12px14px16px18px

Satirik publisistikamızın 106 yaşlı bayraqdarı

“MOLLA NƏSRƏDDİN” JURNALININ MİLLİ MƏTBUATIN İNKİŞAF YÖNÜNÜ MÜƏYYƏN EDƏN ÖRNƏK ƏNƏNƏLƏRİNƏ VƏ MOLLANƏSRƏDDİNÇİLİK TƏLİMİNİN ƏSASLARINA BİR BAXIŞ

12:07 / 06.04.2012
1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının bu gün 106 yaşı tamam olur. Azərbaycan ədəbiyyatının və publisistikasının bayraqdarı olan jurnal mollanəsrəddinçilik təliminin əsasını qoymuşdur. Azərbaycanda tənqidi-realist ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və özəl xüsusiyyətlərini müəyyən edən ideya-estetik prinsiplər mollanəsrəddinçilikdə öz əksini tapmışdır. Mollanəsrəddinçilik indi xüsusi bir təlim kimi öyrənilir. Bu təlim kitabında tənqidi-realist ədəbiyyatın poetikasından, ideya-bədii istiqamətlərindən bəhs edilir. Mollanəsrəddinçilik azərbaycançılıq ideologiyasını reallaşdırmaq üçün təlim kitabıdır. Bu təlim kitabının baş müəllifi Cəlil Məmmədquluzadədir.
Dahi mütəfəkkir və ədib Cəlil Məmmədquluzadənin (1869-1932) hər bir azərbaycanlının ən adi, ən müqəddəs hissini və arzusunu ifadə edən parlaq sənəti, “Molla Nəsrəddin” jurnalının örnək ənənələri, azadlıq duyğusunu formalaşdıran mollanəsrəddinçilik təlimi müstəqil və müasir Azərbaycanın inkişafına kömək edir, millətin tərəqqisinə zəmin yaradır. Cəlil Məmmədquluzadə sənətinin, “Molla Nəsrəddin” ənənələrinin, mollanəsrəddinçilik təliminin əsasında möhtəşəm azərbaycançılıq dayanır.
Böyük yazıçı tənqidi realist ədəbiyyatın, “Molla Nəsrəddin” ədəbi cəbhəsinin formalaşması üçün təkcə ideyalar yaratmamış, bu ideyaların gerçəkləşməsi yolunda bütün məhrumiyyətlərə dözmüş, əsl fədakarlıq göstərmişdir. Cəlil Məmmədquluzadə bədii və publisistika yaradıcılığının bütün növlərində möhtəşəm əsərlər yaradaraq hər kəsə azərbaycançılıq duyğuları – vətəndaşlıq, millilik, insanpərvərlik, bəşərilik hissləri aşılayır. İnsanların hüquq və azadlıqlarının dərk və təmin olunmasının zəruriliyini təlqin edir.
Azərbaycançılıq ideyası Cəlil Məmmədquluzadə yaradıcılığı sayəsində milli-ideoloji konsepsiya səviyyəsinə yüksəlmişdir. Digər mollanəsrəddinçilər məhz bu konsepsiyadan bəhrələnmişlər. Əgər akademik İsa Həbibbəyliyə görə “Molla Nəsrəddin” ədəbi məktəbi milli-ictimai fikirdə, ədəbiyyatda və mətbuatda azərbaycançılığın baş meydanıdır” sa , fikrimizcə, bu meydanda ədəbi təlim verən baş məşqçi Cəlil Məmmədquluzadədir.
Mirzəcəlilçi mollanəsrəddinçilik təlimi 1906-cı il aprelin 7-dən başlayıb. Cəlil Məmmədquluzadənin bilavasitə rəhbərliyi ilə keçirilən bu möhtəşəm yaradıcılıq təlimləri 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda baş tutub. Qeyd edək ki, bu təlimlərlə bağlı materiallar “Molla Nəsrəddin” ədəbi təlim jurnalının Tiflisdə 370, Təbrizdə 8, Bakıda 398 – cəmi 776 nömrəsində nəşr olunmuşdur.
Böyük Cəlil Məmmədquluzadə (1869-1932) 37 yaşında “Molla Nəsrəddin”i yaratdı, jurnal bağlananda isə 62 yaşında idi. 25 ilin vəfa etdiyi ömür payı çərçivəsində Azərbaycan ədəbiyyatı tarixində silinməz cığırlar açdı: satirik ədəbiyyatın, satirik publisistikanın, karikatura sənətinin əsasını qoydu, ilk rəngli şəkilli jurnal yaratdı, kiçik hekayənin böyük ustadı oldu, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi şöhrət qazandı, bir sözlə, milli satirik ədəbiyyatın mollanəsrəddinçilik ədəbi təlimini formalaşdırdı, bununla da azərbaycançılıq ideyasının ədəbiyyatda və publisistikada, ictimai fikirdə əsas yaradıcılarından biri kimi milli qan yaddaşımızda əbədilik qazandı.
“Molla Nəsrəddin” jurnalında Azərbaycan nəsrinin, şeirinin, publisistikasının, rəssamlığının əbədiyaşar nümunələri öz əksini tapmışdır. Bu nümunələr öz dövründə müasirləri üçün ədəbi məktəb rolunu oynamış, indi də oynayır və gələcəkdə də bu missiyanı yerinə yetirəcəkdir.
Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin yüksək təşkilatçılığı ilə bir araya gələn əməl dostları – Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz Şəbustəri, Məmmədəli Nasir və onlarla digər görkəmli Azərbaycan ədibi mollanəsrəddinçiliyin fədakar nümayəndələri olmuşlar. Mollanəsrəddinçilik həmin böyük şəxsiyyətlərin məsləkinə, həyat amalına çevrilmişdir.
“Molla Nəsrəddin” jurnalı (1906-1931) Azərbaycan ədəbiyyatının və publisistikasının inkişafında mühüm rol oynamışdır. Bu jurnal vasitəsilə Azərbaycan nəsrinin, şeirinin, publisistikasının, rəssamlığının elə ölməz örnəkləri yaradılmışdır ki, bu örnəklər özünün zamanında müasirlərinə, sonralar isə yeni gələn yaradıcı nəsillərə məktəb səviyyəsində təsirini göstərmişdir.
“Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilərin fəaliyyəti Azərbaycan ədəbiyyatının və publisistikasının müəyyən bir dövrünün tarixi salnaməsidir. Mollanəsrəddinçilik isə bu gün də yaşayır və sabah da yaşayacaq.
Jurnalın yaradıcısı və redaktoru Cəlil Məmmədquluzadə yaradıcılığın ilk çağından, tədqiqatçı Sona Vəliyevanın yazdığı kimi, “ədəbi- estetik mühitdə azərbaycançılıq ideologiyasının banisi kimi çıxış edərək, vətənin, dilin, millətin dünya tərəqqisinə qoşulub, sayılıb-seçilməsi ideyasını əsas deviz kimi qəbul etmişdi”. Mollanəsrəddinçilik – zamanın açıq ana dilində yazmaq bacarığının ən mükəmməl həlli deməkdir.
“Molla Nəsrəddin” ədəbi məktəbi Azərbaycan probleminin ədəbi-bədii və publisistik ifadəsi baxımından öz zamanının sərhədlərini aşaraq böyük bir ədəbi-ictimai məktəb səviyyəsinə yüksəlmişdir. Bu ədəbi-ictimai məktəbin bütün istiqamətlərdən, o cümlədən, ideya-estetik ideal prinsiplərdən tədqiqi belə bir nəticəyə gəlmək üçün əsas verir ki, bu məktəb özlüyündə azərbaycançılıq ideyasını daşımışdır. Məktəbin yaradıcısı və ideyavericisi olan Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri realizm ədəbi məktəbini formalaşdırması və onu inkişaf etdirməsidir. Cəlil Məmmədquluzadə realizmi demokratik ədəbiyyata söykənən, Mirzə Fətəli Axundovun dramlarından güc alan, o zamankı Azərbaycanın müstəmləkə vəziyyətini, köhnə həyat və məişətini özündə əks etdirən güclü bir realizm məktəbidir.
“Molla Nəsrəddin” ədəbi məktəbi təkcə ədəbiyyatda, bədii söz sənətində deyil, jurnal nəşri işində, jurnalistikada, publisistikada, digər yaradıcılıq sahələrində də üstünlük qazanmışdır.
XX əsrin başlanğıcı tamamilə yeni bir mühitin formalaşmaqda olduğunu xəbər verirdi. XX əsrin görkəmli ədib və şairləri böyük bir ictimai-tarixi şəraitdə yetişərək, azadlıq uğrunda mübarizə sahəsində müəyyən təcrübə əldə etmişlər. Bu dövrdə çox maraqlı və əhəmiyyətli istiqamətlər, yeni və istedadlı ədəbi qüvvələr meydana çıxırdı. Həmin qüvvələrin, bu istiqamətlərin bir ideya–xalqın taleyüklü problemi olan azərbaycançılıq ideyası ətrafında birləşməsi “Molla Nəsrəddin” ədəbi məktəbinin xidmətidir.
Akademik İsa Həbibbəylinin gəldiyi elmi nəticəyə görə “Azərbaycançılıq məfkurəsi mollanəsrəddinçilik təliminin ideya əsasından ibarətdir. Bütövlükdə Cəlil Məmmədquluzadənin yaradıcılığı və “Molla Nəsrəddin” jurnalının fəaliyyəti azərbaycançılıq məfkurəsi üstündə köklənmişdir. Azərbaycançılıq mollanəsrəddinçilik təliminin strategiyasıdır”.
Azərbaycanın yeni müstəqillik çağı tarixin dərslərindən nəticə çıxarmağı tövsiyə edir. Cəlil Məmmədquluzadənin və onun məsləkdaşlarının azərbaycançılıq ideyalarını sovet dövründə genişləndirmələri üçün münbit ictimai-tarixi şəraitin olmaması, bir çox hallarda bu məfkurənin daşıyıcılarının təzyiqlərə, təqiblərə məruz qalmaları, digərlərinin isə öz ideya və arzularını gizlətməyə məcbur olmaları azərbaycançılığın tədricən arxa plana keçməsi ilə nəticələnmişdir. Azərbaycanın indiki müstəqillik dövründə bu məsələni önə keçirmək vəzifəsi bizi yenidən və daha fundamental şəkildə azərbaycançılıq ideyasına qaytarır. Bu vacib ideyaya yenidən və həm də mükəmməl qayıdışın əsl yolu mollanəsrəddinçilik təlimindən keçir. Çünki mollanəsrəddinçilik milli-istiqlal məfkurəsi üzərində köklənmişdir. Mollanəsrəddinçi qüvvələrin azərbaycançılıq ideyalarının tədqiqinin aktuallığı ilk növbədə bu ideyanın müasir günlərimizdə tamamilə yeni təkanla özünü göstərməsi ilə şərtlənir. Belə bir şəraitdə azərbaycançılıq məfkurəsi ətrafında birləşən cəmiyyətimiz üçün əsrlərin sınaqlarından çıxmış ənənəvi dəyərlərin xalqımızın və dövlətimizin inkişafı naminə təkamülü, milli özünəməxsusluğunun qorunub saxlanması şərtilə innovasiyalılıq daha çox xarakterikdir. Xalqımızın öz milli keyfiyyətlərini qoruyub saxlaması prosesində “Molla Nəsrəddin” ədəbi məktəbinin xidmətləri ilə bağlı tarixi təcrübəsinin öyrənilməsi aktual bir məsələdir.
Məlumdur ki, azərbaycançılığın real təmsilçiləri olan mollanəsrəddinçilər məhz Cəlil Məmmədquluzadənin ətrafında cəmləşmişdilər. Çünki görkəmli tənqidçi Yaşar Qarayevin qeyd etdiyi kimi “Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) böyük bir ədəbi məktəb yaratmış, Azərbaycan ədəbiyyatında yeni bir cığır açmış ədibdir...”. Mirzə Fətəli Axundovdan sonra Azərbaycan ədəbiyyatının və ümumiyyətlə ictimai fikir tarixinin ən böyük siması məhz Cəlil Məmmədquluzadədir. Onun yaratdığı “Molla Nəsrəddin” jurnalı ədəbiyyatımızın və mətbuatımızın möhtəşəm azərbaycançılıq məktəbidir. Bu kontekstdə mollanəsrəddinçilik nədir? sualına ətraflı cavab vermək olar.
Mollanəsrəddinçilik – mollanəsrəddinçilərin yaradıcılığı və bu yaradıcılıqda əks olunan azərbaycançılıqdır. Mollanəsrəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır. Bunu mollanəsrəddinçiliyin strateji məqsədi də sübut edir. Çünki millətin özünüdərkinə, azadlığına, tərəqqisinə nail olmaq mollanəsrəddinçiliyin baş amalı olmuşdur.
Mollanəsrəddinçilik təlimi “Molla Nəsrəddin” ədəbi məktəbinin proqramıdır.
“Molla Nəsrəddin” ədəbi məktəbinin bütöv yaradıcılıq proqramı bu möhtəşəm təlim kitabında dolğun əksini tapmışdır. Proqramın əsasını isə milli müstəqillik və azadlıq uğrunda mübarizə təşkil edir. “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri başda Cəlil Məmmədquluzadə olmaqla “milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişlər. Bu mənada həqiqətən, “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddinçilikdən keçir”.(İsa Həbibbəyli).
Xalqı milli istiqlala qovuşdurmaq mollanəsrəddinçilərin strateji məqsədi olmuşdur. Məhz bu səbəbdən xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə hazırlamaq və sövq etmək mollansərəddinçilik təliminin baş xəttini təşkil edir. Baş xəttin reallaşdırılması üçün birinci millətin özünəqayıdış prosesini yönləndirmək lazım idi. Sonra onun özünüdərkinə yardımçı olmaq, ayıltmaq və siyasi oyanışını təmin etmək gərəkirdi. Bütün bunları mollanəsrəddinçilər sistemli olaraq həyata keçirməyə, vahid məcraya salmağa nail oldular. Mollanəsrəddinçilik – xalqın milli–mənəvi özünüdərkinə, ayıqlığına və millətin siyasi oyanışına təkan verən əsas qüvvə olmuşdur.
Mollanəsrəddinçilər ictimai satira vasitəsilə cəmiyyəti dəyişmək, inkişaf etdirmək istəyirdilər. Onlar demokratik ideyaları ədəbiyyatda və ictimai fikirdə formalaşdırmaq missiyasını da uğurla yerinə yetirmiş, Azərbaycanda demokratik proseslərin bərqərar olmasına çalışmışlar.
Mollanəsrəddinçilik milli satirik ədəbiyyatın özəyini təşkil edir. Milli satirik ədəbiyyatı daim “formada” saxlayan, onun sağlam inkişafını təmin edən ədəbi təlim –mollanəsrəddinçilikdir. Bu təlimlə ciddi “məşğul olanlar” cəmiyyətdə və ədəbiyyatda mütləq uğur qazanırlar. Satira bütün potensial imkanları ilə mollanəsrəddinçi ədiblərin yaradıcılığında üzə çıxmış və əsil təsdiqini tapmışdır. “Satiranın anası” olan mollanəsrəddinçilik millətin oyanışına ucadan çağırışı, istiqlal uğrunda ardıcıl mübarizəsi, yüksək vətəndaşlıq mövqeyi, forma və məzmun zənginliyi ilə seçilən “övladlar” – satirik əsərlər ərsəyə gətirmişdir.
Mollanəsrəddinçilik – ədəbiyyatımıza novatorluq ənənələri bəxş etmişdir. Mollanəsrəddinçilik – yeni novator yazıçıların yaradıcılığı üçün əsaslı zəmin olan əbədi məktəbdir.
Mollanəsrəddinçiliyin fərqlənən cəhətlərindən biri də bədii əsərlə təsviri sənəti, hekayə və felyetonla karikaturanı birləşdirərək bir araya gətirməsidir.
Mollanəsrəddinçilik həm də karikaturada özünü ifadə və təsdiq etmişdir.
Mollanəsrəddinçiliyin qabarıq təzahürü “Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin publisistikasında və bədii yaradıcılığının bütün növlərində çox aydın görünür.
Azərbaycan xalqının ümummilli lideri, azərbaycançılıq ideyalarının yeni şəraitdə həyata keçirilməsi uğrunda mübarizə aparmış Heydər Əliyev “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” prezident fərmanında göstərirdi: “Molla Nəsrəddin”in müasir ədəbiyyat, maarifləşmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalla əməkdaşlıq edən şair və yazıçıların yaradıcılıq istiqamətlərini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də “mollanəsrəddinçilik” adlı böyük bir ictimai-ədəbi hərəkat yaranmışdır”.
Bütün bunlar isə azərbaycançılıq ideyalarının tərkib hissəsi kimi qiymətlidir.
Mollanəsrəddinçilik əbədiyaşar təlimdir. Görkəmli mollanəsrəddinçi Ömər Faiq Nemanzadənin təbirincə desək: Bu gün “Molla Nəsrəddin” batar, sabah Molla Xeyrəddin çıxar...”Molla Nəsrəddin”i meydana gətirən fikirlər bağlanmayacaqdır”.
Mollanəsrəddinçiliyin ölməzliyi dahi Üzeyir Hacıbəylinin bu sözlərində daha dəqiq ifadəsini tapmışdır: “Bir-iki nəfər məmmədquluzadələrin, nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i öldürəcəksiniz? Hərgah xalqımızın bu mücahid fədakarlarının qətlinə əl qalxıza bilən bir dəli və bir əclaf tapılsa da, bunu bilməlisiniz ki, onların xudanəkərdə ölməkləri ilə yaratdıqları fədakarlıq, ali fikirlər ölməz. Bunu biləsiniz ki, “Molla Nəsrəddin”i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz”.
“Molla Nəsrəddin” jurnalının nəşri, mollanəsrəddinçilərin yaradıcılıq fəaliyyəti müəyyən bir dövrü əhatə etsə də, mollanəsrəddinçilik bu gün də davam edir, sabah da davam edəcək. Mollanəsrəddinçiliyin parlaq ədəbi ənənələri, azərbaycançılıq ideyaları müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə daim dəsdək olacaqdır. Mollanəsrəddinçilik müasir Azərbaycan ədəbiyyatında – tənqidi-realizmdə, satirada, yumorda, milli düşüncə tərzində, vətəndaşlıq qayəsində, azərbaycançılıq məfkurəsində yaşayır və əbədi yaşayacaqdır.
Cəlil Məmmədquluzadənin ədəbi irsi, mollanəsrəddinçi ədəbiyyat aktuallığı və müasirliyi ilə bizimlə, bizdən sonra gələcək neçə-neçə nəsillərlə həmsöhbət, həmfikir olacaqdır. Xalq yazıçısı Anarın bu barədə fikirləri diqqətəlayiqdir: “...Böyük yazıçılar bütün nəsillərin övladlarıdırlar. Cəlil Məmmədquluzadə babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim mənəvi problemlərimizə cavab verən müdrik qardaş kimi baxır. Mən bilirəm ki, bizim nəsil də gedəcək, ...amma o qalacaq və oğlumun yaşıdı olacaqdır. O, hər nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu yenidən kəşf edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər”.
“Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin yaradıcılığı, mübarizəsi, milli təəssübkeşliyi tarixi örnəklərdir. Bu tarixi örnəklər, millətə və Vətənə xidmət etmək nümunəsi – mollanəsrəddinçilik daim yaşayacaq və realist-ədəbi ənənələri ilə millətin, Vətənin, dövlətin, cəmiyyətin inkişafına yardım edəcəkdir.
“Molla Nəsrəddin” jurnalı tarixin faktına çevrilmişdir. Mollanəsrəddinçilik isə davam edir. Nə qədər ki, Azərbaycan xalqı, dövləti və məmləkəti var, nə qədər ki, milli ədəbiyyatmız və jurnalistikamız fəaliyyət göstərir, “Molla Nəsrəddin” məktəbinin ənənələri, mollanəsrəddinçilik ədəbi-təlimi yaşamaqda davam edəcək.
Allahverdi MƏMMƏDLİ
Filologiya elmləri namizədi







Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar