12px14px16px18px

TÜRKİYƏMİZDƏ 10 GÜN

Ədalət TAHİRZADƏ

BİSMİLLAH

00:48 / 24.11.2010
 
 
(Başlanğıcı ötən sayımızda)
 

“KORSAN” (QAÇAQ) TAKSİLƏR
Bir qədər dincəldikdən sonra şəhərə çıxmaq istədik. Orxan taksi çağırdı və biz “Cəvahir” adlı böyük bir ticarət mərkəzinin qarşısında endik.
Sonra öyrəndik ki, mindiyimiz taksi “korsan”mış. “Korsan” – qaçaq taksi Azərbaycan insanının təsəvvüründəki “xalturaçı”ya bənzəyir – bunların hər ikisi xəlvət çalışaraq dövlətdən vergi gizləyir. Ancaq “korsan”la “xalturaçı” qətiyyən eyni şey deyil. Bəs nədir “korsan” taksi? Vaxtilə qulluqda çalışmış, indisə əməkli (təqaüdçü) olmuş bir sürücü bizə bunun incəliklərini anlatdı. Dedi ki, İstanbulda onun kimi vergidən yayınan təxminən 80 min taksi var. Onlar ümumi şəbəkəyə bağlıdır. İstənilən adam müraciət edib öz avtomobili ilə həmin şəbəkəyə qoşula bilər. Şəbəkə ilə sürücü arasında heç bir rəsmi müqavilə yoxdur. Sürücü yalnız oraya gündə vur-tut 15 lirə (2 lirə təxminən bizim 1 manatdır) ödəyir, şəbəkə də bunun qarşılığında onu müştəri ilə təmin edir.
Şəhər əhlinin çoxu qaçaq taksidən yararlanır, çünki o, sayğaclı qanuni taksidən ən azı üç dəfə ucuzdur (eyni məsafə üçün qaçaq taksi 5 lirə istəyirsə qanuni taksi 15 lirə alır). Vətəndaş qaçaq taksilərin dispetçerinə zəng edərək daimi müştəri olduğunu bildirir və özünü tanıdır. Bundan sonra dispetçer onun sifarişini qəbul edir, haradan haraya və haçan getməli olduğunu dəqiqləşdirir, bu məsafə üçün neçə lirə verəcəyini dəqiq söyləyir və yaxındakı taksiyə telefon açaraq haraya getməli olduğunu və yolun nə qədər para tutduğunu ona bildirir. Bu sürücü artıq Azərbaycanda olduğu kimi yolu qəsdən uzatmaqda maraqlı deyil, çünki ona söylənmiş məbləğdən bir quruş belə artıq alarsa müştəri şəbəkəyə şikayət edər və həmin sürücü ilə bir daha işbirliyi yapılmaz.
Göründüyü kimi, “korsan” taksi bizdəki “xalturaçı”dan fərqli olaraq xalqa çox sərfəlidir. Doğrudur, ortada vergidənyayınma var, buna görə də polis korsanlıq aşkar etdikdə sürücünü yüksək cərimə ilə (1.200 lirə) cəzalandırır (bu üzdən də həmin sürücülər pulu müştəridən elə götürürlər ki, polis görməsin). Ancaq dərindən düşünəndə bu sistemin sonucu – işsizliyin çox olduğu bir şəhərdə on minlərcə insanın sürücü kimi ailəsini dolandırması, eyni zamanda aztəminatlı insanların “yola verilməsi” VƏTƏNDAŞın xeyrinə olduğu üçün, məncə, bu taksilərə qəsdən göz yumulur.
QƏLƏBƏLİK
Bazar ertəsi – noyabrın 1-i iş günü olsa da Bursaya getmədik, çünki hələ Bakıda olduğumuz zaman oradan zəng edib bizi həftənin 2-ci günü gözlədiklərini bildirmişdilər.
Evdə boş otura bilməzdik. Zəkəriyyə müəllim özünü yaxşı hiss etmədiyinə görə heç yerə getmək istəmədi. Mənsə Orxanla şəhərə çıxdım. Öncə yeni bir telefon və Türkcell nömrəsi aldım. Türkiyəyə gəldiyimi bilən və zəngimi gözləyən dostum Fəthi Gədikli ilə danışdım. Sultan Əhməd camesinin qarşısında görüşəsi olduq. Orxan mənə öncə metro ilə, sonra metrobusla getməyi, daha sonra yoluma tramvayla davam etməyi məsləhət gördü. Bir neçə nəqliyyat dəyişmək istəmədiyimə görə birbaşa taksi ilə getməyi qərara aldım. Ancaq Orxana qulaq asmadığım üçün bir saat sonra peşman oldum...
Taksi məni Sultan Əhmədə (o bölgənin adı belə gedir) düz bir saata çatdırdı. Belə gec getməyin başlıca səbəbi yollarda tez-tez tıxaca düşməyimiz, yollar bağlı olduğuna görə dolanıb keçməyimiz deyil, İstanbulun hədsiz böyüklüyüydü – ağlıma belə gətirməzdim ki, şəhərin iki məhəlləsi arasındakı məsafə bu qədər uzun ola bilər.
Doğrusu, Bakıda xüsusən son illər yaranmış sıxlıqdan çox darıxıram. Şəhərdə yeni evlərin, göydələnlərin iç-içə tikilməsini heç cür sinirə bilmirəm. Ancaq İstanbulda binaların sıxlığını, dəhşətli qələbəliyi görəndən sonra Bakıya şükür etdim. Taksi ilə getdikcə özümü sanki tunelin içərisində hiss edirdim, çünki küçənin hər iki tərəfindəki tikililər bir-birinə o qədər yaxındır ki, adamda onların hamısının bitişik olması təsəvvürü yaranır.
FƏTHİ GƏDİKLİ
Axır ki, Sultan Əhməd camesinə çatdıq. Çənbərlidaş tərəfdən dolanıb camenin həyətinə girdim. Fəthi bəylə zəngləşib tapışdıq. Onunla son görüşümüz bu il mayın 1-də Bakıda olmuşdu. Oxucum Fəthi Gədikli’nin kim olması ilə maraqlana bilər.
Fəthi Gədikli 1959-da Türkiyədə Akçaabadın Kuruçam kəndində doğulub. 1967-72 arası öz kəndlərinin məktəbində, 1972-75-də Mətinqala orta məktəbində oxuyub. 1975-də Trabzon Pedaqoji Liseyinə girib, 1979-da Beşikdüzü Pedaqoji Məktəbinə dəyişilərək oranı bitirib. 1984-də İstanbul Universitetinin hüquq fakültəsini başa vuraraq 1988-89-da Birmingem və Londonda (İngiltərə), 1992-də Qahirədə (Misir) araşdırmalar aparıb. XVI-XVII yüzillər Osmanlı hüquq sənədləriylə bağlı dissertasiya müdafiə edib, 1988-də dosent adı alıb. 1977-2000-ci illər arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Araşdırmaları Mərkəzində Osmanl dönəminin hüquq sənədləri üzərində iş aparıb.
14 iyun 2004-3 avqust 2007 tarixlərində o, Azərbaycanda mühüm bir görəvdə çalışıb – Türkiyənin kültür və tanıtma müşaviri işləyib. 2008-dən Mərmərə Universitetinin, 2009-dan İstanbul Universitetinin hüquq fakültələrinin professorudur. O, eyni zamanda Bəykənt və İstanbul Aydın Universitetlərinin hüquq fakültələrində də dərs dəyir. Azərbaycanda çıxan “Türk eli” dərgisinin builki 8-ci sayındakı “Azərbaycanın Türkiyədəki dostu” adlı yazıdan Fəthi bəyin hüquqşünas alim kimi fəaliyyəti, nəşr edilmiş elmi əsərləri haqqında bilgi almaq olar.
Fəthi bəy Bakıda çalışdığı illərdə Azərbaycan aydınlarının dərin hörmət və sevgisini qazanmışdı, çünki onların əksəri ilə səmimi ünsiyyət qurmuş və bu əlaqələrdən Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi üçün yararlanmışdı. “525-ci qəzet”dəki yazılarımı oxuduqdan sonra mənə telefon açmışdı, şəxsən tanış olmuşduq. Onun xahişi ilə arxivlərdən Türkiyənin Azərbaycandakı ilk Böyükelçiliyinin 1920-ci illərdə yerləşdiyi binanı müəyyənləşdirmişdim. Oraya xatirə lövhəsi vurdurmaq istəyirdi, ancaq alınmadı...
Yeri gəlmişkən, Fəthi bəyin böyük qardaşı Yusif Gədikli də Türkiyədə Azərbaycanı sevən, onun ədəbiyyat və mədəniyyətini uzun illər boyu yorulmadan təmənnasız təbliğ edən dəyərli bir dostumuzdur.
Usanmadan işləməyi, daim nəsə yenilik etməyi sevən Fəthi bəy Bakıda “Yom” dərgisini açmış (onu indi Türkiyədə nəşr etdirir), Azərbaycanla bağlı bir çox nadir kitabların dilimizə çevrilərək nəşr edilməsinin başlıca iştirakçısı olmuş, xeyli başqa faydalı işlər görmüşdür. Bakıdan gedərkən Türkiyəyə apardığı, yalnız yüzlərcə cild kitab və aydınlarımızın bitməz-tükənməz sevgisi oldu.
SULTAN ƏHMƏD CAMESİ
İndiyədək gəzdiyim, gördüyüm dünya memarlıq abidələri içərisində Sultan Əhməd camesi qədər sevdiyim ikincisi yoxdur. Onu ilk dəfə 1992-də görərək ürəkdən vurulmuşdum. Məhz yenidən görmək üçün Fəthi bəylə camenin yanında görüşmək istəyirdim.
Fəthi bəylə birgə bu müqəddəs ocağı böyük zövqlə çöldən və içəridən seyr etdik, şəkillər çəkdik.
Bu bənzərsiz sənət incisini sultan I Əhməd 1609-1616-cı illərdə tikdirib. Memarı Sədəfkar Məhəmməd ağa’dır. Came göy, yaşıl və ağ İznik çiniləriylə bəzəndiyi, yarımqübbələri və böyük qübbəsinin içi daha çox göy rəngli qələm işləri ilə bəzədildiyi üçün bəzən “Göy came” də adlanır. Ayasofyanın 1934-də camedən müzeyə çevrilməsindən sonra o, İstanbulun ana camesi olub.
Sultan Əhməd camesi külliyəsiylə birlikdə İstanbuldakı ən böyük tikili komplekslərindən biridir. Bu külliyə bir came, mədrəsələr, xünkar (sultan) qəsri, arasta (cərgə dükanlar), ayrı-ayrı dükanlar, hamam, çeşmə, səbillər (fəvvarələr), türbə, darüşşəfa, ibtidai məktəb, imarətxana (xeyriyyə cəmiyyəti) və kirəlik otaqlardan ibarətdir. Bu tikililərin bir qismi günümüzədək gəlib çatmayıb.
Tikili 20.000-dən artıq İznik çinisiylə bəzədilib. Onların yaratdığı bitki naxışları insanı valeh edir. Camenin ibadətxana bölümünün eni 64, uzunu 72 metrdir. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin diametri 23,5 metrdir. Camenin içi 200-dən artıq rəngli şüşə ilə aydınladılıb.
Sultan Əhməd camesi Türkiyənin 6 minarəli 3 camesinin birincisidir. Deyilənlərə görə, sultan Əhməd minarələri qızıldan düzəltdirmək istəyib, ancaq onlara işlədiləcək altının (qızılın) sultanın büdçəsindən çox olduğunu hesablayan memar Sədəfkar Məhəmməd ağa guya “altın” sözünü yanlış başa düşərək “altı” eşidib və cameni 6 minarəli tikdirib.
Sultan Əhməd camesinin inşası bütün islam aləmini heyran etsə də bəzi yerlərdən etirazlar da gəlmişdi. Etirazçılar “cameyə 6 minarə yapılması Kəbəyə sayğısızlıqdır” deyirdilər, çünki o zamanlar 6 minarəsi olan yeganə came Məkkədəydi. Sultan bu məsələni bütün müsəlmanların xoşuna gələn tərzdə həll etdi – Məkkəyə yeddinci minarəni yapdırdı.
Camenin ana və yan qübbələri geniş sivri kəmərlərin dayandığı 4 əzəmətli sütun üzərində yüksəlir. 10 kişi əl-ələ tutsa da bu sütunların birini qucaqlaya bilməz. Onların yoğunluğunu göstərmək üçün mən birinin önündə dayanaraq şəklimi çəkdirdim.
Camenin içərisi pəncərələrdən başqa, çilçıraqlarla da işıqlandırılır. Çilçıraqlarda dəvəquşu yumurtasından istifadə edilib, çünki bu yumurta hörümçəkləri qaçırdır və beləliklə, çilçıraqları hörümçək toru basmır.
Came inşa edildiyi dönəmlərdə uzun müddət cümə günləri Topqapı sarayındakıların ibadətinin gerçəkləşdiyi məkan olub.
(Ardı gələn sayımızda)
Ədalət TAHİRZADƏ Tel.: +99450 612 68 13 (cib) E-mail: [email protected]



Bu yazı ( 555 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar