12px14px16px18px

Riyaziyyat üzrə test imtahanı vermiş müəllimlərin nəticələri açıqlanıb

00:32 / 23.05.2012

Bakı şəhərinin IV sinif şagirdləri və müəllimləri üçün riyaziyyatdan keçirilmiş test yoxlamasında iştirak etmiş 1226 müəllimin yarıdan çoxu, yəni 674 nəfəri onlara təqdim edilən 15 sualın hamısını, 342 müəllim isə suallardan 14-ni doğru cavablandırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu imtahanlara cəlb edilmiş müəllimlərdən 1,2 faizinin, yəni 15 nəfərinin cavab kartları oxunmadığından nəticəni müəyyən etmək mümkün olmayıb. İdarədən bildirilib ki, aşağı nəticə göstərən müəllimlər bəzi hallarda eyni məktəblərin müəllimləri olub. Ötən illərdə olduğu kimi, bu il də test yoxlamasında qənaətbəxş nəticə göstərməyən müəllimlər ixtisasartırma kurslarına göndəriləcək.
Bu il keçirilən test yoxlamasında BŞTİ-nin tabeliyindəki məktəblərin 1289 sinfində oxuyan 29 031 şagirddən 28 061 nəfəri, yəni bütün dördüncü sinif şagirdlərinin 96,66 faizi iştirak edib. Şagirdlər 45 dəqiqə müddətində onlara təqdim edilən 15 sualı cavablandırıblar. Test yoxlamasının nəticələri şagirdlərin mənimsəməsinin 95,11 faiz olduğunu göstərib.
Şagirdlərin keyfiyyət faizi isə 74,56 faiz olub. Yoxlamada iştirak edən şagirdlərin 38,62 faizi, yəni 10 838 nəfəri “5”, 10 085 nəfəri və ya 35,94 faizi “4” alıb. Test yoxlaması nəticələrinin cari dərs ilinin birinci yarısı ilə müqayisəsi göstərib ki, mənimsəmə faizində 4,59 faiz azalma olsa da, keyfiyyət faizində 4,61 faizlik artım qeydə alınıb. Həmçinin “5” alanların sayı 2262 nəfər, yəni 9,04 faiz artıb. “4” və “3” qiyməti alanların sayında isə azalma baş verib. Test yoxlamasından “4” alanların sayı 5,04, “3” alanların sayı isə 8,40 faiz azalıb.
S.QARAYEVA



Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar