildə isə tənqid oxları çadır şəhərciyinin hüdudlarından çox az kənara çıxır. Aqildə siyasi ölülüyün mahiyyəti bir qədər də sərt boyalarla açıqlana bilərdi, axı, bu ölülük və Avropanın “xilasedici missiyası”na inam təkcə Avropadan gəlmir, daxilimizdə bunun güclü kökləri, rişələri var. Amma buna baxmayaraq Aqil Abbasın “Ölülər”i gerçək həyati əks etdirir, burada yalan yoxdur. Teatr, səhnə yalanı sevmir və Aqil Abbasın “Ölülər”inin müasir teatrımızın səhnəsinə yol tapacağına da inanıram...                                                                      
Vaqif YUSİFLİ


Bu yazı ( 516 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar