12px14px16px18px

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzulu rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

01:14 / 09.05.2012
Dünən Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin məqsədi uşaq və gəncləri Heydər Əliyev ideyaları ruhunda tərbiyə etmək, istedadlı gəncləri üzə çıxarmaqdır: “XX əsrin ən böyük şəxsiyyətlərindən olan ümummilli lider Heydər Əliyevin ömür yolu və zəngin ictimai-siyasi fəaliyyəti vətənə, xalqa, dövlətçilik ideyalarına sədaqət və məhəbbətin parlaq nümunəsi, gənclər üçün əsl həyat məktəbidir. Rəsm müsabiqəsini keçirtməkdə əsas məqsəd uşaq və gəncləri ümummilli lider Heydər Əliyev nümunəsində tərbiyə etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır”. Q.Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha dolğun çatdırmaq məqsədilə təhsil naziri Misir Mərdanov “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqda əmr imzalayıb və müsabiqə yüksək səviyyədə təşkil olunub”. Nazir müavini vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının ən nadir şəxsiyyətlərindən və dünya siyasət aləminin parlaq simalarındandır: “O, müasir Azərbaycanın qurucusu, onun müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısıdır. Məhz buna görə ümummilli lider Heydər Əliyevin anadan olduğu gün hər il ümumxalq bayramı kimi qeyd edilir”. Nazir müavini qeyd edib ki, məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan müsabiqə 3 yaş qrupu (6-10, 11-14, 15-18 yaş qrupları) üzrə keçirilib. Müsabiqənin respublika mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib, nəticədə 27 qalib müəyyənləşdirilib. S.QARAYEVA




Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar