12px14px16px18px

Ermənistandakı seçkidə kütləvi saxtakarlıq

NAMİZƏDLƏR SEÇKİ MƏNTƏQƏLƏRİNDƏ HƏR SEÇİCİYƏ 25-38 DOLLAR RÜŞVƏT TƏKLİF EDİBLƏR

11:30 / 08.05.2012

Ermənistanda keçirilən parlament seçkilərində prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının qalib gəldiyi açıqlanıb. APA-nın xəbərinə görə, 1982 seçki məntəqəsindən 1791-nin nəticələrinə əsasən Respublika Partiyası 44,2 faiz səs toplayıb. İkinci sırada 30,32 faizlə “Çiçəklənən Ermənistan” Partiyası gəlir. Müxalifətin geniş koalisiyasını özündə birləşdirən Erməni Milli Konqresinə 7,2 faiz səs yazılıb. Daşnaklar 5,66 faiz səs alıb.
Qeyd edək ki, proporsional sistem üzrə parlamentə keçə bilmək üçün minimum 7% səs tələb olunur. Səsvermənin gedişini ATƏT missiyasının tərkibində 350 beynəlxalq müşahidəçi izləyib.
Ermənistan mətbutının yazıdığına görə, parlament seçkiləri kütləvi qanun pozuntuları ilə müşayiət olunub. Qeqarkunik vilayətində hakim Ermənistan Respublika Partiyası hər seçiciyə 15 min dram (38 dollar), “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları isə 10 min dram (25 dollar) rüşvət veriblər.
“Armİnfo”nin yazdığına görə, 14 saylı seçki dairəsində deputatlığa namizədlər seçicilərə rüşvət vermək üçün açıq hərrac keçiriblər. Eyni koalisiyada təmsil olunan iki partiyanın öz seçicilərinə eyni miqdarda – 25 dollar rüşvət təklif etməsi seçiciləri çaşdırıb. Pul alan seçicilər hansı namizədə səs verəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkiblər. 11 saylı seçki dairəsində isə namizədlərdən biri rəqibini üstələyərək hər seçiciyə verilən rüşvətin miqdarını 12 min drama (30$) qaldırıb. Rəqib partiyaların namizədləri səsvermə məntəqəsi qarşısına toplaşmış seçicilərin dəstəyini itirdiklərini anlayaraq qiyməti 15 min drama (38$) qaldırıblar. Helsinki Vətəndaş Assambleyasının Vandzor Ofisinə seçicilərə məntəqələrdə pul təklif edilməsi ilə bağlı çoxsaylı məlumatlar daxil olub.
Ermənistanda keçirilmiş parlament seçkilərində qeydə alınan digər kütləvi qanun pozuntusu vətəndaşın vəsiqəsinə səs verdiyi barədə xüsusi möhür vurulması ilə bağlı olub. Məsələn 10 saylı seçki dairəsinin 1 saylı məntəqəsində vəsiqələrə möhür vurulsa da, mürəkkəb 15 dəqiqə sonra buxarlanaraq yoxa çıxıb və bundan istifadə edən seçicilər başqa məntəqələrdə təkrar səs veriblər. Müxalifət bir seçicinin bir neçə dəfə səs verməsinə şərait yaradan bu addımı hakimiyyətin seçkilərin nəticələrini kütləvi şəkildə saxtalaşdırmaq cəhdi kimi dəyərləndirib.





Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar