12px14px16px18px

Hikmət Babaoğlu: “Qəzet mediasına meyl ənənəsi cəmiyyətdə hələ də davam edir”

“YENİ AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU BU FİKİRDƏDİR Kİ, MÜƏYYƏN CƏHƏTLƏRİNƏ GÖRƏ ÇAP MEDİASI ELEKTRON MEDİAYA UDUZURSA, ELEKTRON MEDİA DA BƏZİ XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ ÇAP MEDİASINDAN GERİ QALIR

13:34 / 08.03.2012
– “Yeni Azərbaycan” qəzetinin yarandığı dövrdə ölkədə ictimai-siyasi vəziyyət necə idi? Partiya qəzeti kimi yaranan bu mətbu orqan hansı istiqaməti, funksiyanı hədəf kimi götürmüşdü?
– Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olaraq qəzet 1993-cü ilin aprel ayında yaranıb. O dövrdə cəmiyyətin inkişafı üçün müxtəlif tələblər vardı, o tələblərdən biri də yeni siyasi sistemin qurulması idi. Təəssüf ki, totalitar rejimdən çıxmış bir cəmiyyətdə demokratik siyasi instutların formalaşması üçün təcrübə, demək olar ki, yox idi. Belə dövrdə müstəqil dövlətin inkişaf meyllərini, tendensiyalarını yaradacaq müxtəlif idarəetmə, insan hüquqları instutlarının və digər sosial-siyasi instutların yaranması özlüyündə yeni yaradılacaq cəmiyyətin strateji substratlarını təbliğ edəcək vasitəyə ehtiyac vardı. Heç şübhəsiz ki, o dövr üçün belə vasitə qəzetlər idi. Bununla bərabər demokratik sistemin əsas instutları olan siyasi partiyaların da öz proqram və nizamnamələrini, siyasi kurslarının əsas postulatlarını və istiqamətlərini əhaliyə çatdırmaları üçün müvafiq mətbuat orqanına ehtiyac vardı. “Yeni Azərbaycan” qəzeti də, elə bir şəraitdə, yəni cəmiyyətin siyasi sistemin qəzetə tələbatı olduğu bir dövrdə Ümummilli lider Heydər Əliyevin yaratdığı YAP tərəfindən təsis edilmişdir. İlkin mərhələdə qəzetin qarşısında duran vəzifə partiya orqanı kimi partiyanın siyasi maraqlarından, proqram və nizamnaməsindən irəli gələn fikirlərin, ideyaların və məqsədlərin cəmiyyətin müxtəlif təbəqələri arasında təbliğ olunması idi. Bununla bərabər, qəzetin məqsədi o dövrdə ölkədə və dünyada baş verən hadisələri obyektiv şəkildə xalqa, insanlara çatdırmaqdan ibarət idi.

Heç bir dövrdə qəzet təkfunksiyalı olmayıb.

Bəzən qəzetin funksiyasını ideallaşdırmağa çalışırlar ki, qəzet yalnız informasiya ötürücüsüdür, sovet dövründə olduğu kimi təbliğat və təşviqat vasitəsidir, amma qəzetin missiyası onun funksiyasından həmişə üstün olmuşdur, daha böyük məzmun kəsb etmişdir. Bu mənada qəzet təkcə informasiya ötürücüsü deyil, çox böyük missiya həyata keçirən vasitədir. Qəzet kütləvi şəkildə maarifləndirir – bu mənada qəzet bir müəllimdir. Qəzet tərcümə edir, izah edir, təhlil edir – deməli qəzet analitikdir, güc, beyin mərkəzidir. Qəzet informasiya yayır-deməli universal ötürücüdür. Qəzet bədii təfəkkür formalaşdırır – deməli qəzet ədəbiyyatçıdır. Qəzet siyasi sistemi formalaşdırır-bu mənada qəzet siyasətçidir. Qəzet insanların hüquqlarını müdafiə edir, deməli o həm də qeyri-hökumət təşkilatıdır, hüquq müdafiəçisidir. Qəzet insan hüquqlarını öyrədir və təbliğ edir, bu mənada qəzet hüquqşünasdır. Qəzet bizi özümüzə tanıdır, bu mənada qəzet psixoloqdur. Qəzet cəmiyyətdə olan neqativ və pozitiv prosesləri əks etdirir, bu mənada qəzet aynadır, güzgüdür. Qəzet mövcud problemlərin həlli yollarını göstərir, qəzet psixoloqdur və s. Məhz belə bir şəraitdə yaranan “Yeni Azərbaycan” qəzeti də o dövrdə sadaladığımız bütün məsələlərlə bağlı xüsusi mövqeyi və rolu olan, problemlərin həlli yolunu göstərən və bu tarixi prosesdə özünəməxsus missiya yerinə yetirən bir vasitə idi.
– Texnologiyaların inkişafı ilə internet jurnalistikası və elektron qəzetlər də populyarlaşır. Qərbdə elə bir fikir var ki, artıq qəzetin sonu yaxınlaşır. Qəzet rəqabətə dözməyərək yerini elektron jurnalistikaya verəcək. Sizcə bu nə dərəcədə labüddür?

– Qəzetin sonunu deyilən qədər faciəvi olacağını düşünmürəm.

Dediyimiz kimi, qəzet, əmtəə olaraq, çap məhsuludur. Onun cəmiyyətə təqdim olunması üçün müvafiq funksional qurumlar var. Bir qəzetin hazır olması üçün ilk növbədə bu qəzeti ərsəyə gətirənlər, yaradıcı heyət olmalıdır, ikincisi texniki personal olmalıdır, üçüncüsü istehsal vasitəsi olmalıdır, sonra isə yayım, insanlara çatdırılması və s. Qəzet adlandırılan bu sadə elementin ictimaiyyətə təqdim olunması üçün bu qədər çətin mürəkkəb və ağır əməyə hamı qatlanılırsa, deməli hələ də qəzetə tələbat var. Düzdür, XX sərin sonu, XXI əsrin əvvəllərində qəzetə yeni alternativlər yaranmağa başladı. Qısa müddətdə alternativ media qəzeti sıxışdırmağa başladı. Dünyada tanınmış bəzi qəzetlər öz mövqelərini yavaş-yavaş elektron mediaya uduzmağa başladılar. Təsəvvür edin ki, bir neçə il əvvəl, İsraildə 200 min tirajla çap olunan “Komsomolskaya pravda” qəzeti bugün orada çapını dayandırıb, o qəzetin oxucuları ancaq elektron vasitələrlə qəzeti əldə edirlər. Son illərin dinamikası göstərir ki, məşhur “Nyu York Tayms” (New York Times) qəzeti tirajını 100 minlərlə azaldıb. Eyni zamanda digər qərb mətbuatına da bunu aid etmək olar. Ancaq başqa maraqlı tendensiyalar da var. Məsələn, Türkiyə Cümhuriyyətində alternativ medianın aktiv olmasına baxmayaraq, bu, qəzetlərə o qədər təsir edə bilməyibdir, eləcə də Azərbaycanda vəziyyət eynidir.

On il əvvəl bizdə çap mediasının tirajı  necə idisə, indi də təxminən eynidir.

Deməli, belə nəticəyə gəlmək olar ki, qəzet mediasına meyl ənənəsi cəmiyyətdə hələ də davam edir və özünəməxsus keyfiyyətlərinə görə çap mediası elektron mediaya uduzursa, bunun əksi olaraq, elektron media da bəzi xüsusiyyətlərinə görə çap mediasından geri qalır. Elektron medianı arxivləşdirmək olmur. Bunu etmək istəyəndə mütləq çap mediasına çevrilməlidir. Tutaq ki, bir şəxs elektron mediaya müsahibə vermişdir və o müsahibəni evində arxivləşdirmək istəyirsə printer vasitəsilə çapdan çıxarıb kitab şəklinə salaraq saxlayır. Çünki 5-10 gündən sonra elektron mediada onu tapmayacaq. Başqa bir keyfiyyət isə intellektual keyfiyyətdir. Sosial psixoloqlar təsdiqləyiblər ki, elektron media ilə əldə olunan məlumat qısa zamanda yaddan çıxır. Amma çap mediası vasitəsilə əldə olunan məlumat isə yox. Elektron media bu gün özünün təntənə dövrünü yaşayır, bundan sonra ya enişi olacaq, ya da uzun müddət çap mediası ilə rəqabəti bu səviyyədə qalacaq. Azərbaycanda rəsmi mənbələrdə qeyd olunur ki, internet istifadəçiləri 60 faizdən çoxdur. Bir məqama diqqət yetirək, bəs informasiya almaq üçün doğrudanmı 60 faiz elektron mediadan istifadə edir? Əsla belə deyil. Bu rəqəm sadəcə internet istifadəçilərinin ümumi sayıdır. İnformasiya almaq məqsədilə isə artıq rəqəmlər çap mediasının xeyrinə dəyişir. Elektron mediadan, internetdən istifadə müxtəlif xəstəliklər yaradır. Min illərdir insan kitab, qəzet oxuyur, amma heç bir peşə xəstəliyi yoxdur, əksinə insan cəmiyyəti əqli, idraki inkişafına görə qəzetə, kitaba borcludur. Ancaq elektron media vərdişləri çeşidli xəstəliklərə səbəb olur. Ona görə də, hesab etmirəm ki, çap mediası qısa zamanda asanlıqla aradan çıxacaq. Çünki çap mediasına tələbat var və bu hər zaman olacaq.

Mətbuatın yaşaması həm də jurnalistlərdən asılıdır.

Jurnalistlər nə qədər maraqlı, operativ analitik yazılar yaza bilsələr, yeni janrlar, formalar tapa bilsələr, oxucunu bu vasitələrlə nə qədər çox cəlb etsələr çap mediası o qədər də uzunömürlü olacaq. Qəzetin sonunun gəldiyini proqnozlaşdıranlar isə hələ uzun müddət xəyal qırıqlığı yaşayacaqlar.
– İdeoloji baxımdan yox, peşəkarlıq və üslub baxımından müasir medianı sovet mediası ilə müqayisə etdikdə vəziyyəti necə xarakterizə etmək olar?
– Yaddaş da, ədəbiyyat da, mətbuatda varislidir. Azərbaycan mətbuatı da bugün vərəsəliyə əsaslanır. İlkin olaraq “Əkinçi”nin yaranması, çar dövrü mətbuatı, sonra 1918-20-ci illər müstəqil mətbuat, onun davamı olaraq, sovet dövrü mətbuatı və nəhayət 1991-ci ildən bu günə kimi mətbuatımız əslində bir-birinin davamıdır. Bu zirvəyə doğru gedən pilləkənə bənzəyir və hər mərhələdə biz bir addım irəli gedirik. Çünki zaman və intellektual inkişaf faktorları var. Bunlar medianın inkişaf göstəriciləridirlər. Sovet dövürünün öz ənənələri vardı. Həmin dövrdə üslub və peşəkarlıq dedikdə başqa məsələlər, bu gün isə tamam fərqli göstəricilər nəzərdə tutulur, yəni tələblər dəyişib.

Tələblərə uyğun olaraq yaradıcılıq metodları dəyişilib.

Bu gün felyeton və oçerk janrlarından istifadə olunmur. Zaman bu janrları sıradan çıxarıb. Sovet dövründə ən maraqlı oçerk, felyeton yazanı xəyali olaraq bu dövrə gətirib ona ən maraqlı oçerkləri yazdırsaq onun oxucusu olmayacaq. Çünki oxucuların zövqü dəyişib və bu zamanla, dövrlə bağlı məsələdir. O janrlara qayıtmaq keçmişə qayıtmaqdır. Bu gün daha çox analitik jurnalistika, köşə yazıları və başqa yeni janrlar populyardır. Gerçəklik budur ki, yeni janrları Azərbaycan mediası yaratmayıb, bunlar dünya mətbuatının bir hissələridir. Bir qədər fərqli, bir qədər də milli keyfiyyətdə, ümumi ənənədən kənara çıxmamaqla bizdə də bu janrlarda yazılar yazırlar. Bəzi janrların keçmişdə qalması həm də operativliklə bağlıdır. İndi sürət əsridir və hər hansı hadisə ilə bağlı oçerk, felyeton yazılıncaya qədər artıq həmin hadisə aktuallığını itirir. Dil də, yazı üslubu da özünü bu sürətə uyğunlaşdırmalıdır.
Ümumilikdə peşəkarlığı qiymətləndirməli olsaq, bugün Azərbaycan mətbuatında peşəkarlar çoxdur, yeni keyfiyyətli üslub formalaşmaqdadır. Müstəqillik dövründə mətbuatın üzərindən senzuranın götürülməsi, mətbuatın borclarının silinməsi, mətbuatin inkişafına xidmət edən KİV-ə Dövlət Dəstəyi Fondunun Azərbaycan mətbuatında siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün qəzetləri maliyyələşdirməsi, şübhəsiz ki, Azərbaycanda həm mətbuatı, həm siyasi sistemi, həm siyasi dünyagörüşümüzü rəngli çalarlarda inkişaf etdirir.

Cəmiyyətin inkişafı mətbuatla da sıx bağlıdır.

Mətbuat ayrı-ayrı fərdlərin və bütövlükdə, sosiumun maarifləndirilməsində iştirak edən vasitələrdən biridir. Şərti bölgü olaraq iqtidar, müxalifət, müstəqil qəzetlərə ayrılan mətbuat nümunələrimizin hamısı dövlətin dəstəyilə inkişaf etdirilir.
– “Yeni Azərbaycan” qəzetinin və ümumilikdə mətbuatın ədəbiyyata üstünlük verməsi qəzetin operativlik cəhətdən uduzması kimi qələmə verilə bilərmi? Ədəbiyyata bu qədər yer ayrılması nədən irəli gəlir?
– Ədəbiyyat bizim ilk növbədə milli, estetik, intellektual, söz yaddaşımızdır. Ədəbiyyat bir azərbaycanlı kimi bizim milli identikliyimizi formalaşdırır, bizə ortaq düşmənlərimizi və qəhrəmanlarımızı öyrədir. Ədəbiyyat milli kimliyimizi müəyyənləşdirən ən aparıcı instutlardan biridr. Buna görə də hansı dövr olursa olsun, ədəbiyyatın bu imkanlarından bəhrələnməmək, millət kimi formalaşmağımızda ədəbiyyatın rolunu etiraf edib ona müraciət etməmək doğru olmazdı. Bu,

qəzetin öz funksiyasından kənara çıxması, qeyri-operativliyi,

mövzu qıtlığı demək deyil. Çünki ədəbiyyat yarandığı vaxtdan millətin birliyini təbliğ edən təməl ünsürlərdəndir. İngilis siyasətçisi Çörçilin elə bir fikri var: “İngilis romançıları ingilis xalqı üçün ingilis siyasətçilərindən daha çox iş görüblər”. Bir millətin digər millətlə fərqini göstərən əsas vasitələrdən biri də elə ədəbiyyatdır. Ədəbiyyat millətin mənəviyyat aynasıdır.
Ədəbiyyat, eyni zamanda, dildir, təxəyyüldür, intellektual imkanların hüdudlarını şərtləndirən vasitədir, sözdür, ifadə tərzidir və s. Biz jurnalistlər istəsək də, istəməsək də, yaradıcılıq fəaliyyətimizdə mütləq ədəbiyyatla təmasda oluruq. Və bu təmas vasitəsilə deyil, birbaşadır. Düşünün ki, biz Nizamilərimizi, Füzulilərimizi oxumasaq, bilməsək, öz fikirlərimizi necə ifadə edə bilərik? Səməd Vurğunu, Rəsul Rzanı, Məmməd Səid Ordubadini, Yusif Vəzir Çəmənzəminlini oxumasaq, düşüncələrimizi hansı şəkildə obrazlaşdıra bilərik? Bu mənada hesab edirəm ki, jurnalistika elə ədəbiyyatın doğmaca övladıdır.
Siyasətdə milli gücü dəyərləndirərkən kəmiyyət və keyfiyyət komponentlərinə bölürlər. Milli gücün kəmiyyət komponentlərinə yerləşdiyin coğrafiya, təbii sərvətlərin, iqtisadi resurslar, əhali faktoru, hərbi güc və s. aid edilir. Mənəvi komponentlərə isə milli diplomatiya, intelektual resurslar, milli mənəviyyat və mentalitet daxildir. Milli gücün keyfiyyət komponentləri içərisində ən həlledici amil olan

milli mənəviyyatı ədəbiyyat formalaşdırırsa, qəzet olaraq, ədəbiyyatdan  necə imtina edək?

Ona görə də, qəzetimizin təsisçisi olan Yeni Azərbaycan Partiyası da, partiyanın qurucusu olan Ulu öndər Heydər Əliyevin də siyasi sistemdən asılı olmayaraq, ədəbiyyata və ədəbiyyat xadimlərinə xüsusi qayğı, diqqət göstərmişdir. “Yeni Azərbaycan” qəzeti də bu ənənəyə sadiq qalaraq, xalqımızın milli-mənəvi yaddaşı, mənəviyyat dünyası olan ədəbiyyatdan imtina edə bilməzdi.
– Xarici mediada son dövrlərdə Azərbaycana qarşı aparılan əks-təbliğat, sizcə, hardan və nədən qaynaqlanır? Milli mətbuat bu yolda hansı işləri görməlidir?
– Bu gün media həm də transmilli silahdır. Transmilli media, məsələn BBC, CNN, Əl-Cəzirə müəyyən maraqlara xidmət edir. Transmilli keyfiyyətdə özünü dünyaya təqdim edən media orqanlarının çox dəqiq hədəfləri və maraqları var. Bu hədəfləri onların təsisçiləri müəyyənləşdirirlər. Media özünü maliyyələşdirməkdə daima çətinlik çəkdiyi üçün transmilli mediaya ciddi şəkildə sərmayə qoyanlar, onlara bu statusu qazandırmaqla müəyyən məqsədlər və maraqlar güdürlər. Ona görə də, bu media vasitələri bəzən təzyiq vasitəsi kimi, bizim mətbu dildə desək lap elə reket media kimi çıxış edir. Bəzən də ideolji və siyasi manipulyator funksiyası daşıyır ya da təhrifolunmuş informasiya yayır, bir tərəfi müdafiə etməklə balansı itirir. Bu hallarda transmilli media imperialist mərkəzlərin əlində bir siyasi rıçaqa çevrilir. Yəni transmilli media təzyiq qrupları kimi əsasən milli hökümətləri hədəfə alır. Təzyiqlər etməklə təmsilçisi olduğu dövlət və ya dövlətlər qrupunun maraqlarını müdafiə edir. Hesab edirəm ki, bunun qarşısını almaq olduqca çətindir, demək olar ki, mümkün deyil. Ona görə də elə bir intellektual cəmiyyət qurmalıyıq ki, o, bu cür təhlükələri dərk etsin və

transmilli media bizim üçün arxadan vurulan bıçağa çevrilməsin.

Azərbaycanda intellektual cəmiyyət sürətlə formalaşır. Azərbaycan oxucusunun böyük bir hissəsi həmin media qurumlarında nəyin manipulyasiya olduğunu, elmi-nəzəri şəkildə dərk edir. Bir hissəsi isə intuitiv olaraq bunu başa düşürlər. Ancaq çox təəsüf ki, həmin medianın təsirinə düşənlər də olur. Bəzən şüurlu, bəzən isə bilməyərəkdən bunu edirlər. İkinci qrupa aid olanlar o qədər də təhlükəli deyil. Çünki onlar transmilli medianın dediyinə inanırlar, əgər transmilli mediada deyildiyi kimidirsə, Azərbaycana xeyir gətirəcəyinə inanırlar. Ancaq ən təhlükəlisi bunu bilərəkdən edənlər, Azərbaycan üçün, xalqımız üçün ziyanlı olduğunu bilə-bilə transmilli medianın yerlərdəki təmsilçilərinə çevrilənlərdir. Bu yolverilməzdir. Amma nə yaxşı ki bu cür neqativ ünsürlər cəmiyyətimizdə azdır. Xalqımız öz dövləti ətrafında şüurlu şəkildə birləşərək elə qüvvələrə qarşı mübarizə aparırlar. Ən əsası isə bu birlik emosional deyil. Bildiyimiz kimi, 1988-1989-cu illərdə olan birlikdə emosionallıq daha yüksək idi. Bu gün isə, intellektual səviyyə yüksəlmişdir. Milli birliyimiz və bu birliyimizin hüquqi-siyasi atributu olan dövlətimiz ətrafında olan birliyimiz emosional deyil, əqli keyfiyyətlərə söykənən birlikdir. Bu isə kamil cəmiyyət deməkdir.
– Müasir dövrdə qəzeti oxunaqlı etmək üçün nə lazımdır?
– İlk növbədə qısa informasiyalar və bu informasiyaları izah edən fotoşəkillər olmalıdır.

Başlıqlara diqqət ayırmaq, maraqlı, cəlbedici etmək lazımdır.

Bəzən yazını tam oxumaq üçün oxucunun vaxtı olmaya bilər, amma yazının içində vacib bir informasiya ola bilər ki, onu başlıq və ya yarımbaşlıq şəklində onu oxucuya çatdırmaq lazımdır. Cəmiyyətə demək istədiklərimizi müxtəlif yollarla çatdırmaq üçün fotoşəkillərdən, şəkilaltı izahedici sözlərdən, spotlardan istifadə etmək olar. Bir sözlə, oxucunu yazını oxumağa həvəsləndirmək üçün ən müxtəlif metodları işə salmaq lazımdır. “Yeni Azərbaycan” qəzeti də daim oxucusunu düşünür, qəzeti oxunaqlı və maraqlı etmək üçün əlindən gələni edir. Buna nə dərəcədə nail olduğumuzu isə ancaq oxucular deyə bilər.
Pərviz SADIQOV





Bu yazı ( 219 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar