12px14px16px18px

“QHT-media əlaqələrinin indiki vəziyyəti ümumən normal sayıla bilər”

GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASI MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ORXAN ƏLİ:“İŞ PROSESİNDƏ JURNALİSTLƏRƏ SADƏCƏ BİR MEDİA İŞÇİSİ KİMİ YOX, DOST KİMİ YANAŞMAQ MƏNİM ƏSAS PRİNSİPİMDİR”

00:05 / 11.04.2012
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası aparıcı gənclər təsisatı olaraq, gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasının təşkil edən qurumdur. Hazırda Milli Şura öz ətrafında 71 təşkilatı birləşdirir. ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun həmçinin, Türk Dünyası Gənclər Birliyinin üzvüdür. 2002- ci ildən BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004- cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tam hüquqlu üzvüdür. Milli Şuranın nümayəndələri Avropa Gənclər Forumunun, Türk Dünyası Gənclər Birliyinin və İslam Konfransı Gənclər Forumunun müxtəlif seçkili strukturlarında təmsil olunurlar. Bəs, görəsən, Şuranın media əlaqələri hansı səviyyədədir? Qurumun rəhbərliyi KİV-lə təmaslara, mətbuatla əməkdaşlığa nə cür yanaşır və Şuranın bu sahədə əlaqələri necə qurulub? Bu və digər suallara cavab almaq üçün ARGTMŞ-ın mətbuat xidmətinin rəhbəri Orxan Əli ilə söhbətləşdik.

– Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) nə vaxt yaradılıb. Fəaliyyət dövründə qurumun media ilə əlaqələri necə qurulub?
– GTMŞ 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə layiqli yer tutması, gənclər üçün bərabər yararlı imkanların yaradılması ilə onların hüquqlarını təmin edilməsi, gənclərin və gənclər təşkilatlarının cəmiyyətdə gedən proseslərdə, xüsusən də qərar qəbuletmə prosesində iştirakını yüksəltmək kimi vəzifələri öz üzərinə götürən Milli Şura həmçinin gənclər və gənclər təşkilatları ilə bağlı siyasətin formalaşdırılmasına müsbət təsir göstərmək, milli səviyyədə müstəqil və davamlı gənclər təşkilatlarının formalaşdırılması ilə gənclərin təşkilatlanmasına nail olmağı da əsas prioritetlərdən hesab edir.
Milli Şuraya üzv təşkilatlar arasındakı əlaqənin möhkəmləndirilməsi, onların birgə əməkdaşlığının stimullaşdırılması, onlar arasında səmərəli informasiya mübadiləsi şəbəkəsinin gücləndirilməsi, fəaliyyət istiqamətlərinə uyğun olan qısa və uzunmüddətli proqram və layihələrin hazırlanması və həyata keçirilməsi Milli Şuranın fəaliyyət strategiyasının əsasını təşkil edir.
Azərbaycanda fəaliyyət göstərən hökumət, qeyri-hökumət, ictimai, humanitar, kommersiya təşkilatları, respublika daxilində akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri ilə əlaqələrin inkişaf etdirilməsi və gənclər işinin dəstəklənməsi yönümündə lobbiçilik işinin aparılması, habelə gənclərin müasir dünyaya inteqrasiyasını təmin edən beynəlxalq layihələr-mübadilə, təlim, konfrans, seminar, debat, simpozium, festival, dəyirmi masa, dil kursları, təcrübə kursları, tanışlıq səfərləri və s. bu qəbildən olan proqramların həyata keçirilməsi Milli Şuranın əsas fəaliyyət istiqamətlərindəndir.
Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində işlərin aparılması, müxtəlif beynəlxalq səviyyələrdə bu məsələnin qaldırılması, mövcud beynəlxalq əməkdaş təşkilatlarla əlaqələrin intensivləşdirilməsi elm, təhsil, din, mədəniyyət, idman, mənəviyyat və hərbi-vətənpərvərlik sahəsində fəaliyyətlərin inkişaf etdirilməsi, gənclərin sülh quruculuğu və konfliktlərin həlli istiqamətində fəaliyyətinə yönəlmiş işin aparlması fəaliyyətimizə daxildir.
Milli Şura bir sıra qlobal problemləri əhatə edən layihələr də həyata keçirir. Bura mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində gənclər işinin təşkil edilməsi, səhiyyə, gənclərin sağlamlığı ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlərin aparılması, xüsusilə, narkomaniya, AİDS kimi problemlərə qarşı gənclərin mübarizə strategiyasının müəyyənləşdirilməsi daxildir.
Gənclərin işsizlik probleminin aradan qaldırılması, gənc sahibkarların dəstəklənməsi, gənclər üçün gəlir gətirən sahələrin açılması və proqramların hazırlanması, insan hüquqlarının qorunması, vətəndaş azadlığının təmini və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində işlərin aparılması, gender bərabərliyinə nail olmaq istiqamətində gənclər işinin təşkili, seçkilər, əhali arasında seçki maarifləndirilməsi ilə bağlı işlərin aparılması, seçkilərlə bağlı müxtəlif proqramların hazırlanması, gənclərin üzləşdiyi digər problemlərin həlli istiqamətində işlərin aparılması Milli Şuranın baza prinsiplərindəndir.

Milli Şura yarandığı vaxtdan qurumun mətbuat xidməti də fəaliyyətə başlayıb.
Düzdür, mən Milli Şuranın yarandığı vaxtlarda mətbuat xidmətində kimlərin çalışdığını bilməsəm də, məlumatım var ki, son zamanlarda, xüsusən də Fuad Muradovun sədrliyi dövründə bir neçə mətbuat xidməti rəhbəri olub. Yarandığı vaxtdan bu günə kimi Milli Şura daim mətbuatla sıx əməkdaşlığa üstünlük verib. Keçirilən bütün tədbirlərə, layihələrlə bağlı mərasimlərə KİV dəvət edilib və jurnalistlərlə daim yaxın təmas qurulub.
– Vətəndaş institutları arasında KİV-lə sıx əməkdaşlıq edən gənclər təşkilatının mətbuat xidməti kimi hansı prinsiplər əsasında fəaliyyət göstərirsiniz?
–Açığını deyim ki, mətbuatla əlaqələr əsasən jurnalistikada olan dostlarımız vasitəsilə qurulub. Amma Milli Şuranın həyata keçirdiyi layihələr hər zaman KİV-in diqqət mərkəzində olub. Çalışırıq, elə işlər görək ki, cəmiyyətə xeyirli olsun. Məhz bu səbəbdəndir ki, KİV-lə əlaqələrimiz yaxşı alınır.

Əsas prinsip öz işində məsuliyyətli olmaq və jurnalistləri nəzərə almaqdır.

Bilirəm ki, jurnalistin press-relizi işləməyə o qədər də vaxtı olmaya bilər. Odur ki, məlumat göndərəndə onu maksimum dərəcədə hazır şəkildə göndərməyə çalışıram. Yəni, məlumatı alan KİV nümayəndəsi daha onun üzərində vaxt sərf edib düzəlişlər etməsin. Bunun nə dərəcədə alındığını jurnalist həmkarlarım deyə bilərlər.
Digər bir prinsip isə “yada salma”dır. Məsələn, materialı göndərəndən sonra onun hər hansı saytda yerləşdirmədiyini görəndə mütləq əlaqə saxlayıram. Çünki ola bilər ki, jurnalist hansısa tədbirdədir və materialı hələ görməyib. Odur ki, ona bir xatırlatma vermək lazımdır. Bununla yanaşı, konkret işlədiyim jurnalistlə bərabər həmin redaksiyanın ümumi e-mail ünvanına da məlumatı göndərirəm ki, “ehtiyat igidin yaraşığıdır” prinsipinə də əməl eləmiş olum. Bəzi jurnalist dostlarım artıq mənim göndərdiyim məlumatı bəzən heç oxumadan sayta yerləşdirir. Bir dəfə yadımdadır ki, hansısa məlumatda hərf səhvi var idi. Baxdım ki, saytların əksəriyyəti bunu düzəltməyib. Bu hadisədən sonra daha diqqətli olmağa başladım. Əgər jurnalistlər mənə etibar edirsə, gərək onların etibarını doğruldum.
– GTMŞ-nin mətbuat katibi vəzifəsində çalışanadək jurnalist kimi fəaliyyət göstərmisiz. Əvvəlki dövrdə olan jurnalistlik fəaliyyətiniz GTMŞ ilə media arasında münasibətlərin qurulmasına təsir edibmi?
– Əlbəttə, mən indi də jurnalistəm və hər zaman jurnalist olaraq qalacam. Mətbuat xidmətində işləməyim məni öz fəaliyyətindəm ayırmayıb. Jurnalist dostlarım çoxdur. Onlarla daim təmasdayıq. Bu həm də mənim indiki fəaliyyətimə müəyyən qədər kömək edir. Bir də ki, dostlar sağ olsunlar, heç vaxt sözümü yerə salmırlar. Həmişə işimə dəstək veriblər.

Mənim Milli Şuraya gəlməyim də jurnalist fəaliyyətimlə bağlı olub.

Bir neçə il əvvəl Milli Şura jurnalistlər üçün təlim kursu keçirirdi və mən də orada iştirakçı qismində idim. Üstündən bir müddət keçəndən sonra isə Milli Şuraya dəvət olundum. Əvvəl jurnalist fəaliyyətindən mətbuat xidmətinə keçəndə bir sıra problemlərim oldu. Lakin qısa müddətdə bunları düzətməyə çalışdım. Digər tərəfdən də mətbuatdan məni tanıyan həmkarlarım artıq daha asan şəkildə Milli Şura haqqında özlərinə lazım olan məlumatı ala bilirlər.
– Media ilə əməkdaşlıq redaksiyalar vasitəsilə qurulur, yoxsa jurnalistlərlə? Bu əməkdaşlıq prosesində ən çətin məqamlar nə vaxt yaranır?
– Mən çoxşaxəli işləyirəm. Redaksiyalarla da əlaqələr qururam. Elə KİV var ki, orda jurnalistlə təmasda olsam da, mütləq rəhbərliyə çıxmalısan. Odur ki, həmin vaxtlarda redaktorlarla danışmalı oluram. Amma əksər vaxtlarda konkret olaraq jurnalistlərlə işləyirəm. Bəzən görürsən ki, bir sıra qurumlar tədbirə dəvət göndərəndə redaktorların adına göndərir. Düzdür bu işin rəsmi tərəfidir. Amma jurnalistin özünə deyəndə daha etibarlı olur. Çünki bu işin əsas yükünü jurnalist çəkir və onlarla səmimi münasibətdə olmaq lazımdır. Düzü, bu sahədə çox az hallarda çətinliklər olur. Amma bir sıra KİV var ki, hələ də mənə qaranlıq olan səbəblərdən materialı verməkdə “çətinlik” çəkirlər. Bu bəzən maneə yaradır. Amma o qədər də məyus eləmir. Çünki onlarla informasiya bölüşürəm. Onu yayımlayıb-yayımlamaq öz ixtiyarlarındadır.

Televiziyalara gəlincə, əvvəllər bir az çətinlik var idi.

Çünki demək olar ki, əksər televiziyalarda tədbirə dəvət üçün gərək rəhbərliyin adına rəsmi məktub yazasan. Düzdür mən işin rəsmiyyətin başa düşürəm. Amma bəzən elə olur ki, ekstremal tədbirlər təşkil olunur. Bax, bu zaman müəyyən çətinliklər yaranır. Amma bir neçə televiziyada bu problem yaranmır. Məsələn, ATV, “Xəzər TV” ilə heç vaxt problem yaranmayıb. AzTV və İTV də həmişə tədbirlərimizə dəvət edəndə gəliblər. “Lider TV” də son zamanlar bizimlə əməkdaşlıq edir. ANS və “Space” ilə də işləyirik. Amma sonuncularla bir qədər az təmasımız olur.
– Ümumiyyətlə, sizin təşkilatla əməkdaşlıq edən KİV nümayəndələrinin peşəkarlığı sizi qane edirmi?
– Açığını deyim ki, peşəkarlarla işləməyi sevirəm. Bəxtim onda gətirib ki, mənimlə işləyən bütün jurnalistlər öz sahəsinin peşəkarıdır. Onlardan narazılığım heç vaxt olmur. Müəyyən vaxtlarda xırda problemlər yarana bilər. Onun da ki, öz obyektiv səbəbləri olur. Mən həmişə jurnalistlərə sayğı ilə yanaşıram. Onların hər biri öz sahəsində peşəkardır. Bəzən peşəkar olmayanlar da olur. Görürsən ki, tədbirə gəlib amma informasiyanı düz hazırlamayıb. Ona zəng edib müəyyən köməklik etmək lazımdır və bunu edirəm.
– Əksər hallarda jurnalistlər bəzi mətbuat xidmətlərinin işindən narazı olurlar. Bu da əsasən lazım olan anda mətbuat xidmətlərinin yerlərində tapılmaması, telefonlara cavab verməmələri ilə bağlı olur. Bəs sizi necə, axtaranda tapmaq mümkündürmü?

– Jurnalistlərin ən asan tapa biləcəyi mətbuat xidmətlərindən biri elə mən özüməm.

Bunu jurnalist dostlarım da təsdiq edə bilərlər, ona görə belə əminliklə deyirəm. Telefonlarım günün 24 saatı açıqdır və heç kimin zəngini cavabsız qoymamağa çalışıram. Əgər kimsə məni axtarıb tapa bilmirsə burda da öz nömrəmi qeyd edə bilərəm.
Əgər bu sənin işindirsə, niyə telefona cavab verməyəsən və ya səni axtarıb tapmasınlar? Mən bunu başa düşə bilmirəm. Bu yerdə yadıma bir əhvalat düşür. Keçmiş jurnalistlərdən biri hansısa nazirlikdə mətbuat xidmətinə işə düzəlir. Bir müddət sonra jurnalist həmkarlarından biri ona zəng vurub nəsə soruşur. Amma mətbuat xidmətinə yeni başlayan “eks-jurnalist” deyir ki, “mən indi dövlət məmuruyam, məni belə şeylərə görə narahat eləmə”. Bu düzgün yanaşma deyil. Həm də mən özüm mətbuatda işlədiyimə görə bunu daha yaxşı başa düşürəm. Jurnalist işlədiyim vaxt adını çəkmək istəmədiyim bir nazir müavinindən müsahibə götürmək istəyirdim. Mətbuat xidməti ilə çətin əlaqədən sonra bu istəyimi bildirdim. Bir neçə günlük müzakirələrdən sonra mətbuat xidməti sualları göndərməyimi istədi. Düzü, xoşuma gələn bir şey olmasa da, göndərdim. Bir neçə gündən sonra isə əlaqə saxladım ki, müsahibədən xəbər biləm. Mətbuat xidməti telefonlara cavab vermir. Uzun aramalardan sonra nəhayət ki, öyrəndim ki, hələ müsahibə hazır deyil. Bir neçə gündən sonra hazır olan müsahibəyə nazir baxmalı oldu. Müsahibə 3 gün də nazirin stolunun üstündə qalandan sonra nəhayət iki həftədən sonra mənə gəlib çatdı. Əlbəttə, jurnalistə edilən bu hörmətsizlik cavabsız qalmadı. Həmin nazir müavininin müsahibəsi düz iki həftədən sonra qəzetdə çap olundu və həmin mətbuat xidməti iki həftə boyunca gündə 3 dəfə mənə zəng vurdu. Yəni bu işin əsas cəhətlərindən biri budur:

Jurnalistlərə bürokratik əngəllər yaratmaq lazım deyil.

– GTMŞ media ilə bağlı hansı layihələr həyata keçirib?
– ARGTMŞ jurnalistlərlə bağlı bir neçə layihə həyata keçirib. Bu layihələrin əsası hələ 2009-cu ildə qoyulub. O vaxt bir qrup jurnalist Quba rayonunda təlimlərə cəlb edilmişdi. Amma 2011-ci ildə Milli Şura “Jurnalistlər üçün qış məktəbi” layihəsini keçirdi. Layihə İsmayıllı rayonu “Qaya” istirahət mərkəzində baş tutmuşdu. Layihə çərçivəsində “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ədalətlilik”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Bloggerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar verildi. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar təşkil edilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olundu. Layihənin sonunda iştirakçılar ARGTMŞ tərəfindən diplom və hədiyyələrlə təltif edildilər.
– Media ilə uğurlu əməkdaşlığı qurmaq üçün mətbuat katibində peşəkarlıq, təşəbbüskarlıq, ünsiyyət qurmaq qabiliyyəti kimi keyfiyyətlərin olması vacibdirmi?
– Əlbəttə, bu ilk növbədə tələb olunan məsələlərdir. Peşəkar olmalısan ki, öz işini lazımı şəkildə icra edə biləsən. Təşəbbüskar olmalısan. Çünki mətbuat xidməti kimi təmsil etdiyim təşkilat haqqında KİV-də məlumatların yayımlanmasına məsulsan. Odur ki, ilk təşəbbüs həmişə səndən olmalıdır. O ki, qaldı ünsiyyət qurmaq məsələsinə bunda heç vaxt problem olmur. Demək olar ki, hər tədbirdə tanıdığım jurnalistlərin sayı daha da artır. Amma bütün bunlarla yanaşı, insanlarla səmimi olmaq daha önəmlidir. Jurnalistlərlə dost olmaq lazımdır. Onlarla sadəcə bir media işçisi kimi deyil dost kimi yanaşmaq münasibətlərdə mənim əsas prinsipimdir.
– Jurnalistlərlə münasibətiniz yalnız işlə əlaqədardır?
– İşlə bağlı olanlar da var. Amma əksər işlədiyim jurnalistlər mənim dostlarımdır. Onlarla sadəcə bir jurnalist kimi deyil, dostluq münasibətlərimiz var. Bir də görürsən ki, görüşüb çay içirik, söhbət edirik, əlbəttə ki, işdən kənar. Mən burda ad çəkmək istəmirəm. Amma onların arasında elələri də var ki, hətta çox vaxt çörəyimizi də bölmüşük desəm, yanılmaram.
– QHT sektorunun media ilə əlaqələrinin hazırkı vəziyyəti sizi qane edirmi?
– Vəziyyət ümumən normal hesab edilə bilər. Amma bu, bütün QHT-lərə şamil edilmir. O qədər QHT-lər var ki, maraqlı layihələr həyata keçirir, amma bu barədə heç kimin xəbəri belə olmur. Məsələn, bu yaxınlarda bizimlə bərabər bir təşkilat tədbir keçirdi. Sonradan öyrəndim ki, bunlar böyük layihələr həyata keçirirlər. Amma Azərbaycanda bunun haqqında məlumatı olan yoxdur. Burda KİV-in də müəyyən günahı var.

Bəzən KİV-lər QHT-lərə bir qədər soyuq münasibət bəsləyirlər

Xüsusən QHT sədri adi bir gəncdirsə, onun tədbirini işıqlandırmaq “çətinləşir”. Amma bu o demək deyil ki, QHT-lər də təşəbbüs göstərməməlidir. Sadəcə, yenə deyirəm, mətbuatla sıx təmasda olmaq lazımdır.
Bəxtiyar MƏMMƏDLİ





Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar