12px14px16px18px

Xoş gördük, Abbas Abdulla...

Vaqif YUSİFLİ
01:27 / 08.05.2010


(ŞAİRİN 70 YAŞINA)

Borçalıda
Bolnis-Kəpənəkçi kəndindən
Abdulla ağanın oğluyam,
Anam: Salatın xanım Daşdəmir qızı.
Dünyaya gəlişim:
1940-ın mayısı.
Gəlişimdən bir ay sonra
qeyb etdim atamı.
Bir neçə dil bilirəm,
Dünyaya gəlib-gəlməyəli.
Ən gözəl bildiyim dil
Yoxsulluğun dili.
İyirmi səkkiz ildir Bakılıyam,
Ən sevdiyim bir şəhər Bakı!
Bakıdan çıxıb yola:
Kiyevə getmişəm,
Sonra Moskvaya,
Sonra İstanbula.
İndi mənim üçün
Dünyanın hər yerinə yol
Bakıdan başlayır,-
O dünyaya da..
Dünyadakı bütün insanları sevirəm,
Məni sevməsələr də olar...
Əziz oxucu, bu avtobioqrafiq şeirin müəllifi tanınmış şairimiz Abbas Abdulladır. Onun bir neçə gündən sonra 70 yaşı tamam olur və bu yazıda da istəyirəm onun keçdiyi yaradıcılıq yolu, şeir-sənət ömürlüyü haqda qısaca söz açım. Həmin bu şeiri Abbas Abdulla 1986-cı ildə qələmə alıb. Təbii ki, 24 il ərzində Abbas Abdullanın həyatında, yaradıcılıq dünyasında çox hadisələr, olaylar baş verib, çox sular dəyişib. Bir insan kimi yaşa dolub, sevincləri də olub, qəmdən, kədərdən də uzaq düşməyib, qardaş Türkiyədə müstəqil respublikamızın konsulu vəzifəsində çalışıb (ondan əvvəl “Ədəbiyyat və incəsənət” qəzetində redaktor müavini, “Ulduz” jurnalında baş redaktor vəzifələrində işləyib), indi isə Yazıçılar Birliyində beynəlxalq əlaqələr şöbəsinin müdiridir.. Yaradıcılığında da fərəhli hadisələrlə üzləşirik. Çoxlu dost itkisi yandırıb onu, təzə dostlar da qazanıb. İyirmi dörd il əvvəl bəlkə də nəvə şirinliyi dadmamışdı, amma indi nəvələrinin boy-buxunundan, ağlından-kamalından sevinə bilir. Bəli, çox şey dəyişib, amma dəyişməyən yetmişinci illərdən bəri tanıdığım ŞAİR,TƏRCÜMƏÇİ, PUBLİSİST, DOST ABBAS ABDULLAdır ki, xasiyyəti, xarakteri, insanlara və ədəbiyyata sevgisi dəyişməyib.
Mən onu demək olar ki, işə getdiyim hər gündə görürəm. Budur, sakit, təmkinli Abbas Abdulla Yazıçılar Birliyinin giriş qapısından içəri girir, ikinci mərtəbəyə, qocaman şairimiz, ustad Fikrət Sadığın, şairə Mahirə Abdullanın da qərar tutduğu otağa daxil olur, hal-əhval, salamlaşmadan sonra gündəlik qəzetlərə baş vurur, sonra öz işiynən məşğul olur.Hərdən mənim də bu iki ağsaqqal, müdrik şairin otağına yolum düşür. Bir də görürsən ki, şeir yazmağa əlli yaşından sonra başlayan, ya da təqaüdə çıxandan sonra şair olmaq istəyən neçəsi Fikrət Sadığın (Fikrət müəllim Birlikdə poeziya üzrə məsləhətçidir) yanına təşrif buyururlar, başlayırlar “şeir” oxumağa, onda Abbas Abdulla dözə bilməyib hirslə əlini əlinə çırpır və o “şair” otağı tərk edənə qədər koridorda var-gəl eləyir). “Natəvan” klubunda tədbir keçiriləndə də dairəvi stol ətrafında deyil, tamaşaçılar üçün ayrılan yerlərin birində əyləşir, ona söz veriləndə çənədən saz olan bəzi natiqlərdən fərqli olaraq çox danışmır, iki-üç dəqiqə ərzində sözünü deyib qurtarır. Bəzən də görürsən ki, səbri tükənir, tədbirin formaca xeyli “zəngin”, mənaca bəsit olduğunu duyub qayıdır öz otağına. Çox sakit, abırlı adamdır Abbas Abdulla. Amma mən onun istər öz iş otağında, istərsə də Yazıçılar Birliyindən kənarda keçirilən rəsmi məclislərdə və qonaqlıqlarda bir-iki dəfə kükrəyib-daşdığının şahidi olmuşam. O yerdə ki, ədəbiyyatımızın və ustad sənətkarlarımızın ünvanına urvatsız sözlər deyilir...O zaman ki, milli-mənəvi dəyərlərimizə əks olan bir fikir eşidilir.
Abbas Abdulla dünya görmüş adamdır, Türkiyədə, Ukraynada, Rusiyada, dünyanın bir çox ölkələrində adlı-sanlı dostları var. Amma hələ ki, memuar yazmağa tələsmir.
Təbii ki, mən onun insani rəftar və davranışını, evdə, ailədə bir ata, evin kişisi, baba kimi bütün cizgilərini təsvir edə bilmərəm. Onu deyə bilərəm ki, həyatda gördüyüm Abbas Abdulla ilə şeirlərində gördüyüm Abbas Abdulla arasında heç bir ziddiyyət hiss eləmirəm. Və ədəbiyyatımızın daimi bir oxucusu və tənqidçi kimi deyə bilərəm ki, istəyir hər gün şeir yazsın, istəyir aylarla heç yerdə bir yazısı belə çıxmasın, bu gün bu çoxsaylı Azərbaycan ədəbiyyatı cəmiyyətini Abbas Abdullasız təsəvvür eləmək olmaz.. Son əlli ilin poeziyasını da onsuz təsəvvür eləmirəm.
Bir ovuc içinə asanlıqla yerləşə biləcək “Ağlı-qaralı dünya” adlı kitabı var Abbasın. O kitabda Abbasın doğulduğu qədim Azərbaycan torpağı Borçalının saz-söz-mahnı-bayatı ahəngi ilə səsləşən orijinal şeirləri ilə qarşılaşıram. O bayatılar əlimdən tutub o qədim diyarın gözəlliklərinə çəkir məni, Vətənin kiçik-kiçik kəndlərinin, obalarının, yurd yerlərinin dağını, daşını, gülünü, çiçəyini tanıyırsan, Abbasın gəzdiyi, dolaşdığı yerləri sən də dolanırsan.

Bu çala Ortaçala
Orta yurd, orta çala.
Yar könlümün sazını
Götürüb orda çala.
Bu oba Sadaxlıdı
Sevinc-qəm ortaxlıdı,-
Bir yar sevdim, sevindim,
Gördüm ki, adaxlıdı.
Bu oba Ayortadı,
Köhlənin ha yortadı-
Vədə verdin gəlmədin,
Gün keçdi, ay ortadı.
Bu kənd Kəpənəkçidi,
Girmə, bağlar içidi.
Bura babam məskəni,
Özgələri nəçidi?!
Abbas Abdulla o şairlərdən deyil ki, poeziyada yalnız xalq şeiri ənənələrinə üz tuta və ömrünün sonunacan belə güman eləyə ki, elə Azərbaycan şeirinin yolu budur. Və Abbas Abdulla o şairlərdən də deyil ki, yalnız sərbəst şeirə üz tuta və deyə ki, mən yenilikçiyəm, yolum budur. Abbas Abdulla üçün heca da, sərbəst də –hər ikisi doğma və əzizdir. Təki ortada ŞEİR olsun, fikirlə hissin vəhdətini, ağılla ürəyin birliyini əks etdirən şeir. Onun kitablarının birinə yazdığı müqəddimədə iki kiçik xatirəni misal gətirim: “Mənim laylamı dilindən bayatılar əskik olmayan anamla yanaşı, aşıq musiqisi çalıb. Aşıq şeiri ənənələrindən çox şey öyrənmişəm, yenə də öyrənirəm. Kəndimizdən on-on beş kilometr aralı Faxralı kəndində, orta təhsil aldığım illərdə, həftədə bir dəfə yolu yaşıdlarımla piyada gedib-gələrdim və yol boyu onlara ölməz şairimiz Səməd Vurğunun şeirlərini əzbər deyərdim. Səməd Vurğunu lap uşaqlıqdan oxuyurdum, sevmişdim”. İndi isə ikinci xatirə: “Heç yadımdan çıxmır: 60-cı illərin əvvəllərində Yazıçılar İttifaqının “Gənclər günü”ndə şeirlərimi oxudum. Fikirlər haçalandı. Yaşıdlarımdan biri ayağa durub heyrətlə dilləndi: – Əşi, bu lap Rəsul Rza kimi yazır ki... Həm də elə dedi ki, elə bil məni cinayət başında yaxalamışdı. Yaşıdımın bədii zövqünün bu ürək göynədən bəsitliyini illər keçsə də, unuda bilmirəm. Unuda bilmirəm ona görə ki, o, məni şeirlərimin məzmununa, sənətkarlığına görə yox, sadəcə formasına görə təqsirləndirirdi. Və unudurdu ki, özü yüz illərlə şairlərimizin yazdığı formalarda şeir yazır”. Bu iki kiçik xatirədən sonra Abbas Abdullanın yaradıcılıq məramını açıqlayan bir fikri: “Səməd Vurğun poeziyası mənim üçün ana südüdür, Rəsul Rza poeziyası isə havadır, sudur, çörəkdir. Körpəlikdə mayası ana südü ilə tutulmayan çocuğun cılız böyüyəcəyinə, sısqa olacağına şübhəm yoxdur; havası, suyu çatmayan, çörək tapmayan böyüyün də yaşayacağına ümidim”.
Əlbəttə, indi yeni eranın və yeni əsrin başlanğıcında keçən əsrin ortalarında olduğu kimi vəzn söhbəti, “sərbəstmi, hecamı birincidir” lüzumsuz söz-söhbəti eşidilmir. Nə yaxşı... Hər ikisində poeziyamızın inciləri sayılan yüzlərlə gözəl şeirlər var və hər ikisində minlərlə boz ədəbiyyat nümunəsi də var. Abbas Abdullanın şeirlərinə gəldikdə isə çoxçeşidli və deyərdim ki, işıqlı bir mənzərə ilə qarşılaşırsan. Onun hələ yetmişinci illərdə qələmə aldığı “Göy üzünə yazılmış şeirlər” silsiləsində xalq şeiri ilə müasir poetik təfəkkürün sintezi, sərbəst şeirə xas olan ritm və melodiya ilə “Dədə Qorqud” intonasiyası vəhdətdədir. Bu silsilədə sərbəst şeir də var, heca da, amma professional oxucu heç bunun fərqinə də varmır, çünki ortada ŞEİR durur. Həm də bu silsilədə milliliklə bəşərilik, doğulduğun yurd yeli ilə Dünya birləşir sanki. Onun Adamlı, Ulduzlu, Sağlı, Sollu, İşıqlı, Ormanlı, Ağaclı, Sabahlı, Gözlü, Qulaqlı, Aranlı, Dağlı, Şübhəli, İnamlı, Ərməğanlı, Alabəzəkli, Rüzgarlı, Atalı, Yağmurlu, Günəşli, Dərdli dünyasında “bir yaşıl sevdalı insan” dünyanı aqilanə tərzdə seyr edir. Yox, bu, sadəcə seyr deyil, bir bəşər övladının dünyaya sözüdür. Lirik-fəlsəfi düşüncələrdir:
Bu dünyanın şəhərləri
Məni görmək dilərmi ola?
Evlərinə qonaq getsəm,
Tanıyarmı, bilərmi ola?
Göyə dayaqdı damları,
Çiçək açar badamları,
Mən ağlasam, adamları
Göz yaşımı silərmi ola?

Bu dünyanın körpüləri
Birləşdirib göyü, yeri
Yol gözləyir Təbriz şəhəri
Bəxt üzümə gülərmi ola?
Belə bir gün tezcə gələ,
Bu sahildən o sahilə
Toya gedək deyə-gülə,
Abbas onda ölərmi ola?
Abbasın üç ənənəvi mövzuda (Vətən, təbiət, sevgi) yazdığı şeirlərdə də həm məzmun, həm də fikrin poetik ifadəsi baxımından yeni çalarlar hiss edirsən. İndi onun iyirmi, otuz, qırx il əvvəl yazdığı şeirləri, “İnam saatı” və “Klimena” poemalarını oxuyanda “bunlar köhnəlməyib”, “lap indicə yazılıb” deyə fikirləşirsən. Abbas Abdulla XX əsr Azərbaycan poeziyasının “qızıl dövrü” sayılan altmışıncı illərin ədəbi mühitində formalaşıb, o dövrün “yeni şeir quruculuğunda” onun da əməyi var. Şeirimizin istər məzmun, istərsə də formaca zənginləşməsində A.Abdulla da poetik səyini əsirgəməyib. Siz onun “Yurd yerindən gələn səslər” silsiləsini oxuyun, “Ukrayna naxışları” ilə tanış olun, “Türkiyə dəftəri”ni vərəqləyin, böyük gürcü yazıçısı İlya Çavçavadzenin həyatı və faciəli ölümündən söz açan “Ömür yolu-ölüm yolu” poemasına diqqət yetirin... dediklərimin şahidi olarsınız.
O, Azərbaycan şeirində bir əsrlik tarixi olan sonetə üz tutur, bu sonetə bir qoşma ahəngi də qatır (“Azərbaycan sonetləri”), artıq bizim poetik əraziyə isinişən bu formada milli duyğularını ifadə edir:
Bütün anaları sevdiyim kimi
Sevirəm hamının ana dilini,-
Farsın, fransızın, yaponun, çinin,
Ərəbin, almanın ana dilini.
Vurulan məhkumun, vuran cəlladın,
Yenilməz atanın, dönük övladın,
Yaxının, uzağın, doğmanın, yadın,
Yaxşının, yamanın ana dilini.
Dil yasaq edənin dilini kəsin,
Qoy dinə bilməsin, ancaq heç kəsin
Əlindən almayın ana dilini.
Gödək ömrümüzü uzadır ana,
Uca tanrıdan da ucadır ana,
Ayağa salmayın ana dilini.
Abbas Abdulla, yazının əvvəlində misal gətirdiyimiz şeirində yazır ki, mən bir neçə dil bilirəm. Bəli, Abbas ana dilimizdən başqa rus, Ukrayna və türk dillərini çox əla bilir, bu dillərdə orijinaldan xeyli tərcümələri də var. Abbas bir sıra tanınmış türk şairlərini, Maksim Rılski, Taras Şevçenko, İ.Kotlyarevski, L.Ukrainka, İ.Draç kimi görkəmli Ukrayna şairlərini Azərbaycan oxucularına sevdirib, hətta Ukrayna-Azərbaycan ədəbi əlaqələri sahəsində böyük xidmətlərinə görə M.Rılski adına ədəbi mükafata da layiq görülüb. Bu gün çoxları heç bir mənəvi haqqı olmadan özünü turançı, türkçü adlandırır, amma bunu heç dilini gətirməyən Abbas Abdullanı biz elə sovet dönəmində türkçü və turançı kimi tanıyırdıq.
Əlbəttə, Abbas Abdullanın 70 yaşına həsr etdiyim bu kiçik yazıda onun keçdiyi ömür yolunu dolğun şəkildə canlandıra bilməsəm də, bir cəhətdən tam arxayınam ki, o, çox nikbin insandır, sabaha inamla boylanan bir şairdir. Bir şeirində deyir ki:
Haradasa bir şirin göz yaşı axar içinə,
Haradasa şəhərlilər fabriklərə axışar,
Haradasa kəndlilər başlayar əkinə,
biçinə,
Haradasa diplomatlar bir yerə yığışar
ömürləri uzatmaq üçün.
...Nə biləsən, ölüm belə yaxındı?..
Dünyada dəyişməyən nədir?
Ölüm!
“İnsan ömrü daha uzun olacaq..”,
gülüm,
İnan buna!
Baxma ölümdən qoruna-qoruna
yorulduğuma,
Mən də yaşayacağam.
Vaqif YUSİFLİ




Bu yazı ( 658 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar