12px14px16px18px

Orta məktəb şagirdləri üçün buraxılış imtahanlarının tarixləri açıqlanıb

00:32 / 15.05.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci ildə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iyunun 2-də Bakı şəhəri üzrə 11-ci sinif, iyunun 3-də isə 9-cu sinif şagirdləri imtahan verəcəklər. İyunun 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10:00-da 11-ci, 15:00-da 9-cu sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10:00-da 11-ci, 15:00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər. Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də 10:00-da 11-ci, 15:00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da saat 10:00-da 11-ci, 15:00-da 9-cu sinif şagirdləri üçün imtahan təşkil olunacaq. Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyulun 4-də saat 10:00-da 11-ci, 15:00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər. M.Abbaszadə deyib ki, Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər. TQDK sədri xatırladıb ki, buraxılış imtahanları ana dili (Azərbaycan bölməsinin şagirdləri Azərbaycan, rus bölməsinin şagirdləri rus dili fənni) və riyaziyyat fənləri üzrə keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30 test tapşırığı veriləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yazacaqlar. İmtahan 2 saat davam edəcək. M.Abbaszadə əlavə edib ki, Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. Onun dediyinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”. M.Abbaszadə vurğulayıb ki, yoluxucu xəstəlikləri olan şagirdlər buraxılış imtahanlarına girə bilməz. Hər bir insanın öz hüququ var, amma digər insanların da hüquqları var. Onun sözlərinə əsasən, komissiya nümayəndələri belə halla mayın 13-də rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verərkən rastlaşıb: “Heç zaman biz imtahanda digər uşaqlar üçün təhlükə yarada bilməzdik. Mənə elə gəlir ki, valideynlər üçün ən əsası uşaqlarının imtahan nəticələrindən əvvəl onların sağlamlığıdır. Uşaq xəstədirsə, özünü pis hiss edirsə, imtahana gəlməyə də bilər. Təbii ki, uşaqlarda sarılıq, suçiçəyi və digər yoluxucu xəstəlik olduqda, biz onları imtahana buraxmayacağıq”. TQDK sədri deyib ki, buraxılış imtahanlarında hər hansı səbəblə əlaqədar iştirak edə bilməyən məzunların siyahısı hazırlanacaq: “Məzun əməliyyat olunubsa və hansısa xəstəliyə görə imtahana gələ bilmədisə, onların siyahısı bütün imtahanlar bitdikdən sonra formalaşacaq. Bundan sonra onlar üçün bir gün imtahan günü təyin ediləcək. Həmin gün həm bu məzunlar, həm də keçən il imtahandan kəsilənlər imtahan verəcəklər. Hesab edirəm ki, iyulun 10-da biz bu imtahanın tarixini elan edəcəyik. Hələ ki, rayon təhsil şöbələrindən də keçən il imtahan verə bilməyən və bu ilki imtahana qatılmaq istəyən məzunların siyahısı komissiyaya daxil olmayıb. Ümidvaram ki, mayın 30-dək bu siyahılar dəqiqləşəcək”. Komissiya sədri qeyd edib ki, TQDK 2012-2013-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat mayın 14, 15 və 16-da saat 10:00-dan 17:00-dək aparılacaq. İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər: “Qeyd edim ki, Rusiyanın ali məktəblərinə keçiriləcək müsabiqədə iştirak edən abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsabiqəsində iştirak edə bilərlər”.
Sevinc QARAYEVA





Bu yazı ( 242 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar