12px14px16px18px

“Elmi fəaliyyətin stimullaşdırması maddi yardım formasında olmayacaq”

11:51 / 16.05.2012
 
 
Azərbaycanda yeni hazırlanan “Elm siyasəti haqqında” qanun layihəsində elmi fəaliyyətin hansı formada stimullaşdırılacağı açıqlanıb. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun sözlərinə görə, elmi fəaliyyətin stimullaşdırması maddi yardım formasında olmayacaq. Onun sözlərinə görə, elmi fəaliyyətin stimullaşdırılması dövlət proqramları, qrantlar vasitəsilə elmi işlərin önə çəkilməsi deməkdir. Millət vəkili hesab edir ki, stimullaşdırma nəticəsində elm sahəsində həyata keçirilən proqramların və qrantların sayı artırılacaq. A.Məhərrəmov bildirib ki, hazırda Prezident yanında Elmin İnkişafı Fondu vasitəsilə elmi fəaliyyətlə məşğul olanlar üçün proqram həyata keçirilir və onlara qrantlar ayrılır. Bu proqramlarda müəllimlər, gənc aspirantlar, hətta tələbələr də iştirak edir.
 
Ancaq rektor hesab edir ki, bütövlükdə belə proqramların miqyası genişləndirilməlidir. A.Məhərrəmov Azərbaycanın qrant proqramlarının respublika çərçivəsində deyil, beynəlxalq müstəvidə qəbul olunmasını da təklif edir: “Məsələn, bu gün Bakı Dövlət Universiteti 60-a yaxın qrant proqramı üzərində işləyir. Onun 43-ü beynəlxalq, 23-ü daxili qrant proqramıdır. Xarici dövlətlər elmi dünya müstəvisində stimullaşdırmaq üçün beynəlxalq qrantlara daha çox yer verirlər”. Rektorun dediyinə görə, elmi fəaliyyətin stimullaşdırılması nəticəsində həm beynəlxalq, həm də ölkə daxili elmin tanınması, inkişafı baxımından qrantların ayrılmasına xüsusi diqqət yetiriləcək: “Ancaq bu yolla elmi fəaliyyətin stimullaşdırması olar. Qrant proqramlarının sayının artması birbaşa olaraq elmi fəaliyyətlə məşğul olanların sayının da artmasına səbəb olacaq”. A.Məhərrəmov əlavə edib ki, ölkədə distant təhsilin tətbiqi ilə bağlı ilkin addımlar atılıb. Artıq BDU-da da bu istiqamətdə ilkin addımlar atılıb. Bu məktəbin qiyabi təhsil alan tələbələri kurs işi və referatlarını kompüter vasitəsilə göndərirlər. Rektor deyib ki, bu iş sıçrayışla olmasa da, həyata keçirilir. A.Məhərrəmovun sözlərinə əsasən, bu gün dünyada distant təhsil formasına çox üstünlük verilir. İnformasiya kommunikasiya texnologiyalarının inkişafı da distant təhsil formasının tətbiqinin genişləndirilməsinə imkan verir. Buna görə də Azərbaycanda da bu istiqamətdə işlər görülür.
 
Qeyd edək ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması var. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır. Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır.
 
S.QARAYEVA
 
 




Bu yazı ( 50 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar