12px14px16px18px

Bakı Dövlət Universitetində dövlət imtahanları başlayıb

01:45 / 26.05.2012
Bakı Dövlət Universitetində (BDU) dövlət imtahanlarına start verilib. BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, dövlət imtahanında 3 mindən artıq qiyabi və əyani tələbə iştirak edir. Müəllim-koordinatorların nəzarəti ilə keçirilən imtahan başa çatdıqdan sonra tələbələrin cavab blankları kodlaşdırılır və işlər fənni tədris edən müəllim tərəfindən deyil, kafedranın digər müəllimləri tərəfindən yoxlanılır. İmtahanlar başlamadan öncə hər il rektoru, akademik Abel Məhərrəmov sonuncu kurs tələbələri ilə ayrı-ayrılıqda görüşlər keçirir, tələbələrin fikirlərini dinləyir, dekan və kafedra müdirlərinə müvafiq tapşırıqlar verir. Bu il də akademik Abel Məhərrəmov təhsil müəssisəsinin filologiya və tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin tələbələri ilə görüşüb. Görüşdə rektor qeyd edib ki, kəsirləri olan və buna görə dövlət imtahanında iştirak edə bilməyən IV kurs tələbələri üçün yay məktəblərinin təşkili nəzərdə tutulur. Eyni zamanda, üzrlü səbəbdən imtahana qatıla bilməyən və yaxud imtahandan kəsilən tələbələr üçün də növbəti dəfə şans yaradılacaqdır. BDU-nun prorektoru, professor İradə Əliyeva bugünkü imtahanda ümumilikdə 453 tələbənin iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Dövlət imtahanının keçirilmə qaydaları barədə məlumat verən prorektor imtahanlara əlaqələndiricilərlə yanaşı, universitetin Tədris Elektron Mərkəzi tərəfindən də nəzarət ediləcəyini bildirib. Qeyd edək ki, Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (İASHE) tərəfindən keçirilən müsabiqədə Bakı Dövlət Universiteti birinci yerə layiq görülüb. İASHE postsovet dövlətlərindərəsmi partnyoru olan Ümumukrayna Akademik Birliyi ilə birgə postsovet ölkələri arasında elmi analitika üzrə regional yarışmanın test proqramını reallaşdırıb. Bu yarışma İASHE-nin “Elmi analitika üzrə kontinental, milli və regional yarışmalar və dünya çempionatı” layihəsi çərçivəsində keçirilib. Layihədə əldə olunan nailiyyətlərin yekununa əsasən, BDU-i bu reytinqlər üzrə aparıcı yerləri tutub. Beləliklə, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 1-ci, “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 2-ci, “Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 3-cü və nəhayət “Gənc alim və tələbə gənclərin elmi tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 21-ci yeri tutub. Məlumatda bildirilib ki, İASHE-nin Ekspertlər Şurası BDU-nu beynəlxalq qızıl nişanəsi olan “Sokrat Medalı” ilə təltif edib.
S.QARAYEVA





Bu yazı ( 185 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar