12px14px16px18px

Azərbaycanda Rusiya ali məktəblərinə sənəd qəbulu yekunlaşıb

01:17 / 09.05.2012
2012-2013-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə sənəd qəbulu mayın 8-də başa çatıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycanın ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçiblər. İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Test imtahanı mayın 15-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” mayın 11-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 23-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılacaqlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq. Ali təhsil müəssisəsi göstərilməyən tibb və rabitə ixtisaslarında oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər. Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan vətəndaşlarının yataqxana və digər xərclər tələbələrin özləri tərəfindən ödənilməlidir. Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunurlar. Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycanın Təhsil Nazirliyinə təqdim olunacaq. Azərbaycan vətəndaşları Rusiyanın ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər. S.QARAYEVA





Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar