12px14px16px18px

Beşyaşlıların sayı və məktəbəqədər təhsilə cəlb olunması üzrə təhlillər aparılıb

01:13 / 11.05.2012
Ölkə üzrə 5 yaşlı uşaqların sayı və onların məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillər aparılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, aparılan təhlillər nəticəsində məlum olub ki, 5 yaşlıların hamılıqla məktəbəqədər təhsilə cəlb edilməsi üçün 4649 yeni qrup açılmalıdır. 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması məqsədilə bölgələrdə məktəb binalarından, mədəniyyət evlərindən, kitabxana binalarından istifadə etməklə qısamüddətli təlim qruplarının yaradılması nəzərdə tutulub. Təhsil Nazirliyindən verilən məlumata görə, məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi proqramlarının Bakı şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, Şamaxı, Göygöl, Füzuli rayonlarının uşaq bağçalarında tətbiqi davam edir. Qısamüddətli təlim qruplarına 687 uşaq cəlb edilib. Hazırda ölkədə 113498 uşağı əhatə edən 1660 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 13 müəssisədə 22 xüsusi qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda 17,6 faiz (şəhər-25,7 faiz, kənd-9,5 faiz) faiz təşkil edir. 2011-ci ildə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Nazirliyin məlumatında bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 50 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir, 2 müəssisədə isə bərpa-gücləndirmə işləri aparılıb. Nazirlər Kabinetinin sərəncamına əsasən ölkənin 1 şəhər və 21 rayonunda cəmi 22 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub. İl ərzində Laçın və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 3, Samux şəhərində 1 yeni uşaq bağçası tikilərək istifadəyə verilib. Sumqayıt şəhəri 11, Mingəçevir şəhəri 16, Lənkəran şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub. S.QARAYEVA


Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar