12px14px16px18px

Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt”inə 1265 müraciət daxil olub

00:31 / 15.05.2012
Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 1265 dəfə müraciət olunub. Müraciətlərin 1167-si telefonla, 98-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin əksər hissəsi ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir. Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları, dərs yükünün bölünməsi və digər məsələlərlə əlaqədar olub. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılıb. Aprel ayında daxil olmuş 65 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi təhsil məktəblərindən 21, digər şəhər ümumi təhsil məktəblərindən 6 (Gəncə və Mingəçevir şəhərlərinin hər birindən 1, Sumqayıtdan 4), Abşerondan 5, Şəki, Yevlax, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 2, Cəlilabad, Şamaxı, Göygöl, Ağsu, Kürdəmir, Sabirabad, Hacıqabul, Salyan, Gədəbəy, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqlarından qanunsuz tutulmalar ilə əlaqədar məsələlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Hesabat ayında internat məktəblərindən 1 şikayət qəbul edilib. Bu müraciət araşdırılaraq həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 2, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 10, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. S.QARAYEVA


Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar