12px14px16px18px

YAP Gənclər Birliyi Şuşanın işğalının 20 illiyilə bağlı tədbir keçirib

01:15 / 09.05.2012  
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Şuşa şəhərinin işğal olunmasının 20-ci ildönümü ilə bağlı tədbir təşkil edib. Tədbirdə YAP sədr müavini, icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP rayon təşkilatlarının sədrləri iştirak ediblər. Sərgidə “Şuşa işğaldan öncə”, “Şuşa işğaldan sonra”, “Ermənilərə yaraşmayan Şuşa”, “Şuşa od içində”, “Şuşalılar”, “Güllələnmiş heykəllər və ruhlar şəhəri”, “Abidələr şəhəri-Şuşa” mövzuları ilə bağlı şəkillər nümayiş etdirilib. Tədbiri giriş sözləri ilə açan YAP GB-nin sədri Seymur Orucov sərginin mahiyyəti haqda ətraflı məlumat verib: “Bu gün Şuşanın işğalından 20 il ötür. Bu tarix hər birimizin yaddaşında ağrılı-acılı hisslərlə yadda qalıb. Biz YAP gəncləri olaraq təkcə Şuşa deyil, bütün işğal altında olan torpaqlarımızın qaytarılması, erməni vandalizminin dünyaya çatdırılması istiqamətində bir sıra işlər görürük. Tədbirlərimiz müxtəlif istiqamətlərdə davam etdirilir və biz gördüyümüz işlərin uğurlu nəticələrinə də addım-addım irəliləyirik. 27 aprel tarixindən etibarən partiyanın fəal gəncləri Şuşanın işğalı ilə bağlı YAP Gənclər Birliyi tərəfindən hazırlanmış müraciəti beynəlxalq təşkilatların katibliklərinə, dünya dövlətlərinin parlamentarilərinə ünvanlayıblar. Şuşanın işğalı ilə bağlı görülən silsilə tədbirlər sırasında olan aksiyada 2000-dən çox müraciət ünvanlanıb”. Daha sonra çıxış edən YAP sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov işğal faktını erməni vandalizminin bariz nümunəsi adlandırıb və Şuşasız keçən 20 ili ürək ağrısı ilə anıb: “Bu gün Azərbaycanın mədəniyyət ocağı olan, tarixi irsimizi daşıyan Şuşa şəhərinin işğalının 20-ci ildönümüdür. Bugünkü sərgidə Şuşanın işğaldan öncəki rəsmləri nümayiş etdirilib. Mədəniyyət ocağımızın xarabalığa çevrilmiş şəkilləri və bu gün Şuşada kimlərin yaşadığı da sərgidə nümayiş etdirilib. Bu gün işğal altında olan Şuşa şəhərində insani keyfiyyətlərə malik olmayan, vəhşilikləri ilə seçilən ermənilər məskunlaşıb. Burada “Güllələnmiş heykəllər” adlı stenddə də darmadağın edilmiş mədəniyyət abidələrimiz və heykəllərimiz göstərilib. Erməni hərbi birləşmələri o qədər insani hisslərdən kənar olublar ki, onlar heykəlləri belə güllələyiblər. Hər nə qədər bu gün işğal faktı davam etsə də biz gələcəyə baxırıq və torpaqlarımızın geri qaytarılacağını bilirik. Bu sözlər passiv davranış forması deyil. Biz sadəcə olaraq ümid etdiyimizi bildirməklə kifayətlənmirik. Azərbaycanın siyasi, iqtisadi inkişafı, hərbi potensialının güclənməsi, dünya birliyindəki mövqeyinin güclənməsi kimi bir sıra uğurlar ölkəmizin bazasını möhkəmləndirir. Bütün bunlar isə işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının və siyasi ədalətin bərpasının təmin olunmasına hesablanıb. Digər bir tərəfdən qeyd etmək lazımdır ki, bu gün Azərbaycan gəncləri torpaqlarımızı geri qaytarmağa hazırdırlar. Dinc yolla, danışıqlar vasitəsilə işğal faktının aradan qaldırılması potensialı tükənərsə, dövlətimizin gücü, gənclərimizin qətiyyəti sayəsində biz öz torpaqlarımızı geri qaytaracağıq. Yeni Azərbaycan Partiyasının gəncləri xüsusi vətənpərvərlik hisslərinə sahibdirlər. Onların potensialı və gördükləri işlər yüksək qiymətləndirilir”. Millət vəkili Bahar Muradova da öz növbəsində çıxış edərək bu günü dərin kədər hissi ilə qeyd etməyimizə baxmayaraq gələcəyə olan inamımızın bizi ümidləndirdiyini deyib: “Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı respublikamızın hər yerində tədbirlər keçirilir. Biz hər işğal ildönümündə kədər hissi ilə yanaşı, inam hissini də artırırq. Şuşanın Azərbaycan xalqının həyatında hansı yer tutduğu və bu şəhərin işğalının ölkəmizə vurduğu zərbə bütün tədbirlərimizdə əks olunur. Eyni zamanda tədbirlərimizdə bu faktın fakt olaraq qalmayacağı və Azərbaycanın yaxın gələcəkdə ərazi bütövlüyünün bərpa olunacağı da vurğulanır. Biz bu fikirləri ifadə edirik, çünki Şuşa bizim torpağımızdır və biz onu geri qaytarmağa qadirik. Şəkillərə baxdığımızda Şuşanın işğaldan əvvəl və sonrakı vəziyyətini görürük. Bu gün ermənilər Şuşanın onlara məxsus olduğunu iddia edirlər. Əgər bu torpaq onlara məxsusdursa, ürəklərində sahiblik, vətənpərvərlik hissi varsa niyə Şuşa bu gündədir? Niyə Şuşa xarabalığa çevrilib? Başqasının ocağında nə xoşbəxt olmaq, nə də sağlam gələcək qurmaq mümkün deyil. Bu gün Azərbaycan öz inkişafı və ölkə Prezidenti İlham Əliyevin yeritdiyi siyasət nəticəsində dünya birliyində güclü mövqeyə sahibdir. Bütün bunlar da torpaqlarımızın geri qaytarılmasına və öz arzularımızı həyata keçirməyimizə şərait yaradacaq. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası gənclərinin bu tədbirləri bütün dünyaya həqiqətlərimizin aşılanmasında və tarixi ədalətin öz yerini tutmasında əhəmiyyətli rol oynayır”. S.QARAYEVA


Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar