12px14px16px18px

“İrəli”nin media ilə münasibətləri hər zaman yüksək səviyyədə olub”

İCTİMAİ BİRLİYİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ NƏZAKƏT ƏLİYEVA QURUMUN KİV-lə ƏLAQƏLƏRİNİ DAHA DA GÜCLƏNDİRMƏYƏ ÇALIŞDIĞINI BİLDİRİR

01:49 / 19.04.2012

Ölkənin aparıcı gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyi 2005-ci avqustun 26-da yaradılan “İrəli” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. “İrəli” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini birləşdirərək ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. “İrəli” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul edib və 24 dekabr 2008-ci ildə isə “İrəli” İctimai Birliyi təsis olunub. “İrəli”də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hazırda 22700 nəfərdən artıq gənc və 12 təşkilat “İrəli”yə üzvdür. “İrəli”nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir, bununla yanaşı Avropanın 13 şəhərində təşkilatın əlaqələndiriciləri fəaliyyət göstərir. Təşkilatın tərkibində “İrəli Media”, “İrəli Radio”, “İrəli TV” kimi strukturlar fəaliyyət göstərir.
Birlik Azərbaycanda yeni formatlı, müasir texnologiyalara və iş üslubuna əsaslanan təşkilat qurmağa, əhalinin fəal kateqoriyası sayılan gənclərin təfəkkürünün yeniləşməsinə, demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş simasının formalaşmasına öz töhfəmizi verməyi qarşıya məqsəd qoyub. Təkamülü cəmiyyətimizin inkişafının yeganə yolu kimi qəbul edib, bu istiqamətdə gənclərin fəal iştirakının təmin edilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndirir. Birlik yenilikçilik, yenilikçi olaraq da cəmiyyətdə yeniləşmə və modernləşmənin inteqratoru kimi çıxış edir.
Birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə, seminar, tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və KİV-lə əlaqələrin səmərəliliyini təmin etmək üçün “İrəli” İctimai Birliyində mətbuat xidməti fəaliyyət göstərir. Xidmətin rəhbəri isə Nəzakət Əliyevadır.



– “İrəli” İctimai Birliyinin mətbuat xidməti nə vaxtdan fəaliyyət göstərir. Ötən müddət ərzində bu qurumun fəaliyyətində, KİV-lə əməkdaşlıq sahəsində hansı yeniliklər tətbiq olunub?
– Bildiyiniz kimi, “İrəli” İctimai Birliyi 24 Dekabr 2008-ci ildə təsis olunmuşdur. Lakin bundan öncə İrəli 2005-ci ildə “İrəli” Ümumrepublika Gənclər Hərəkatı kimi fəaliyyət göstərmişdir. O vaxtdan etibarən İrəli KİV-lə sıx əməkdaşlıq etmiş, yeni əlaqələr qurmuş və təşkilatın fəaliyyəti mediada mütəmadi işıqlandırılmışdır. O dövrdə hətta təşkilatın özünün mütəmadi olaraq nəşr etdiyi “İrəli” Press” adlı qəzeti də çap olunurdu. Qəzetdə təşkilatın bütün fəaliyyəti ardıcıl olaraq işıqlandırılırdı. Hal-hazırda da İctimai Birliyin mətbuat xidməti KİV-lə sıx şəkildə əlaqələr qurub. Hətta son illər ərzində istər televiziyada, istər radioda, istər informasiya agentliklərində, istərsə də qəzetlərdə əks olunmuş fəaliyyətinin arxivi yaradılıb.
– “İrəli”nin mətbuat xidməti həm də ən fəal, KİV-lə sıx əməkdaşlıq edən mətbuat xidmətlərindən biridir. Xidmətin iş prinsipi barədə məlumat vermənizi istərdik.
– Mətbuat xidmətimiz KİV-lə münasibətlərə hər zaman çox önəm verir. Bildiyimiz kimi, istənilən bir təşkilatın, qurumun faəliyyəti KİV-də işıqlandırılmadan öz əhəmiyyətinin böyük bir hissəsini itirir. Belə ki, göstərilmiş fəaliyyət işıqlandırılmadan, onu ictimaiyyətə çatdırmaq, məlumatlandırmaq mümkün deyildir. Burada jurnalist əməyinin böyük rolu vardır. Biz istər hər hansı bir kiçik tədbirimiz, istərsə geniş, istərsə də ölkəmizi və hətta beynəlxalq arenanı əhatə edən layihələrimizi ilk olaraq mediayla paylaşırıq.
– Nəzakət xanım, artıq neçə vaxtdır ki, Siz Birliyin mətbuat katibi vəzifəsində çalışırsınız. Bu vəzifədə çalışmanız “İrəli” ilə media arasında münasibətlərin qurulmasına necə təsir edib?
– “İrəli” İctimai Birliyinin mətbuat katibi vəzifəsinə bir müddətdir təyin olunmuşam. Çalışıram ki, bu neçə illər ərzində təşkilatımızın KİV-lə qurduğu əlaqələri bu tendensiyada davam etdirərək daha da genişləndirib möhkəmləndirim. Onu da qeyd edim ki, bu sahədə təcrübəm var. İrəli hərəkat kimi fəaliyyət göstərdiyi dövrlərdə “İrəli” Press adı altında çap olunan qəzetin məsul katibi vəzifəsində çalışmışam.
– Mətbuatla əlaqəni necə qurursunuz, KİV nümayəndələri ilə, konkret jurnalistlərlə əməkdaşlıq etmək, onlarla işləmək çətin deyil ki?
– “İrəli”nin media ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. İstər hərəkat vaxtında, istərsə birlik təsis olunduğu gündən etibarən bu belədir. Biz jurnalistlərlə işləməyi xoşlayırıq, fikrimcə, jurnalistlər də bizimlə çalışmaqdan məmnundurlar. Çünki biz qarşılıqlı anlayış və əməkdaşlıq içində işləyirik. KİV-lə işləmək qətiyyən çətin deyil, əksinə biz bundan çox məmnunuq. Bizim fəaliyyətimizi hər zaman işıqlandırdıqlarına və bizimlə əməkdaşlıq etdiklərinə görə mediamıza sonsuz təşəkkürümüzü bildiririk.
– Birliklə işləyən jurnalistlərin peşəkarlığı Sizi qane edirmi?
– Bəli, bizimlə çalışan jurnalistlər peşəkar olmasaydı, “İrəli”nin bütün fəaliyyətini mütəmadi şəkildə mediada izləyə bilməzdik.
– Jurnalistlər bəzi mətbuat xidmətlərinin işindən narazıdırlar. Onları lazım olan anda yerlərində tapa bilmirlər, telefonları isə qapalı olur. Sizi axtaranda həmişə yerinizdə tapmaq mümkün olurmu?
– Ümumiyyətlə hər hansı bir qurumun mətbuat xidməti jurnalistlərə hər zaman yaxın olmalıdır. Ona görə də mətbuat xidmətinin işi elə qurulmalıdır ki, istənilən zaman KİV nümayəndələri onlarla əlaqə saxlaya bilsinlər. Bu çox önəmli məqamdır. Bizim mətbuat xidmətinin iş prinsipi elə qurulub sistemləşdirilib ki, media nümayəndələri istənilən an bizi tapa bilər. Düşünürəm ki, onlar heç bir zaman bizimlə əlaqə qurmaqda çətinlik çəkmirlər.
– Sizcə, media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi hansı keyfiyyətlərə malik olmalıdır? Bunun üçün peşəkarlıq, təşəbbüskarlıq, yoxsa ünsiyyət qurmaq qabiliyyətinin olması vacibdir?
– Mətbuat katibi dinamik, təşəbbüskar, cəld, ünsiyyətcil, təmsil etdiyi qurumu tam sərbəst şəkildə təmsil edə biləcək və ən əsası məsuliyyətli olmalıdlr. Bütün bu keyfiyyətləri özündə birləşdirə bilən bir şəxs həm peşəkar mətbuat katibi olacaqdır, həm də çalışdığı qurumun fəaliyyətinin müsbət istiqamətdə inkişaf etməsində yaxından iştirak edəcəkdir.
– QHT media əlaqələrinin indiki vəziyyəti Sizi qane edirmi?
– Son illərdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqqında sıx-sıx eşidirik, oxuyuruq və izləyirik. Düşünürəm ki, burada həm professional fəaliyyət göstərən mətbuat xidmətlərinin, həm də onlara informasiya dəstəyi göstərən dəyərli jurnalistlərimizin böyük rolu vardır. Ümumiyyətlə, hazırkı dövrdə QHT media əlaqələrini kifayət qədər inkişaf etmiş hesab etmək olar. Hazırda dövlətin informasiya siyasəti fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Bu gün modernləşmə kursu cəmiyyət həyatının bütün sahələrinə təsirini göstərdiyi kimi bu sahədən də yan keçməyib. Bu sahədə müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması buna nümunədir.
Sevinc QARAYEVA




Bu yazı ( 242 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar