12px14px16px18px

10 yaşlı “Hərbi And” qəzeti:vətənpərvərliyin və ordunun təbliği yolunda

00:39 / 13.04.2012
Mətbuat demokratik inkişafı şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan müstəqillik əldə etmiş bir respublikada mətbuatın inkişafı önəmli şərtdir. Lakin Azərbaycan mətbuatında 90-cı illərin əvvəllərində – ölkəmiz müstəqilliyə qovuşduğu ilk vaxtlarda söz və mətbuat azadlığından danışmaq qeyri-mümkün idi. Cərəyan edən məlum hadisələr mətbuata da öz mənfi təsirini göstərirdi. Bu gün isə vəziyyət tam əksinədir. Artıq milli mətbutamızda azərbaycançılıq ideologiyası təbliğ olunur. Və bir məqamı da unutmamalıyıq ki, ölkəmizdə milli mətbuatın inkişafı məhz ümummilli lider Heydər Əliyevin bu istiqamətdə apardığı siyasətlə birbaşa bağlıdır. Ulu öndərin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmana əsasən, ölkə mətbuatında senzura ləğv edildi. Bu da KİV-in azad fəaliyyət göstərməsi üçün mühüm addım oldu. Və bu gün Azərbaycan mətbuatı çox önəmli keçid dövrünü yaşayaraq XXI əsrin reallıqlarına cavab verə bilir.
Belə bir dönəmdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) 2002-ci ildə Azərbaycanda ilk müstəqil hərbi mətbuat orqanı olan “Hərbi And” qəzetini təsis etdi. Beləliklə, bu il “Hərbi And” qəzetinin 10 yaşı tamam olur. Eyni zamanda, bir müddət əvvəl qəzetin internet versiyası da hazırlanıb və herbiand.az ünvanlı sayt oxucuların ixtiyarına verilib ki, bu da önəmli hadisələrdən biridir.
Qəzetin ilk sayı oxucusuna təqdim olunanda kollektivlə birgə olmadığıma baxmayaraq, o zaman yaşanan həyəcanı qeyd etməyə bilmərəm. Əslində o zaman qəzetin yaranma zərurəti mövcud vəziyyətdən meydana gəlmişdi. Ölkədə hərbi vətənpərvərliyin, Silahlı Qüvvələrin nailiyyətlərinin təbliğ olunmasına böyük ehtiyac vardı. Eyni zamanda KİV-də ordu haqqında qərəzli fikirlərin yer alması ictimaiyyət arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarmışdı. Məhz belə bir vaxtda ordudan tərxis olunmuş bir qrup gənc müstəqil hərbi mətbu orqanın yaradılmasına təşəbbüs göstərdi. İlk sayından uğurlarının başlanğıcı qoyulan qəzet ətrafına vətənpərvər ziyalıları, hərbi sahəyə maraq göstərən jurnalistləri topladı.
Hərbi-hüquqi vətənpərvərlik qəzeti olan “Hərbi And”ın ən ümdə vəzifəsi ümummilli lider Heydər Əliyevin ideyalarını təbliğ etməkdir. Nəşr olunduğu müddət ərzində qəzet Azərbaycan mətbuatında bir çox önəmli işlərə imza atıb. İlk saylarından vətənə məhəbbət, düşmənə nifrət ruhunda silsilə materiallar təqdim edən “Hərbi And” ordu-cəmiyyət əlaqələrinin güclənməsinə yönələn yazılar dərc edib. Və qəzetin bu istiqamətdə ən uğurlu layihəsi TOHGMİB ilə birgə Ordunun Dostları Mətbuat Klubunun (ODMK) yaradılması oldu. ODMK KİV orqanları vasitəsilə sistemli və ardıcıl iş apararaq, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti haqqında düzgün və obyektiv ictimai rəyin formalaşmasında, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdi. Eyni zamanda mətbuatda hərbi və dövlət sirrlərinin yayılmasına qarşı hər bir jurnalistin vətəndaş mövqeyindən çıxış etməsinin təmin edilməsinə şərait yaratdı. Klub vasitəsilə jurnalistlər birbaşa cəbhə xəttindən reportaj hazırlamaq imkanı əldə etdilər. ODMK fəaliyyət göstərdiyi müddət ərzində jurnalistlərin, baş redaktorların cəbhə bölgələrinə səfərlərini təşkil edib. Eyni zamanda ODMK-nın təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin rəhbərliyinin hərbi hissələrə səfəri olub. Bundan başqa Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ziyalılarımızın – yazıçılarımızın, şairlərimizin, qəzet baş redaktorlarının, jurnalistlərin kursantlarla və müəllim heyətilə görüşləri təşkil edilib. Bütün bu görüşlərin keçirilməsində isə ODMK qarşısında bir məqsəd dayanıb. Ordu ilə cəmiyyət arasında təmas qurmaq, Kütləvi İnformasiya Vasitələrində ordu-cəmiyyət münasibətlərinin düzgün əks etdirilməsinə nail olmaq. Əminliklə deyə bilərəm ki, klub öz məqsədlərinə mütəmadi olaraq çata bilib. Keçirilən görüşlər, təşkil olunan səfərlər bu missiyanın öhdəsindən gəlməyi bacarıb. Xüsusi olaraq qeyd etmək istərdim ki, ODMK qəzetin ən uğurlu layihələrindən oldu. Bu gün də klub üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
“Hərbi And”ın ikinci böyük uğuru Azərbaycan-Türkiyə dostluğunu və hərbi əməkdaşlığını tərənnüm edən, ortaq tariximizin şərəfli səhifələrindən olan 15 sentyabrın – Bakının işğaldan azad olunması gününün qeyd edilməsilə bağlıdır. Bu tarixi gün münasibətilə TOHGMİB Türkiyə səfirliyilə birgə silsilə tədbirlər təşkil edib. Həmçinin, mətbuatda müsabiqə, uşaqlar arasında rəsm sərgisi, elmi-praktik konfranslar, bayram konserti keçirilib. Mini futbol turniri təşkil edilib. Bölgələrdə bu günün keçirilməsinə nail olunub. Bu tarixi gün münasibətilə hər il “Hərbi And”ın xüsusi buraxılışları hazırlanır. Hərbi andçılar böyük tarixi əhəmiyyətə malik olan bu günü qeyd etməyi özlərinə borc bilirlər. Bu eyni zamanda hər iki ölkənin gəncləri arasında əlaqələrin möhkəmlənməsi üçün böyük bir zəmindir.
Hərbi vətənpərvərlik təbliğatının aparılmasını, müharibədə mərdliklə vuruşan qəhrəmanlarımızın döyüş yolunu əks etdirən yazıların dərc olunmasını qarşısına məqsəd qoyan “Hərbi And” gənclərimizin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Qarabağda əlil olmuş gənclərin fiziki və mənəvi inkişafına dəstək” layihəsi bu qəbildəndir. Layihə çərçivəsində kollektivimiz bir qrup müharibə veteranı ilə görüşlər keçirdi. Onların problemləri ilə yaxından tanış olaraq həll olunması istiqamətində mühüm tədbirlər gördü. Eyni zamanda müharibə veteranlarının döyüş yolu ilə bağlı maraqlı söhbətlər aparılaraq “Hərbi And”ın xüsusi buraxılışları hazırlandı. Layihənin sonunda müharibə əlillərinin hüquqları haqqında qanunların, sıralarında müharibə əlillərini və veteranları birləşdirən QHT-lərin fəaliyyəti haqqında məlumatların və qəhrəmanlıq mövzusunda yazılmış məqalələrin yer aldığı “Vətən sevgisi” adlı kitab hazırlanaraq çap olundu. Belə bir kitabın nəşr olunaraq gənclər arasında paylanması bu gün üçün aktual olan şərtdir. Gənclərimiz kitab vasitəsilə müharibədə qəhrəmanlıq nümayiş etdirən igidlərimizin döyüş yolu ilə yaxından tanış olmaq imkanı əldə edə bildilər. Təbii ki, qəzetimizin bütün saylarında biz bu mövzulara yer ayırırıq. Oxucularımız “Hərbi And”ın səhifələrində türk hərb tarixindən, fatehlərdən, Babək, Qaçaq Nəbi, Şah İsmayıl Xətai dövründən ta bugünümüzə qədər olan qəhrəmanlarımızdan, dahi şəxsiyyətlərimizdən, sərkərdələrimizdən, Nizamidən, Füzulidən, Nəsimidən bu yana şair və yazıçılarımızdan, bir sözlə şanlı tariximizdən, milli əxlaqi dəyərlərimizdən ətraflı məlumat ala bilirlər. Biz hər zaman çalışırıq ki, oxucularımızın istəyi ilə, onları maraqlandıran mövzularla qarşılarına çıxaq. Əlamətdar günlərimizlə əlaqədar qəzetimizin xüsusi buraxılışları hazırlanıb. Həmçinin Gənclər Forumunda xüsusi buraxılışlar hazırlanaraq tədbir iştirakçıları arasında paylanılıb. Eyni zamanda kollektivimizlə birgə Silahlı Qüvvələr günündə, bayramlarda hərbi hissələrdə görüşlər keçirərək onların əhval-ruhiyyələrinin yüksək olması üçün konsertlər təşkil etmişik.
“Hərbi And”ın uğurları sırasında kollektivimizin qazandığı nailiyyətləri qeyd etməmək mümkün deyil. Yeni Azərbaycan Partiyasının keçirdiyi yazı inşa müsabiqələrində üç nəfər həmkarımızın birincilik əldə etməsi, həmçinin respublika üzrə keçirilən yazı müsabiqələrində əməkdaşlarımızın yüksək mükafatlara layiq görülməsi, Gənclər və idman naziri Azad Rəhimovun qəzetimizin 8-ci ildönümü münasibətilə və gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə, eyni zamanda Azərbaycan Respublikası Könüllü Hərbi vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının ötən il qəzetimizin 9 yaşı münasibətilə və hərbi vətənpərvərlik mövzusunda qələmə aldıqları yazılara görə əməkdaşlarımızı fəxri fərmanla təltif etmələri hərbi andçıların öz üzərlərində çalışmalarının bariz nümunəsidir.
Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illiyi münasibətilə imzaladığı sərəncama əsasən, “Tərəqqi” medalına layiq görülməyim jurnalistlik həyatımda ən böyük uğurlarımdandır. Bu uğur nəinki mənim, bütün kollektivin uğuru idi. Bu gün dövlət başçısının birbaşa rəhbərliyi altında mətbuatımıza göstərilən diqqət və qayğı ayrı-ayrılıqda jurnalistlərə göstərilən qayğının bir nümunəsidir. Jurnalistlər də onlara göstərilən bu etimadı hər zaman doğrultmalıdır. Bir məqamı unutmamalıyıq ki, mətbuat cəmiyyətin aynasıdır və bu sahədə çalışan hər bir qələm sahibi fəaliyyəti boyu həqiqəti, düzgünlüyü və obyektivliyi başlıca meyar kimi qəbul edib daim buna əməl etməlidir.
Elnurə QARAYEVA



Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar