12px14px16px18px

Çinarlı Gəncənin oğlu

Vaqif YUSİFLİ

GÖRKƏMLİ YAZIÇIMIZ ALTAY MƏMMƏDOVUN 80 İLLİYİNƏ

01:19 / 14.10.2010


Mən onunla yalnız bircə dəfə, 1981-ci ildə Gəncədə görüşmüşəm. Amma o görüşə qədər onun hekayələrini və pyeslərini oxumuş, elmi əsərləri ilə də tanış olmuşdum. Bilirdim ki, qədim Gəncənin ədəbi mühitində bu adamın müstəsna rolu var. İndi üstündən illər keçib. O, aramızda yoxdur, 2003-cü ildə dünyasını dəyişib, amma XX əsr Azərbaycan ədəbiyyatı tarixində onun da öz yeri var. “Hərənin öz yeri var, məhz o yerdə o, bütün varlığı ilə görünə bilər” – bu sözlərin müəllifi odur – Altay Məmmədov. Altay Məmmədov haqqında düşünəndə öncə qədim Azərbaycan şəhəri çinarlı Gəncə yada düşür. O Gəncə ki, dünyaya Nizami kimi bir başqa torpağın yetirə bilməyəcəyi dahini bəxş edib. Əsrlər boyu çox-çox maddi dağıntıya, işğala məruz qalsa da, Gəncə öz gözəlliyini, nizamiliyini, məhsətiliyini itirmədi, saf qaldı, təmiz qaldı, həmişə təbiətinin gözəlliyini və poeziya havasını saxladı. Altay Məmmədov da bu torpaqda doğulub və demək olar ki, ömründə bircə il belə Gəncədən ayrı düşməmişdir. Burada yerinə düşərsə...bir ifadə işlətmək istəyirəm: Altay Məmmədov öz nəsri, dramaturgiyası ilə Azərbaycan ədəbiyyatının Gəncə budaqlarından biridir. Altay Məmmədov 80 il bundan əvvəl, gözəl bir may günündə Gəncədə doğulub. Burada orta təhsil alıb, burada əmək fəaliyyətinə başlayıb, Zərdabi adına Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib. Bir müddət “Gəncənin səsi” qəzetində korrektor işləyib, sonra elə həmin qəzetdə məsul katib müavini, məsul katib vəzifələrində çalışıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Altay Məmmədov həmin institutun Azərbaycan ədəbiyyatı kafedrasında bah müəllim vəzifəsində saxlanılmış, ədəbiyyat tarixindən mühazirələr oxumuşdur.1964-cü ildə “Cəfər Cabbarlının “1605-ci ildə” dramı” mövzusunda yazdığı dissertasiyaya görə filologiya elmləri namizədi alimlik dərəcəsi qazanmışdır. Bir müddət (1970-1974) institutda elmi işlər üzrə prorektor olmuş, gənc elmi kadrların yetişməsində əməyini əsirgəməmişdir. Bu, Altay Məmmədovun kiçik bir blanka sığa biləcək qısa tərcümeyi-halı. Bir insan ömrü. Ancaq əsl tərcümeyi-hal onun bədii və elmi yaradıcılığıdır, ədəbiyyata və ədəbiyyatşünaslığa bəxş etdiyi əsərləridir. O, ədəbiyyata nasir kimi gəlmişdir. 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. Onun 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk hekayələr kitabı istedadlı bir nasirin gəlişindən xəbər verdi. Ümumiyyətlə, Altay Məmmədovun yaradıcılığında hekayə janrı mühüm yer tutur. Onun “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəbbətin səsi”, “Gülab nəfəsli” və s. hekayələri indinin özündə də bu janrın gözəl nümunələri kimi xatırlanır.. Bu hekayələrdə xəfif, həzin bir lirika yaşayır, insanın mənəvi dünyası, psixolojisi incələnir.Xüsusilə, “Məhəbbətin səsi” və “Gülab nəfəsli” hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən idi. Bu iki hekayədə müəllifin saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü. Cavan bir həkim gözəl gələcəyi olan bir müğənni qızı yol qəzası zamanı xilas edib həyata qaytarır. Bundan sonra ilk məhəbbətin ocağı çox gur yanmağa başlayır. Bircə qalır evlənmək... Amma həkimin qaraqabaq, zəhmli atası “sənə uşaq anası lazımdır, evinə dirək gərəkdir, oxuyan yox” deyib oğlunu bu fikirdən çəkindirir. “Mən atamdan qaça bilərdim, lap onun gözündən iraq yerdə, başqa bir şəhərdə ailə qura bilərdim. Yox, bu mümkün deyildi, atam mənim qan damarlarımda axırdı, atam mənim beynimdə, ürəyimdə idi, atamın xasiyyəti mənim varlığıma hopmuşdu. İnsan bəyəm özü-özündən qaça bilərmi?”-beləliklə qurulası bir ailə həyatın ilk sınağına tab gətirmir, könüllər ayrı düşür. Amma müğənni qızın səsi bütün ömrü boyu həkimi təqib edir, dünyanın hər yerində o səs məhəbbət nəğmələri oxuyur. “Mən üzümü yuxarı tutdum: oxu, bülbül dedim, mənim kimiləri sənin qədrini bilməzlər” (“Məhəbbətin səsi”) Müəllif “Gülab nəfəsli” hekayəsində yenə həmin mövzuya qayıdır. İstəməyərək, sevməyərək ailə həyatı qurulursa, günlərin birində o ocağın odu sönməlidir – hekayədə işlədiyi yerdə bir qəza nəticəsində ağır, əlacsız xəstəliyə tutulan bir mühəndisin son ayları, son günləri təsvir olunur. Həyat yoldaşı anasının təkidilə xəstəni tərk edir, başqası ilə evlənir. Elə bu anlarda xəstənin vaxtilə sevdiyi qız ona baş çəkir və son nəfəsinə qədər onun qulluğunda dayanır.O, bu ailəyə elə bir sevinc, nikbinlik gətirir ki, xəstə ölənlərin ən xoşbəxtinə çevrilir. Odur ki, hekayəni nəql edən uşaq deyir: “Önümüzdə atamın işıltılı gözlü büstü. Arxada başdan-başa qara geyimli hönkürən bir qadın... gülab nəfəsli bir qadın. O məni gözləyir. Ürəyimdən səssiz, lakin dünyanı bürüyən bir qışqırıq qopur: – Niyə mənim anam sən deyilsən?!” Altay Məmmədovun hekayələrində lirik hisslərin təsviri, obrazların psixoloji aləmini təsirli boyalarla əks etdirilməsi xüsusilə diqqəti cəlb edir və mən deyərdim ki, iki görkəmli Azərbaycan yazıçısı – İlyas Əfəndiyevdən və Ənvər Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradıb. Daha doğrusu, o, bu sahədə adını çəkdiyim ustadların yolunu uğurla davam etdirib. Onun “Narınc” hekayəsi başdan-ayağa lirik hisslərin təsviri üzərində qurulub. İstər hekayənin təhkiyəsində, istərsə də obrazların duyğu və düşüncələrinin təsvirində bu lirika aparıcıdır. Hekayədə (əslində, buna miniatür povest də demək olar) çox qəmli bir hadisə nəql edilir. Təhkiyəçi məşhur bir akademikdir, o, doğma şəhərinə-Gəncəyə qayıdarkən orta məktəb illərini xatırlayır. Bir vaxtlar “xurmayı hörüklərinin ucları dəftərinin üstünə düşən” Narıncı yada salır. O Narınc ki, sinifdə birincidir, müəllimlər onu çox istəyir, qüvvətli hafizəsi var, Səməd Vurğunun “Azad ilham” kitabındakı bütün şeir və poemaları əzbər bilir, müəllimlər çox zaman Narıncla ərklə öz səviyyələrində olan bir şəxs kimi davranırlar. Hamı bu qızın xoşbəxt olacağına inanır. Amma... sən saydığını say, gör fələk nə sayır. Bir də görürlər ki, Narınc göyərti bazarında piştaxta arxasında ispanaq satır. Buna səbəb müharibədir. Ona nə qədər dil tökürlərsə, məktəbə qayıtmır. Beləcə illər keçir, Narıncın sinif yoldaşları ali təhsil alırlar, hərəsi bir sənət sahibi olur, amma Narınc bazardan ayrılmır. Bazardan qazandığı pulla on iki otaqlı ev tikdirir, qapısında “Volqa” dayanıb, uşaqları ali təhsillidir. Amma o, təhsilini davam etdirsəydi böyük adam olacaqdı, hansısa bir elmin zirvəsini fəth edəcəkdi. İndi isə... “Narıncın gəldiyi yol qurtardı. Məndən çox uzaqlarda dayandı. Əllərimi uzatdım, əllərini uzatdı, göydən dolu tökdü, göydən dəmir pullar yağırdı, qollarım qırılırdı, tablaya bilməyib, qanına qəltan olmuş əllərimi yanıma saldım. Pul yağışı qatılaşıb dumana döndü, xurmayı saçlı, mavi lentli qızı uddu. Uzaqlardan, lap uzaqlardan mavi gözlü qız əllərini uzadıb harayasa qaçırdı... Yaxında piştaxta arxasında qarıya bənzər bir qadın səliqə ilə üst-üstə qalaqlanmış pulları sığallaya-sığallaya doqnuldanırdı”. İllər keçdi və Altay Məmmədov “Azərbaycan hekayəsi” adlı çox sanballı bir monoqrafiya yazıb ortaya qoydu. Həmin monoqrafiyada realist Azərbaycan hekayəsinin keçdiyi yol bir alim-tədqiqatçı səriştəsi və səliqəsilə təhlilə cəlb olunmuşdu. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, yəni realist hekayənin yaranmasına qədərki mərhələni araşdırır. Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı-dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələr mühüm rol oynamışdır. Altay müəllim Azərbaycan mətbuatında dərc edilən ilk klassik realist hekayə, əlbəttə, Mirzə Cəlilin “Poçt qutusu”dur deyir və onu yeni Azərbaycan hekayəsinin manifesti adlandırır. Yeri gəlmişkən, mən Altay Məmmədovun bir monoqrafiyasından da qısaca söz açmaq istəyirəm. Əvvəlcə, mənə çox qəribə gəldi ki, tanınmış bir yazıçı-dramaturq-ədəbiyyatşünas Altay Məmmədov yaşca özündən xeyli cavan Paşa Qəlbinurdan, onun yaradıcılığından nə yazacaq və necə yazacaq? Çünki Altay müəllim bir alim kimi əsəsən nəsr tədqiqatçısı idi, poeziyadan heç yazmayıb..Həm də göz cərrahı kimi bütün dünyada tanınmaq hələ söz cərrahı kimi tanınmaq deyil. Poeziya aləmində “marşal” olmaq son dərəcə çətindir və bu çağda heç mümkün deyil. Ancaq Paşa Qəlbinur göz cərrahlığında olduğu kimi, şairliyində də istedadlıdır və onun şair fərdiyyətini, özünəməxsusluğunu açıqlamaq istəyi monoqrafiyanın hər səhifəsində duyulur. Altay müəllim belə bir fikir irəli sürür ki, Paşa Qəlbinur öncə şairdir, sonra həkim. Və onun poeziyasındakı işıqdır bütün dünyada tanınmağına səbəb olan cərrahlığının mayası. Monoqrafiya bu sözlərlə başlayır: “Azərbaycanın poeziya məbədgahı min il əvvəl qurulub. Burada Xaqani var, Nizami var, Məhsəti var, Füzuli var, Şah İsmayıl Xətai var, Vaqif var, Vidadi var, Sabir var, Cavid var və daha kimlər var. Bu məbədgahın təkcə içərisinə boylanmaq da hər hansı bir şairdən ürək istəyir. Ürəyi məhəbbətlə dolu olan Paşa Qəlbinur bu məbədgaha daxil olmaq istəyi ilə cəsarətli addım atmışdır. Onun buna haqqı var, çünki o, şairliyə həkimlikdən əvvəl başlamış bu ilk məhəbbətinə heç vaxt üzüdönük çıxmamışdır”. Bu kitabda məni ən çox heyrətə salan Altay müəllimin Paşa Qəlbinurun az qala hər şeirini “xırdalaması”, bu xırdalıqlarda gözə çarpan və gözə çarpmayan incə poetik mənaları aşkarlamasıdır. Hiss edirsən ki, o, Paşa Qəlbinura istedadlı bir şair kimi yanaşır və bu istedadın poeziyadakı hər bir çalarını nümayiş etdirməyə çalışır. Altay Məmmədov həm də tanınmış dramaturq idi. O, doqquz səhnə əsərinin müəllifiydi. Pyesləri Rusiyada, Tacikistanda, Bolqarıstanda və Vyetnamda tamaşaya qoyulmuşdu. Ancaq təbii ki, onun bütün səhnə uğurları Azərbaycan teatrıyla bağlıydı. 1960-cı ildə Gəncə Dövlət Dram teatrında onun “Həmyerlilər” adlı satirik komediyası tamaşaya qoyuldu və bunun ayağı yüngül oldu. “Həmyerlilər” Altay Məmmədova böyük şöhrət qazandırdı. Hələ o zaman müəllif hiss etmişdi ki, mənəvi tənəzzülün, iflasın səbəblərindən biri də sonralar qorxulu bəlaya çevrilən əyalətçilik, yerliçilik xəstəliyidir. İnsanları hansı kənddən, hansı bölgədən olduğuna görə irəli çəkmək, vəzifəyə təyin etmək indi adi hala çevrilib. 1964-cü ildə Gəncə teatrı A.Məmmədovun “Kişilər” komediyasına müraciət etdi. Bu əsərdə tənqid hədəfləri arvadlarının əməyi hesabına dolanan, faydalı işlərlə deyil, ziyankarlıqla məşğul olan “kişilər” idi. Güclü tənqid pafosu hiss edilməsə də, gülüş bol idi bu əsərdə. Həm “Kişilər”, həm də “Həmyerlilər” uzun müddət teatrların səhnəsindən düşmədi. Daha sonrakı illərdə “Yadındamı”, “Ulduzlar görüşəndə”, “Dəli Domrul”, “Bəraət”, “Ermənistan parlamentindən reportaj” pyesləri yarandı. Mən “Yadındamı” tamaşasına bizim Gənc Tamaşaçılar Teatrının səhnəsində baxmışam və bu əsər neçə ilin həmin teatrın repertuarında möhkəm yer tutub. Pyesdə cəmi dörd personaj var: Zaur, Dinar, Gülsün, Səlim. Zaur-əvvəl Tibb institutunun tələbələri, sonra isə bir xəstəxananın həkim-cərrahları. Zaur Gülsünü sevir, ancaq bu hissini qətiyyən açıq şəkildə büruzə vermir, Gülsün də onu sevir və Zaurdan fərqli olaraq sevgisini gizlətmir də...Səlim Gülsünün qardaşıdır və bacısının Zaura sevgisini ürəyində alqışlayır. Əsərdə bütün mənfi cəhətləri ilə Zaura əks olan Dinardır. Tələbəlik illərində yüksək təqaüdə namizədlər sırasında o da var, amma bilir ki, təqaüdü ona verməyəcəklər. Buna görə də institut direktorluğuna Zaurdan danos yazır və təqaüd ona verilir. Zaur bir qədər laübalı və özündən narazıdır, ətrafında ona qarşı münasibətin kəskinləşdiyini görəndə içkiyə qurşanır. İllər keçir. İndi Dinar, Gülsün və Səlim bir xəstəxanada işləyirlər. Dinar məşhur cərrah kimi tanınır, amma xəstələri sağaltmamışdan əvvəl onların qohumlarından pul alır. İndi onun qarşısında heç bir maneə yoxdur. İnstitutu bitirəndən sonra haralarasa qeyb olan Zaur da görünmür. Tezliklə Gülsünlə toyları olacaq. Və birdən... Zaur həmin xəstəxanaya işə göndərilir. Dinarın qara günləri başlayır. Bu illər ərzində Zaur bir cərrah kimi kamilləşmiş, elmlər doktoru olmuşdur. Dinar və Gülsün ona “çıx get” deyirlər, amma Zaur getmir. Birincisi; sübut edir ki, o, Dinardan daha yaxşı cərrahdır, bir neçə ağır əməliyyatı uğurla həyata keçirir. İkincisi; Dinarın dəyişmədiyini, hələ də insan yox, ikiayaqlı məxluq olduğunu, Gülsünə layiq olmadığını üzünə söyləyir. Üçüncüsü; Gülsündə əvvəlki hissləri oyadır, məhəbbətini qaytarır. Son anda daha getməyəcəyini qərarlaşdırır, Gülsünün qarşısında diz çökür. Burada bir də onu xatırladım ki, Altay Məmmədov Gəncədə Nizami Dövlət Poeziya Teatrının yaradıcılarından biriydi və o teatrın bir çox tamaşalarının ssenarilərini də Altay müəllim yazmışdı. Altay Məmmədov Gəncədə yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, “Mahnı” povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı. Məncə, belə bir yazıçını unutmaq olmaz və onun 80 illiyi ədəbi ictimaiyyət tərəfindən layiqincə qeyd olunmalıdır. Mən də bu yazıda Altay Məmmədovun ədəbi və elmi yaradıcılığı barədə qısaca söz açdım.
Vaqif YUSİFLİ



Bu yazı ( 529 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar