12px14px16px18px

Bu, Saday Şəkərlidir...

Vaqif YUSİFLİ
01:29 / 30.09.2010

 

Düz otuz iki il bundan öncə, Bakıda, Yasamal qəsəbəsində, müvəqqəti sakini olduğum Aspirantlar yataqxanasının 43 nömrəli otağının qapısı döyüldü. Qapını açdım və məndən əvvəl bu yataqxanada yaşayan, sədaqətinə, dostluğuna heç bir şübhə eləmədiyim Əmrah Şəkərlini gördüm. Yanında da özünə oxşar, amma Əmrahdan bir az hündür, 17-18 yaşlarında bir cavan oğlan dayanmışdı. İçəri keçdilər.
Əmrah Şəkərli filosof idi. Bütün yataqxana onu çox ciddi, sözün düzünü danışan, həm də geniş dünyagörüşə malik bir alim kimi tanıyırdı.
Əmrah yanındakı cavan oğlanı mənimlə tanış elədi. “Qardaşım Sadaydır”. Sonra birbaş mətləbə keçdi: “Şeir yazır, bax gör, necədir?”.
Doğrusunu deyim ki, mən o zaman ədəbi tənqid meydanında təzə idim. Sadayın şeirlərini oxudum. Çox səmimi, təbii hisslərin, duyğuların intibası olan bu şeirlərdə uğurlu misralar, bəndlər çox idi, qüsurlar da, cavanlıqdan, təcrübəsizlikdən irəli gələn dil xətaları, yerinə düşməyən ifadələr də gözə dəyirdi. Amma bu şeirlərdəki təmizlik, hisslərin kristallığı məni məftun eləmişdi. Üzümü Əmraha tutub dedim ki, bu oğlan şairdir, üstündə gözün olsun.
Yəqin ki, otuz iki il öncəki bu görüş indi müasir Azərbaycan poeziyasının tanınmış bir nümayəndəsi olan Sadayın xatirindən çıxmaz. İllər keçdi və mən Saday Şəkərlinin şeirləri barədə iki məqalə yazıb çap etdirdim. Saday hər hansı tənqidçini xoşhal edən şairdir. Çünki tənqidçi Sadayın şeirlərində əsl poeziya ilə qarşılaşır, Saday kimi şairlər tənqidçilərə söz deməyə, poeziya haqqında fikir yürütməyə imkan verən şairlərdir.
Saday Şəkərli “Ömrün yorğun kölgəsi” adlı təzə şeirlər kitabını mənim vaxtilə, 1997-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyim məqalədən kiçik bir parça ilə başlayır. “Qətiyyətlə deyə bilərəm ki, Saday Şəkərli elə ilk şeirlərindən özü olmağa can atıb. Əlbəttə, buna müvəffəq olmaq göründüyü qədər də asan deyil.Başqalarının şeirlərinə oxşamayan şeirlər yazıb. O, ədəbiyyata oxuduğu kitablardan yox, həyatdan, öz doğma kəndinin ab-havasından gəlib. Bəli, Saday Şəkərli səmimi şairdir və heç kəsə bənzəməz”.
Bu yazıda mən Sadayın şeir yaradıcılığı barədə çox geniş, təfərrüatı ilə danışmaq istəmirəm. Amma Sadayın elə şeirləri var ki, o şeirlərdən çıxıb edib hökm və qətiyyətlə deyə bilərəm: “Bu, Saday Şəkərlidir!”.
Saralan otlarıynan,
Dolan buludlarıynan
Bir payız qaldı mənə atamdan.
Sadayın necə şair olduğunu təyin etmək üçün bəlkə elə bu şeir kifayət edər. Şeirdə ata ölümündən doğan hüzn təsvir olunur. İki obraz-Ata və Payız burada birləşib bir obraza çevrilirlər, payızın tutqun, kədərli, xəzan çöhrəsi ilə ata ölümündən doğan hüzn... bunlar assosiasiya olunur.
Məndən tez böyüdü yaşıdım
Mən ölmüş mənə qalan
Payıza bürünüb yaşadım
Görənlər “payız adamı” –dedilər
adıma
Bir payız qaldı mənə
Atamdan...
Bir payız qoyub getdi
Çıxmaz yadımdan bu payız
Ölənə qədər,
Doğmam, yaxınım olacaq.
Ta atam göyərib gələnə qədər.
Şeirdə ölən ata, hər il gələn payızla bir daha hüznlü duyğuları oyadır. İndi Payız, Atanı xatırlatdığı üçün doğmadır, əzizdir.
Ümumiyyətlə, mənə qalsa, Sadayı “payız şairi” adlandırardım. Söhbət ondan getmir ki, Saday Şəkərli payıza bir çox şeirlər həsr eləyib. Məncə, əsas odur ki, onun payızlı şeirlərində hisslərin, duyğuların payızı rəsm olunur.
Payız adamıyam, payız adamı
Əynimə-başıma payız demişəm,
Heç hələ otuza gəlib çatmayan,
Bu cavan yaşıma payız demişəm.
Bu “payız adamı” bir sarı çiçəyin dalınca düşüb, payız olmağa üz tutur.İstəyir payızdan yazan şairlərin şeirlərində bir sarı yarpaq olsun, dərdindən öldüyü bir qız da anlasın ki, sevdiyi oğlan payıza dönüb.
Saday poeziyaya kənddən-otdan, güldən, çiçəkdən, ağacdan, yarpaqdan, bulaqdan gəlib. Payızı götürüb gəlib. Payız rənginə bürünüb gəlib. Təbiəti, kəndi ideallaşdırmaq lazım deyil, sadəcə sevmək lazımdır və əgər şairsənsə, bu sevgiyə poeziya işığı da qarışacaq. Mənim çox sevdiyim şeirlərdən biri də “Kənd havası”dır.
Mən Sadayın təbiət şeirlərini oxuyuram və ruhumda, canımda bir rahatlıq hiss edirəm. Olsun ki, ayda bir dəfə, iki dəfə təbiəti seyrə çıxıram, onun gözəlliklərinə tamaşa edirəm, bir bulaq önündə əyilirəm-suyundan içirəm, bir çəmən laləsinin xalından öpürəm, bir ağacın yarpağını sığallayıram... Sadayın şeirlərini oxuyanda da elə bu hissi keçirirəm. Budur, “yer üzündə suların şahı” bulaq önündəyəm:
Ah!
dadına diz çökürəm,
adına diz çökürəm,-
elə bil ki, dünyada
ən gözəl öpüş verən
qadına diz çökürəm...
Siz ağacların ağladığını görmüsünüzmü? Ağaclar ağlayanda ovutmaq olmur. Dizinə döyə-döyə saçını yolmur. Ağaclar ağlayanda göy aparar gözünün yaşını ağacların. Dumanda gizlənən, gəlin kimi yaşmanan ağacların.
Azərbaycan şeirinin üç əsas atributu var: Təbiət, sevgi, insan. Təbiətdən danışdım, indi də sevgidən söz açım. Deyim ki, təbiət şeirlərində necə səmimidisə, sevgi şeirlərində də o səmimiyyəti qopuyur.Yəni yaşadığı hissləri qələmə alır, qəlbinə girməyən, o balaca planetdə yer tutmayan duyğular heç vaxt Sadayın ürəyinə və şeirlərinə yol tapmayıb. Budur, bir ayrılıq şeiri:
Yanıqlı harayı, odlu həsrəti,
Qərib durnaların köçündə gördüm.
Sevdiyim gözəlin göz yaşlarını,
Bu evdən o evə köçəndə gördüm.
Sevdim bacısını, bacılığını,
Anladım sevginin ucalığını,
O toy şərbətinin acılığını,
O toy şərbətini içəndə gördüm.
Qonşuydu o gözəl, saçın hörmədim,
Od imiş-suyunu içdim, görmədim,
Yüz yol qapımızdan keçdi, görmədim,
Bir yol ürəyimdən keçəndə gördüm.
Saday Şəkərli tale şairidir. Bütün şeirlərində onun həyatının, ömrünün-gününün bir parçası əks olunub. Amma bu əksolunmalar tərcümeyi-hal deyil, müasirimiz olan – Saday yaşında bir nəslin poetik düşüncələridir. Mən keçən əsrin 80-ci illərində Sadayın “Özgədi” adlı bir şeirini oxumuşdum və bu şeirdə bir şair cəsarətilə üzləşmişdim:
Bu doğma torpağın yiyəsi mənəm,
Alovdan yoğrulmuş mayası mənəm,
İllərdi sökülməz qayası mənəm,
Sinəmdən daş kimi qopan özgədi.
Niyə təpinməyim taleyə, baxta?
Toxta ağrılardan ürəyim, toxta.
Mənəm var itirən doğma torpaqda,
Nədənsə onu da tapan özgədi.
Əlbəttə, bu yazıda mən Saday Şəkərlini heç də “ictimai şair” kimi təqdim etmək fikrində deyiləm. Belə bir tematik bölgü ilə şairə yanaşmaq Sovet dövrünün yadigarı olardı. Çünki üstündə Şair adını gəzdirən şəxs həyatda, cəmiyyətdə baş verən hadisələrə, olaylara biganə qalmamalıdır.Bu mənada həyatın ictimai ahəngi də Sadayın şeirlərində öz əks-sədasını tapır. Mən Sadayın “Ayağım altında qalan qarışqa”sını onun ən gözəl şeirlərindən biri hesab edirəm və bu şeiri böyük sevgilərlə qələmə alınan bir poeziya nümunəsi sayıram. Dünyaya, insana, təbiətə sevgi məhz elə qarışqaya sevgidən başlayır – deyirəm.
Tapdayıb üstündən keçə bilmədim,
Axı necə oldu, necə, bilmədim?!
Dayandım könlünü alam, qarışqa,
Ayağım altında qalan qarışqa.
Bir vaxtlar Allahverdi Məmmədli yazırdı ki, Saday ağrı şairidir. Mən də bu fikrə şərikəm, Amma ağrısı olmayan, ağrıdan yazmayan şair təsəvvür eləmirəm. Bu şərtlə ki, şair ağrısı fiziki, patoloji ağrı deyil. Elə bir ağrı ki, o, hamımızın içindən keçir. Elə bir ağrı ki,bu ağrı bizə yoluxmur, əksinə, bu ağrı içimizdə bir müqavimət və mübarizə duyğusu oyadır. Sadayın şeirləri barədə yazdığım bir məqalədə onun “Dar ağacı” şeirindən söz açmışdım.
Nə boyum çatır sənə,
Nə əlim, dar ağacı.
Göyçəyim, bircə dənəm,
gözəlim, dar ağacı.
Gözəl çağın var idi,
Gül yarpağın var idi.
Ağaclara qoşulub
oynamağın var idi.
Dar ağacı ilə bağlı onlarla şeirlər yazılıb və yazılacaq da. Amma Sadayın şeirində Dar Ağacı obraza çevrilir. Və həmin şeirdə də İnsan-Şair obrazı ilə Dar Ağacı obrazı arasında bir bənzəyiş hasil olur. İnsan hara, Dar ağacı hara? Yəni bunlar arasında yaxın və uzaq əlaqədən də söhbət gedə bilməzdi. Amma baxın:
Bezmişəm döyülməkdən,
öyünməkdən qalmışam,
boyum dayanıb daha,
böyüməkdən qalmışam.
Gözəlim, dar ağacı,
yarpaqla salxım-salxım,
ya sən aşağı əyil,
ya mən yuxarı qalxım.
Sadayın şeir dili sadə, amma poetikdir, rəngbərəng bədii təsvir vasitələri ilə doludur. Saday heç bir şeirində əllaməlik eləmir, oxucunu hansı ifadəninsə üstündə baş sındırmağa yönəltmir. Fikir varsa, onu poetik şəkildə ifadə etməyə, obrazlı şəkildə oxucuya çatdırmağa şairlik qüdrətin də çatar.O, xalq şeirinin müxtəlif formalarına müraciət edəndə də, qələmini sərbəst şeirdə sınayanda da şeirindəki Saday cizgisi yox olmur. Bəzi şeirləri isə elə lap yaranışından nəğmə olmaq üçün dünyaya gəlib:
Bilməz, dənim daşa düşüb
Tuş gəlib qarğışa düşüb,
Qönçə güldür, qışa düşüb,
Açılmaz könlüm, açılmaz.
Yaxud:
Gözlərim bulaq şəklidi,
Dərd-kədər bölgəmdi bala.
Sulardakı dağ şəklidi,
Ya mənim kölgəmdi, bala?
Saday Şəkərli elə üzdəniraq yazarlardan deyil ki, qapı-qapı düşsün, özü haqqında, yaradıcılığı barədə məqalələr təşkil etsin, həm də o yazarlardan deyil ki, dahilik, birincilik iddiasında olsun. İnsanlığı da sadədir, şeirləri də və bu səbəbdən də çoxlarının hüsn-rəğbətini qazanıb. Ağsaqqal şairimiz Fikrət Sadıq deyəndə ki: “Hələ ömrün yorğun kölgəsi altında bu yazıları yazan şair, gör ömrün çılğın çağında nələr yazıbmış? Qığılcım olmasa yanğın olmaz. Buğda boyda çınqıdan bir ocaq alışır, çatılır, qalanır” – bu sözlər Sadayın poetik tərcümeyi-halını çox doğru izah edir. Bu yerdə qalır mənim son sözüm: SADAY ŞƏKƏRLİ MÜASİR AZƏRBAYCAN POEZİYASININ ÜNLÜ BİR ŞAİRİDİR... BİZ ONU SEVİRİK.
Vaqif YUSİFLİ




Bu yazı ( 551 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar