12px14px16px18px

TÜRKİYƏMİZDƏ 10 GÜN

Ədalət TAHİRZADƏ

BİSMİLLAH

19:31 / 26.11.2010



(Başlanğıcı ötən sayımızda)

“GÜNDOĞAN  YAYINLARI”NDA

Topqapı sarayından çıxarkən Fəthi bəy dedi ki, Bakıdakı dostum Nizami Zöhrabi’yə İsgəndər Pala’nın “Şah ilə Sultan” kitabını səninlə göndərmək istəyirəm. Ancaq kitab buradan bir az aralıdakı kitab mağazasındadır. Söhbət edə-edə oraya üz tutduq. Yolda Fəthi bəy mənə qədim Yerəbatan sərnic’i (“sərnic” burada suyu sərin saxlayan yeraltı anbara deyilir), Xalidə Ədib Adıvar’ın büstünü və bəzi əski Bizans qalıqlarını da göstərdi. Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisinin redaksiyası da yolumuzun üstündəydi. Bir azdan Ticarətxana küçəsinə çatdıq, buradakı bir binaya girib pilləkənlərlə bir neçə qat yuxarı qalxdıq. Bəlli oldu ki, bura həm “Gündoğan” nəşriyyatı, həm də nəşriyyatın topdansatış mərkəzidir, Fəthi bəyin dediyi kitab da buradadır. İçəri girəndə xeyli sevindim – Fəthi bəyin qardaşı Yusif Gədikli’ni də burada gördüm. Onun çoxlu kitablarını, yazılarını oxusam da, qiyabi yaxşı tanısam da indiyədək şəxsən tanış deyildim və bunu çoxdan arzulayırdım. O da mənə qiyabi bələdmiş. Bu üzdən sanki 40 ilin dostları kimi səmimi görüşdük.
Fəthi bəy məni “Gündoğan yayınları”nın başqanı Ərən Gündoğan’la və qəzetəçi Xudavəndigar Onur’la da tanış etdi. Ərən bəy nəşriyyatdakı işiylə yanaşı, TRT televiziyasıyla da əməkdaşlıq edir. Çox söhbətcil və şən adamdır. Xudavəndigar bəysə öncə qarabaq adama oxşasa da sonra çox savadlı və məntiqli bir jurnalist olduğunu gördüm.
Fəthi bəy “Şah ilə Sultan” kitabından 2 nüsxə aldı – birini Nizami bəyə, birini də mənə (100 min tirajla buraxılmış bu kitab Şah İsmayıl Səfəvi (Xətai) ilə Sultan Səlim arasındakı müharibədən danışan tarixi romandır). O, söhbət üçün aramızda körpü saldı. Ənvər paşa və Nuru paşa haqqında kitablara həyat vermiş Yusif bəylə bu iki çox görkəmli şəxsiyyət haqqında ciddi müzakirəmiz oldu. Mən onların kommunistlərlə ilişgiləri haqqında arxiv sənədlərindən danışdım, Yusif bəy də Ənvər paşanın bolşeviklərdən üz döndərib Türküstana getməsi haqqında gerçəkləri açıqladı. Bəlli oldu ki, bir-birimizə önəmli yeni informasiya vermişik. Belə bir ortaq niyyət (yalnız niyyət!) bildirdik ki, bu şəxsiyyətlər haqqında Türkiyə və Azərbaycan araşdırıcılarının ortaq müzakirəsini təşkil etməyə çalışaq.
Yusif bəy indi tarixi incələmələrlə deyil, türk dilinin etimoloji sözlüyünü hazırlamaqla məşğuldur və Azərbaycanda bu sahədə çıxmış ədəbiyyatla tanış olmaq istəyir.
Artıq havanın qaralmaqda olduğunu görüb mən evə dönmək istədiyimi bildirdim. Ərən bəylə görüşüb çıxdıq. Fəthi bəy tələsdiyi üçün hamıdan qabaq getdi. Yusif bəylə Xudavəndigar bəy mənə yoldaş oldular. Onlarla birgə tramvay dayanacağına gələrək dünya standartlarına uyğun müasir tramvaya əyləşdik. Onlar tramvayın son dayanacağında mənimlə düşərək bir qədər aralıdakı metrobus dayanacağını göstərdilər və metrobusla Məcidiyyəköyə gedə biləcəyimi dedilər. Onlarla sağollaşıb ayrıldım. Metrobusla Məcidiyyəköyə çatdım. Burada enəndə tramvay və metrobusun taksidən daha sürətli, daha rahat və sərfəli olduğuna inanaraq gündüz Orxana qulaq asmadığıma görə özümü danladım.

KAMİL KOÇUN AVTOBUSUNDA İSTANBULDAN BURSAYA

Noyabrın 2-si günü Bursaya getmək üçün evdən çıxdıq. Dünən Orxan bizə 1926-da özülü qoyulmuş Kamil Koç nəqliyyat şirkətinin İnönü caddəsindəki ofisindən Bursaya avtobus bileti almışdı. Deyilmişdi ki, sabah saat 8.40-da ofisdə olun. Həmin saatda Zəkəriyyə müəllim, Orxan və mən oradaydıq. Pulsuz servis avtobusu gəldi. Orxanla görüşüb maşına qalxdıq. Terminaladək yarım saatdan artıq yol getdik. Orada Bursaya gedən avtobusa əyləşib yolumuza davam etdik. İstanbuldan Bursaya 3 saat yarımlıq yoldur. Bunun təxminən üçdə biri quru, üçdə biri dəniz, üçdə biri yenə quru yoludur. Quru yolunun ilk hissəsi İstanbulun ucqar rayonlarından keçir. Əskihisar iskələsinə çatdıqda bütün nəqliyyat bərəyə mindirilir. Bərə 50 dəqiqədən artıq üzərək Mərmərə dənizini keçir və Yalovada (bu da İstanbulun bir rayonudur) dayanır. Yalovadan Bursayacan çox gözəl şəhərlər, kəndlər var. Hara baxsan dağlıq yerlər, ürək açan mənzərələrdir. Mənim ən çox xoşuma gələn şey ucsuz-bucaqsız süni meşəliklər oldu. On minlərcə hektar yeni meşəliklər dağların başınadər dırmaşır.

“MARİGOLD” HOTELİ

3 saat yarımdan sonra Bursaya çatdıq. Kamil Koçun lüks avtobusu bizi, üzərində “Yaşıl Bursaya xoş gəlmisiniz!” yazılmış Bursa avtobus terminalında düşürdü. Bələdiyyənin göndərdiyi maşınla 5-ulduzlu “Marigold” hotelinə getdik. Hərəmizə bir otaq ayrıldı. Yol yorğunu olduğumuza görə bu gün heç yerə çıxmayıb dincəldik.

SULTANLAR ŞƏHƏRİ, ŞƏHƏRLƏR SULTANI BURSA

Miladdan öncəki bir tarix səhnəsidir Bursa. 600 illik möhtəşəm Osmanlı imperatorluğunun qurulması, inkişafı və yerləşməsinin məkanıdır Bursa. Osmanlının ilk paytaxtı, Osman Qazi, Orxan Qazi, Muradi-Xudavəndigar, İldırım Bayəzid, Sultan Məhəmməd Fateh və II Murad xan kimi 6 böyük Osmanlı sultanının beşiyidir Bursa. 70 min vəlinin, Allah dostunun dəfn olunduğu torpaqdır Bursa. Üftadə həzrətləri, Baba Sultan həzrətləri, Somunçu Baba, Qazi Timurtaş paşa, Peyğəmbər övladı sayılan Əmir Sultan, Əşrəfoğlu Rumi, Qütbəddin İzniki, Oxçu Baba, Molla Xəyali, Molla Fənari, Süleyman Çələbi, Abdal Murad, Tezverən Sultan, Aşıq Yunus, Əbdüllətif Qüdsi... kimi neçə-neçə ərənin, Haqq aşiqinin, fəzilət və kəramət sahibinin türbələrinin bulunduğu müqəddəs ziyarətgahdır Bursa. Ən müxtəlif elm sahələrinə aid 161 (!) əsərin müəllifi İsmayıl Haqqı Bursəvi kimi dahilər dahisini yetişdirən anadır Bursa. İlk Osmanlı pulunun basıldığı, Türkiyənin 20 qübbəli yeganə camesinin (Ulu camenin) bulunduğu, Türkiyənin İstanbuldan sonra ən çox camesi olan, “altı övliya, üstü tarix dolu şəhər” adlandırılan bir cənnət guşəsidir Bursa. Dünyada yeganə leylək xəstəxanası yaratmış şəfaxanadır Bursa...
1326-da Osmanlılar Bursanı fəth edərkən iki böyük ərən: Keyikli Baba (Baba Sultan/ Ülvi Baba) və Duğlu baba möcüzələr göstərib. Kafirə qarşı cihad etmiş, Bursaya girən Osmanlı qoşununun önündə əlindəki 60 hoqqalıq qılıncı oynadaraq böyük bir keyik (maral) üzərində hücuma keçən, “Qütbül-arifin” ləqəbli, Azərbaycanın Xoy şəhərindən gələrək İnegöldə yerləşmiş Seyx Keyikli Baba və ömründə ağzına ayrandan başqa bir şey almamış Duğlu Baba dörd arşın boyundakı taxta qılıncı ilə igidlik kəramətləri, möcüzələri göstərərək türk əsgərlərini ruhlandırmış, onların böyük bir zəfərə imza atmasına səbəb olmuşlar. (Seyx Keyikli Baba haqqında İlhan Yardımcı’nın “Baba Sultan (Geyikli Baba – Ulvi Baba) ve Bursanın manevi mimarları” kitabını oxumaq olar).
Uludağın ətəyində yerləşən bugünkü Bursa İstanbul, Ankara və İzmirdən sonra Türkiyənin 4-cü böyük şəhəridir. Burada 2 milyon 600 mindən artıq insan yaşayır. Türkiyənin ən önəmli sənaye mərkəzi olan bu şəhər, ərazisi 10.891 km2 olan Bursa ilinin (“il” vaxtilə bizdə işlədilmiş “qəza” anlamına gəlir) mərkəzidir. Bu il 12 ilçədən (“ilçə” bizim “rayon”a uyğun gəlir) ibarətdir.
Bir bölümü Şəkiyə, bir bölümü də Bakıya bənzəyən Bursanı biz olduqca yaraşıqlı, abad və inkişaf etmiş gördük. Hər addımda hiss olunur ki, Bursa Böyükşəhər Bələdiyyəsi bu torpağa hədsiz qayğı ilə yanaşır, şəhərin daha da yüksəlişi, gözəlləşməsi üçün əlindən gələni edir. Məsələn, Bələdiyyənin başçılığı altında 1998-də Bursa metrosunun təməli atılıb və 2002-də açılıb, indi də onun xətlərinin genişləndirilməsi üzərində sürətli iş gedir. Uludağla Bursa arasındakı rabitəni 1963-də qurulmuş və toplam 4.766 metr uzunluğundakı teleferik (hava funikulyoru) təmin edir. 1999-dan 2007-yədək şəhərdə 321 kilometr kanalizasiya və yağmur suyu xətti, 97 kilometr içməli su xətti çəkilib (sağ əli bizim başımıza!).
Bölgənin ən inkişaf etmiş sənaye şəhəri olan Bursada avtomobil, toxuculuq, yeyinti, mebel başda olmaqla bir çox sənaye sahələri daha çox irəliləyib. Xatırladım ki, Azərbaycanda da məşhur olan Tofaş avtomobilləri Bursada istehsal olunur.
Bursa böyük mədəniyyət mərkəzidir. Burada Uludağ Universiteti (1975), bir çox mədəniyyət ocaqları yerləşir.
Bursa dünyanın və Türkiyənin 25 şəhəri ilə qardaşlaşıb. Şəki 26-cı ola bilər.

MİNNƏTDARLIQ

Bursa Böyükşəhər Bələdiyyəsi bizim bu şəhərdə səmərəli işləməyimizə hər cür şərait yaratmışdı – gediş-gəlişimiz üçün özəl araba ayırmış, bizi gəzdirmək üçün bələdçi (onlar “rəhbər” deyir) təyin etmiş, yaşam və dincəliş üçün ən münasib ortam təmin etmişdi. Gündəlik iş proqramı bizim iştirakımızla elə hazırlanırdı ki, həm Bursanın tarixi yerləri ilə tanış olaq, həm də ipəkçiliklə bağlı mərkəzlərdə söhbət apara bilək.
Bursada 3 gecə qaldıq. Bu 3 gündə bizə ən əziz adamları kimi hədsiz qayğı bəslədilər, gündəlik yanımızda oldular, hər istəyimizi gerçəkləşdirdilər. Bu qayğını biz özümüzə deyil, Azərbaycana, Azərbaycan xalqına, Türkiyə – Azərbaycan qardaşlığına hörmət və sevginin əlaməti kimi dəyərləndiririk. Burada mən həm professor Zəkəriyyə Əlizadə’nin adından, həm də öz adımdan ümumən Bursa Böyükşəhər Bələdiyyəsinə, özəlliklə Bələdiyyə Başqanı Rəcəb Altəpə, Başqanvəkili Rəfiq Yılmaz, şöbə müdiri Turqay Mərcan bəylərə, xarici əlaqələr üzrə görəvli Zeynəb Təməl xanım’a, eləcə də bələdçimiz Faruq Kurt’a ən dərin minnətdarlığımızı bildirir, ürəkdən təşəkkür edirəm!
(Ardı gələn sayımızda)
Ədalət TAHİRZADƏ

Tel.: +99450 612 68 13 (cib) E-mail: [email protected]




Bu yazı ( 542 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar