12px14px16px18px

Sara Qədimovanın 90 illiyi qeyd olunub

01:15 / 25.05.2012
Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, Xalq artisti Sara Qədimovanın 90 illik yubileyi keçirilib. Tədbiri əməkdar incəsənət xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev açaraq Sara Qədimovanın həyat və yaradıcılığından danışıb: “Sara Qədimovanın adı musiqi tariximizə qızıl hərflərlə yazılıb. O, dəqiq diksiyası, qüsursuz səsi, yüksək ifa və səhnə mədəniyyəti olan sənətkar idi. Sara Qədimovanın bənzərsiz, ürəyəyatan və geniş diapazonlu, yaddaqalan səsi vardı. Bu səs ona bütün muğamları və çətin mahnıları oxumağa imkan verirdi. Məsələn, “Bayatı Şiraz” muğamını tamam dəsgah oxumaq hər qadın ifaçının işi deyil. Hətta bəzi kişi müğənnilər belə, “Bayatı Şiraz”ın öhdəsindən ustalıqla gələ bilmirlər. Sara xanımı başqa ifaçılardan fərqləndirən bir sıra üstün cəhətləri vardı. Muğam sənətinin sirlərinə Şövkət Ələkbərova və Gülağa Məmmədovla birgə Hüseynqulu Sarabskinin sinfində aldığı dərslərdə yiyələnən Sara Qədimova peşəkar səhnədə ilk addımlarını atan gündən şöhrət qazanıb və sevilib. Onun diqqət cəlb edən xüsusuiyyətlərindən biri də zəhmətsevərliyi və olduqca cəsarətli olması idi. Hələ repressiya ağrılarının davam etdiyi zamanlarda o, çəkinmədən Müşfiqin şeirlərindən muğamlarda istifadə edir, cəsarətlə oxuyurdu”. Tədqiqatçı Çingiz Fərəcov çıxışında Sara Qədimova ilə bağlı xatirələrini bölüşüb, onun yaradıcılığındakı bir sıra maraqlı məqama toxunub: “Ötən əsrin 50-ci və 60-cı illəri Sara xanımın şöhrətinin gur vaxtları idi. Onun ifa etdiyi “Tar çalan oğlan”, “Ay işığında”, “Pıçıldaşın ləpələr”, “Ürəkdir sevən səni”, “Nə vaxta qaldı” və onlarca başqa mahnı dillər əzbəri olmuşdu. Misir və Türkiyənin keçmiş prezidentləri Camal Əbdül Nasirlə Süleyman Dəmirəl Sara xanımın sənətini yüksək qiymətləndirirdilər. Azərbaycana birinci səfəri zamanı Sara xanımı dinləyən Süleyman Dəmirəl 29 il sonra onu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdi”. Xalq artistləri Arif Babayev, Canəli Əkbərov, İlhamə Quliyeva da mərhum sənətkarla bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda Sara Qədimovanın oğlu – görkəmli müğənni Akif İslamzadə tədbirin təşkilində əməyi olan insanlara təşəkkürünü bildirib. Ədəbi-bədii gecədə Xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov, Nəzakət Teymurova, xanəndələr İlkin Əhmədov, Vüsalə Musayevanın ifasında musiqilər səslənib. Gecədə Sara Qədimovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. GÜNEL


Bu yazı ( 241 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar