12px14px16px18px

“İndi dövlət qurumlarından informasiya almaq işi nisbətən asanlaşıb”

NURƏDDİN HEYDƏROV: “BÜTÜN İMKANLARIMIZI SƏFƏRBƏR EDİB RƏQABƏTƏ DAVAM GƏTİRMƏYƏ, İNFORMASİYA MƏKANINDA MÖVQEYİMİZİ QORUMAĞA, GÜCLƏNDİRMƏYƏ ÇALIŞIRIQ”

01:42 / 14.03.2012
 
“Azadinform” İnformasiya Agentliyinin baş direktoru Nurəddin Heydərov 1999-cu ildən müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərərək peşəkar jurnalist kimi tanınıb. N.Heydərov 2011-ci ilin aprel ayından etibarən “Azadinform”a rəhbərlik edir.

– Nurəddin müəllim, ilk öncə Azərbaycanda müstəqil medianın yaranması, söz azadlığının formalaşması barədə fikirlərinizi öyrənmək istərdik...
– Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə azad medianın yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı tarixi xidmətlərindəndir. Həyatını təmənnasız olaraq mənsub olduğu xalqa xidmətə həsr edən ulu öndər fəaliyyəti zamanı ölkədə fikir plüralizmi, söz və məlumat azadlığının bərqərar edilməsinə hər zaman xüsusi diqqət yetirib. Məhz ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. Eyni zamanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırılıb. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslanıb. Media nümayəndələri ilə təmasa daim xüsusi önəm verən Heydər Əliyevin fikir plüralizmi sahəsində atdığı növbəti böyük addım 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman olub. Məhz həmin fərmanla ölkəmizdə senzuranın birdəfəlik ləğvi reallaşıb, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi sahəsində yeni bir mərhələnin başlanğıcı qoyulub. Ulu öndərin rəhbərliyi altında atılan digər addımlar Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə səbəb olub. Medianın maddi-texniki bazasının yaxşılaşdırılması, KİV-in imkanlarından hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadənin əsası da yenə ulu öndər tərəfindən qoyulub. Azərbaycanda milli mətbuatın yubileylərinin geniş qeyd edilməsi, mətbuat nümayəndələri ilə görüşlərin keçirilməsi, onlarla mütəmadi təmasların yaradılması kimi ənənələrin formalaşması da ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi fərman bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. İqtisadi cəhətdən də medianın güclənməsi, müstəqilliyinin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Müxtəlif qəzetlərin dövlət nəşriyyatına olan borcları dondurulub, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad ediliblər. Bütün bunlar son nəticədə media və dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyan mühüm amillərə çevrilib. Bu mənada təsadüfi deyil ki, ulu öndər KİV-in inkişafında və ölkədə azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Heydər Əliyev siyasi irsinin ən böyük nümayəndəsi olan, dövrünün alternativsiz lideri kimi çıxış edən Prezident İlham Əliyev də fikir plüralizminə, söz və mətbuat azadlığına, onun davamlı inkişafına daim xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci il iyulun 31-də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq təsdiq edilib. Bundan 1 il sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərin, informasiya agentliklərinin və jurnalistlərin il ərzində bir neçə dəfə keçirilən yaradıcılıq müsabiqələri və qrantlı layihələr hesabına mükafatlandırılması mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və qəzet müxbirlərinin peşəkarlıqlarının yüksəldilməsinə ciddi təsir göstərib. Dövlət başçısının mətbuata yüksək diqqətinin ən bariz təsdiqlərindən biri də “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncam olub. Məhz bu sərəncamdan irəli gələrək zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 illiyi ölkə miqyasında geniş qeyd edilib. Sözügedən yubiley həm də Prezident İlham Əliyevin mətbuat nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni müstəqillik tariximizdə növbəti mütərəqqi ənənənin əsasını qoyması ilə yaddaşlara həkk olunub. Media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bu xidmətlərin nəticəsi olaraq, Prezident İlham Əliyev 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Jurnalistlərin dostu olan dövlət başçısı bu gün də medianın inkişafına, bu sahədə çalışanların sosial və digər zəminli problemlərinin tez və səmərəli həllinə xüsusi diqqət göstərir, buna böyük həssaslıqla yanaşır. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet portalları fəaliyyət göstərir. Bu media vasitələri milli-mənəvi dəyərlərin qorunması, demokratiyanın inkişafı və geniş ictimaiyyət arasında yayılmasında mühüm missiya yerinə yetirir. Həmçinin onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısı kimi ölkə ictimaiyyətinin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Belə kütləvi informasiya vasitələrindən biri də “Azadinform” İnformasiya Agentliyidir.
– Söhbət agentliyinizdən düşmüşkən, rəhbərlik etdiyiniz media qurumu nə vaxtdan fəaliyyət göstərir, necə bir inkişaf yolu keçib?
– “Azadinform” İnformasiya Agentliyi 1999-cu ilin yanvarından fəaliyyət göstərir. Agentliyin yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. “Azadinform” İnformasiya Agentliyi 1999-2004-cü illərdə Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərib. Rus bölməsi 4 illik fasilədən sonra – 2009-cu ildə yenidən bərpa olunub. Agentliyin xəbərləri həm Azərbaycan, həm də rus dilində Azərbaycanda fəaliyyət göstərən KİV-lərə, hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.
– Beş minə yaxın kütləvi informasiya vasitəsinin qeydiyyatdan keçdiyi ölkəmizdə Sizin rəhbərlik etdiyiniz agentlik fəaliyyətini hansı ideyalara uyğun qurur? Agentliyinizin qarşısında əsasən hansı məqsədlər dayanır?
– Agentliyin yarandığı vaxtlarda Azərbaycanda internet media o qədər geniş yayılmamışdı. Sözsüz ki, həmin dövrün tələbləri də başqa olub. Amma bütün zamanlar üçün agentliyin fəaliyyətində dəyişməz olan dəqiq, qərəzsiz, tərəfsiz informasiya vermək olub. Mən agentliyə rəhbərlik edənə qədər götürülən bu xətt indi də davam etdirilir. İndi, daha doğrusu, internet medianın inkişafından sonra operativlik də işimizin əsasını təşkil edir. Bütün imkanlarımızı səfərbər edib rəqabətə davam gətirməyə, informasiya məkanında mövqeyimizi qorumağa, gücləndirməyə çalışırıq. Əsas amal dəqiq xəbər çatdırmaqdır. Biz nə olursa-olsun hamı bizi oxusun prinsipi ilə işləmirik. Hədəfimiz ciddi informasiya əldə etmək istəyən, düşünən oxucunun tələbatını ödəməkdir.
– Rəqabətli mühitdə “özümüzü təsdiq etdik” deyə bilirsinizmi?
– Bu suala bizim cavab verməyimiz düzgün olmazdı. İnternet media məkanında özünü təsdiqləmək indi daha çətindir. Burada yeniliklər çox sürətlə baş verir. Onu deyə bilərəm ki, agentliyin 12 ildən artıq bir müddətdə fəaliyyət göstərməsi müəyyən göstəricidir.
– Hansı media qurumlarını özünüzə rəqib sayırsınız?
– Biz bütün agentlikləri özümüzə rəqib sayırıq. Burda agentliyin hansı nüfuza sahib olmasının əhəmiyyəti yoxdur. İndi internet medianın rəqibləri bir qədər də artıb. Çap mediası da oxucunun tələbatı ilə ayaqlaşması üçün internetlə bağlı işini genişləndirib. Bu baxımdan rəqib qıtlığından şikayətlənməyə əsasımız yoxdur.
– Azərbaycanın bölgələrində müxbir məntəqələriniz varmı?
– Agentliyin Naxçıvan, Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq.
– Dövlət qurumlarının fəaliyyəti, eləcə də digər sahələr ilə bağlı informasiyaların alınıb geniş ictimaiyyətə çatdırılmasında hər hansı çətinliklərlə üzləşirsinizmi?
– Əvvəlki illərlə müqayisədə indi dövlət qurumlarından informasiya almaq işi nisbətən asanlaşıb. Amma bu dəyişiklik hələ də mətbuatı qane edən səviyyədə deyil. Bu problemləri bəzən mətbuat xidmətlərinin fəaliyyəti ilə əlaqələndirirlər. Amma mən deyərdim ki, məsuliyyətin böyük hissəsi müvafiq dövlət qurumlarının rəhbərlərinin üzərinə düşür. Rəhbər şəxsin mediaya açıqlığı nə qədərdirsə, mətbuat xidmətinin də işi o qədər aktivdir. Bir məsələni də qeyd edim ki, hansı dövlət qurumunun mətbuat xidmətinə jurnalistikada çalışmış şəxslər rəhbərlik edirsə, onlarla işləməyimiz daha asandır. Keçmiş həmkarlarımız media ilə işlərini daha effektiv qururlar.
– Bir agentlik rəhbəri olaraq medianın hazırkı durumunu, onun əlaqələrini necə qiymətləndirirsiniz?
– Medianın hazırkı durumunda əsas narahatedici məsələ iqtisadi dayaqlarıdır. Düzdür, media strukturlarının və jurnalistlərin iqtisadi vəziyyətinin yaxşılaşması üçün dövlət, şəxsən prezident tərəfindən çox mühüm addımlar atılıb. Biz bu istiqamətdə görülən işləri çox yüksək qiymətləndiririk. Amma bununla yanaşı, qeyd etməliyik ki, mediamızın öz ayaqları üstdə dayanmasına nail ola bilməmişik. Bizim əsas işimiz media orqanlarının biznes strukturuna çevrilməsinə nail olmağımızdır. Dövlətin ayırdığı yardımların yekunu məhz medianın iqtisadi cəhətdən özünü tənzimləyə bilməsi olmalıdır. Son illərdə görülən işlər buna ümidlə yanaşmağa əsas verir. Reklam bazarının çap mediasına yol tapacağı halda bu istiqamətdə əsaslı irəliləyiş əldə olunacaq.
– Əsas tərəfdaşlarınız hansı təşkilatlardır?
– Bizim əsas tərəfdaşlarımız dövlət strukturları, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici biznes qurumlarıdır. Ölkəmizdəki diplomatik nümayəndəliklərlə də əməkdaşlığımız qənaətbəxş səviyyədədir. Sözsüz ki, çap mediası ilə də əlaqələrimiz var.
– İnternet media olaraq kadr ehtiyacınızı necə təmin edirsiniz?
– Peşəkar kadr problemi indi bütövlükdə medianın yaralı yeridir. Əslində, kadr çoxdur, amma onların içərisində istədiklərini ala biləcəyin kadr yoxdur. Etiraf edim ki, müraciət edənlərin əksəriyyəti adi peşə xüsusiyyətlərindən xəbərsizdirlər. Ali məktəbi bitirənlərin içərisindən isə seçim etmək çətindir. Çünki onlara daha çox nəzəri biliklər öyrədilir və praktikadan xəbərsiz olurlar. Belə olan halda, məcbursan ki, işi bir kənara qoyub tədrislə məşğul olasan, bu da məlum çətinliklər yaradır. Mən bu problemin də medianın iqtisadi durumu ilə bağlı olduğunu deyərdim. Jurnalistlərin əmək haqqının azlığı peşəkarların çoxunun mətbuatdan uzaqlaşması ilə nəticələndi. Bundan sonra çıxış yolumuz kadr ehtiyacımızı məzunların işə cəlb edilməsi ilə aradan qaldırmaq oldu. Belə deyək ki, biz də əksər media strukturları kimi özümüz kadr hazırlığı ilə məşğul oluruq. Bu da təbii ki, kifayət qədər zaman aparır. Amma ən acınacaqlısı odur ki, bu kadrlar lazım olan səviyyəyə çatdıqdan sonra daha gəlirli yerlərdə iş taparaq medianı tərk edirlər. Belə deyək ki, nəticədə biz də yenidən əvvələ qayıdırıq. Mediada qalıb işləyənlər isə jurnalistikanı özünə həyat tərzi seçənlər olur.
– Əksər agentliklər zamanla ayaqlaşmaq üçün özlərinin internet televiziyalarını da yaradıblar. Sizin agentliyin necə, internet televiziyası varmı və bu TV-nin durumu hansı səviyyədədir? Ümumiyyətlə, bu istiqamətdə başqa hansı işlər görmək fikrindəsiniz?
– Bizim agentliyin internet televiziyası yoxdur. Bir müddət əvvəldən biz də internet TV-nin yaradılması üçün müəyyən hazırlıqlara başlamışıq. Bu işlər bir qədər maliyyə tutumlu işlərdir. İstəyirik ki, tam hazır olduqdan sonra internet televiziyanı istifadəyə verək.
– Oxucular gələcəkdə sizin agentliyin hansı yenilikləri ilə tanış ola biləcəklər?
– Hazırda bütün diqqətimizi saytımızın yenilənməsinə yönəltmişik. Saytın dizaynından tutmuş, əhatəliliyinə qədər yeniliklər etmək fikrindəyik. Artıq kollektivimizdə say etibarilə genişlənmə var. Yeni kadrlar, əməkdaşlar cəlb etmişik. Qarşıda duran planlarımızdan biri də ayrı-ayrı şöbələrin işini gücləndirmək, bu sahəyə peşəkarların cəlb olunmasını təmin etməkdir. Agentliyimizin əsas yeniliyi digər əcnəbi dillərdə də informasiyaların yayılması olacaq. İndi planlarımız bu istiqamətdədir. Çalışacağıq ki, fəaliyyətimiz yalnız informasiya agentliyi çərçivəsində məhdudlaşmasın. İnformasiyaların bolluğuna, maraqlı məqalələrin yer almasına üstünlük verəcəyik. Bundan başqa, yeni layihələrə yer ayırmaq niyyətindəyik.
Rufik İSMAYILOV



Bu yazı ( 148 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar