12px14px16px18px

TÜRKİYƏMİZDƏ 10 GÜN

Ədalət TAHİRZADƏ

BİSMİLLAH

14:30 / 25.11.2010



(Başlanğıcı ötən sayımızda)
TOPQAPI SARAYI
Sultan Əhməddən çıxdıqdan sonra Fəthi bəy’ə Ayasofyanı görmək istədiyimi bildirdim, çünki 1992-də oranı görə bilməmişdim. Ayaqla gəzə-gəzə getdik (Sultan Əhmədlə Ayasofyanın arası 250-300 metr olar). Qapıdakı polis bu gün bağlı olduğunu dedi. Pərt oldum. Fəthi bəy dedi ki, kefini pozma, gəl gedib Ayasofyanın obiri üzündəki Topqapı sarayına baxaq. Razılaşdım.
Ayasofyanın gündoğan tinindən sola dönən kimi Topqapı sarayının ilk həyətinə giriş darvazası görünür. Buradan qapıyadək olan təxminən 200 metrlik sahə əsasən turistlər üçün hədiyyəlik mallar satılan cərgə dükanlarla doludur. Malların çoxunu bayıra çıxarıblar. Sultan paltarı geydirilmiş bir manekendən xoşum gəldi və onun şəklini çəkdim. Bu zaman satıcı dedi ki, içəri gəlin, sizin özünüzə sultan paltarı geydirim. Fəthi bəylə birgə girdik. Satıcı sultanın xələtini əynimə geydirdi, başıma da sultan əmmaməsi qoydu. Fəthi bəyə zarafatla dedim ki, indi oldum Sultan I Ədalət. Satıcının özü mənim sultanlığımı fotoaparatla tarixə saldı. Satıcının lütfkarlığını maddi baxımdan dəyərləndirib dükandan çıxdıq.
Sarayın ilk darvazasından biletsiz girilir. İçəri daxil olan kimi qarşında geniş, yamyaşıl həyət açılır. Burada polisdən başqa, mehmetcik də keşik çəkir. Bu mehmetcik pəhləvan cüssəli, uzunboy, çox yaraşıqlı bir oğlandı. Ona yanaşaraq birgə şəkil çəkdirmək istədiyimi bildirdim. Etiraz etmədi. Fəthi bəy bizi qoşa çəkdi. Türkiyə əsgəriylə, mehmetciklə qol-qola dayandığım o xoş anı heç vaxt unutmayacağam. O anda həmin Türkiyə əsgəri mənə 1918-də Azərbaycanı düşmənlərdən xilas etmək üçün gəlmiş Nuru paşa’nın özü və mehmetcikləri qədər əzizdi, doğmaydı. O anda mən sanki bir mehmetciklə deyil, şanlı Türk Ordusuyla qol-qola vermişdim!..
Sarayın qarşısında, həyətində və içində turist əlindən tərpənmək olmur. Özəlliklə Yaponiyadan gələnlər lap çoxdur. İkinci darvazaya yaxınlaşanda Fəthi bəy ev yiyəsi kimi bilet aldı. Bilet burada da, Ayasofyada da 20 lirədir (bizim 10 manat).
Saray içində gördüklərimizə keçməzdən öncə Azərbaycan oxucusuna bir az bilgi vermək istəyirəm. Topqapı sarayı Sultan Məhəmməd Fateh tərəfindən 1478-də tikilib, Əbdülməcid Dolmabağça sarayını tikdirənədək təxminən 380 il dövlətin idarə mərkəzi və Osmanlı padşahlarının rəsmi iqamətgahı olub. İçində bəzən 4.000-ə yaxın insan yaşayıb. Quruluş illərində təxminən 700.000 kvadratmetr sahəni tutan sarayın bugünkü yeri 80.000 kvadratmetrdir. Saray əhlinin Dolmabağça sarayı, Yıldız sarayı və digər saraylarda yaşamağa başlaması ilə Topqapı sarayı boşaldılıb. Padşahlar buranı tərk etsə də içində bir çox əyan-əşrəf yaşadığından Topqapı sarayı heç zaman önəmini itirməyib.
Sarayın muzey kimi ziyarətə açılması Əbdülməcid dönəminə düşür. O vaxt ingilis elçisinə Topqapı sarayı xəzinəsindəki əşyalar göstərilib. Bundan sonra xəzinədəki əski əsərləri yabançılara göstərmək ənənəyə çevrilib və Əbdüləziz zamanında ampir üslubda şüşəli vitrinlər düzəldilərək xəzinədəki əski əsərlər bu vitrinlər içində göstərilib. II Əbdülhəmid taxtdan endirildiyi sıralarda Topqapı sarayı xəzinəsinin iki gün xalqın ziyarətinə açılması düşünülsə də bu gerçəkləşməyib. Atatürk’ün 3 aprel 1924 tarixli əmrindən sonra saray 9 oktyabr 1924-də müzey olaraq xalqın ziyarətinə açılıb.
Böyük turist kütlələrini özünə cəlb edən saray 1985-də UNESCO Dünya Mirasları Siyahısına düşən İstanbul Tarixi Yarımada içərisindəki tarixi əsərlərin ən başında gəlməkdədir.
Topqapı sarayı Mərmərə dənizi, İstanbul boğazı və Xalic arasında qalan tarixi İstanbul yarımadasının ucundakı Sarayburnunda qurulmuştur. Saray torpaq tərəfdən Sultan Məhəmməd Fateh’in tikdirdiyi Suri-Sultani, dəniz tərəfdənsə Bizans hasarları ilə şəhərdən ayrılıb. Topqapı sarayı idarə, təhsil yeri və padşahın iqamətgahı olması səbəbiylə iki ana bölümə ayrılıb. Bunlar birinci və ikinci həyətdəki xidməti binalardan ibarət Birun ilə daxili təşkilatlarla bağlı binalardan ibarət Əndərun’dur. Fəthi bəylə birgə bu yerlərin hamısını gəzdik və çoxlu şəkillər çəkdik.
İMAM HÜSEYNİN
CÜBBƏSİ VƏ BAŞQALARI

Topqapı sarayı muzeyində hər bir eksponat nadirdir, haqqında saatlarca danışmağa dəyər. Orada gördüklərimin yarısını belə danışsam “525-ci qəzet”in ən azından 50 səhifəsi dolar, buna görə də yalnız bir-iki əsər üzərində dayanacağam.
Saray-muzeydə 27 avqust-24 noyabr 2010 tarixində “Osmanlı dövlətində Əhli-beyt sevgisi” adlı sərgidə Müqəddəs Əmanətlər Dairəsində qat-qat boğçalar içində qorunan həzrəti-Peyğəmbərimizin (s.ə.s.) ailəsinə ait xatirələr ilk dəfə olaraq ziyarətə açılıb. Bizə də o dəyərli sərgini görmək xoşbəxtliyi nəsib oldu.
Saray-muzeyin başqa otaqlarına bələdçi qızlar nəzarət edir, ancaq bu sərginin olduğu otağı polis də qoruyur. Otaqda 3 şüşə vitrinin altında 3 əşya yan-yana qoyulub: Peyğəmbər əfəndimizin qızı, həzrəti-Əlinin yoldaşı və İmam Həsən’lə İmam Hüseyn’in anası həzrəti-Fatimə’nin xirqəsi və səccadəsi, İmam Hüseyn’in cübbəsi. Bunları tamaşaçı gözü ilk dəfə görür. Bu paltar və əşyaların həzrəti-Fatimə’yə və İmam Hüseyn’ə gerçəkdən aid olub-olmadığını nəzarətçi qızdan bir daha soruşdum və o, tam əminliklə “bəli” dedi.
Topqapı sarayının otaqlarında eksponatların fotosunu çəkmək yasaqdır. Mən bunu yaxşı bilirdim. Ancaq elə əşyalar vardı ki, onları çəkməkdən özümü heç cür saxlaya bilmirdim. Bu zaman nəzarətçi qız cəld yaxınlaşıb yasaq xəbərdarlığını edir, mən də bir daha çəkməməyə söz verirdim. “Əhli-beyt sevgisi” sərgisi olan otaqda da elə etdim – öncə həzrəti-Fatimənin səccadəsini çəkdim və polis yanaşaraq bunun yasaq olduğunu dedi. Mən onunla razılaşdım, ancaq İmam Hüseyn’in cübbəsini çəkməmiş bu otaqdan çıxmamağı özlüyümdə qərara aldım. Və çəkdim! (Necə çəkdiyimin sirrini isə burada açmayacağam).
Bu otaqda adam qəribə duyğular yaşayır – qətiyyən inana bilmirsən ki, 1.400 il bundan öncə yaşamış müqəddəs insanların – sevimli Peyğəmbərimizin övladlarının geymiş olduğu paltardan, namaz qıldığı səccadədən səni vur-tut 20-30 santimetrlik məsafə ayırır! Sanki həmin əşyaların qutsallığı adamın ruhuna hopur. Açığı, indiyədək gördüklərim içərisində mənə ən xoş təsir edən zal bu oldu. Ancaq sonra mətbuatdan oxudum ki, həmin sərgidə həzrəti-Əli’nin qılıncı və başqa əşyalar da göstərilirmiş. Onları görə bilmədiyimə çox təəssüfləndim – həmin zalda qoyulmadıqları üçün diqqətimdən yayınıblarmış.
PEYĞƏMBƏR ƏFƏNDİMİZİN XİRQEYİ-ŞƏRİFİ

Oxucum soruşa bilər ki, bəs Peyğəmbər əfəndimizin (s.ə.s.) xirqəsindən niyə danışmırsan? Ona görə ki, Məhəmməd əleyhissalam’ın xirqeyi-şərifi Topqapı sarayında deyil, İstanbuldakı Xirqeyi-şərif camesində saxlanılır.
Peyğəmbərimizin xirqəsi gənç dəvələrin boğazının altındakı tüklərdən toxunub. Səkkiz parçadan ibarətdir. 1 metr 20 sm uzunluqdadır. Peyğəmbər əfəndimiz meraca çıxarkən üzərində bulunan bu xirqə onun vəsiyyətinə görə həzrəti-Ömər və həzrəti-Əli tərəfindən Veysəl Qarani’yə verilmiştir. Veysəl Qarani evlənmədiyi və övladı olmadığı üçün xirqə onun ölümündən sonra qardaşı Şihabəddin əl-Üveysi’yə keçmişdir. 1.500 il yaşı olan bu müqəddəs əmanəti indi də Qarani nəsli qorumaqdadır.
Müqəddəs əmanətə sahib olan Üveys ailəsi İraq və güney-doğu Anadoluda oturduqdan bir müddət sonra Quşadasına köç edib. Əmanətlərinə görə bu ailəyə sayğı göstərilib və onlara “xirqeyi-şərif şeyxləri” adı verilib. Ailə 1600-cü illərin başlanğıcında Sultan I Əhməd’in istəyi ilə İstanbula gəlib və rəisləri olan Şükrullah əl-Üveysi’nin Fateh civarında kirələdiyi evdə xirqeyi-şərif xalqın ziyarətinə açılıb. I Əbdülhəmid indi Xirqeyi-şərif camiesinin həyətində qalan məkanda bir otaq tikdirib və xirqeyi-şərif orada 1780-dən eitibarən sərgilənməyə başlanıb. Sultan Əbdülməcid 1847-də Xirqeyi-şərif camesini tikdirib və xirqə indiyədək orada sərgilənir. 1500 illik müqəddəs əmanətin məsuliyyəti Qarani soyundan gələnlərə aiddir.
1980-ci illərdə Fateh müftisinin əmri ilə xirqeyi-şərif alınmaq istənmiş, uzun çəkişmələrdən sonra yenə ailədə qalmışdır. Veysəl Qaraninin 57-ci quşaqdan (nəsildən) nəvəsi olan Haşim Köprülü’nün yoldaşı Nuriyyə Köprülü’nün 2005-də vəfatından sonra onun qızı Gülay Köprülü bu işi öz öhdəsinə götürüb. Xirqeyi-şərif hər il ramazan ayının 15-indən Qədir gecəsinədək günorta və ikindi namazları arasında ziyarətə açılır.
Bu yaxınlarda Türkiyə mətbuatında xirqənin taleyi ilə bağlı çox həyəcanlı yazılar çıxdı. Xəbər yayıldı ki, xirqəni saxlayan adamlar onu ütülədikləri üçün xirqə yıpranaraq dağılıb. Rəsmi şəxslərin verdiyi bəyanatlarsa xalqı sakitləşdirdi.
Xirqəni qoruyan Köprülü ailəsindən 2008-də verilən tələblə 2010-un may ayında başlanan bərpa və qoruma işləri 3 ay yarıma tamamlanıb. Fateh İl Özəl İdarəsinin büdcəsi hesabına aparılan yeniləmə işləri təxminən 1 milyon lirəyə (bizim 500 min manata) başa gəlib. Bu bərpa işləri dünyada ən nadir əməliyyatlardan sayılır. İndiyədək ikiyə qatlanmış olan xirqeyi-şərif indi qatlanmamış şəkildə bir vitrin içində qorunur.
Xirqeyi-şərif bu ilin 20 avqustundan (10 ramazandan) yenidən ziyarətçilərin üzünə açıqdır.
(Ardı gələn sayımızda)
Ədalət TAHİRZADƏ Tel.: +99450 612 68 13 (cib) E-mail: [email protected]




Bu yazı ( 515 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar