12px14px16px18px

Şuşanın işğalının məktəblərdə anılması ilə bağlı tədbirlər planı təsdiqlənib

01:49 / 03.05.2012
Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planını təsdiq edib.
Təhsil Nazirliyindən verilən məlumata görə, nazirin imzaladığı əmrə əsasən Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərlərinə tədbirlər planının icrasını təmin etmək tapşırılıb. Tədbirlər planına ali təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına dair beynəlxalq elmi-praktiki konfransların keçirilməsi, təhsil müəssisələrində işğalın 20-ci ildönümünə həsr olunmuş xüsusi dərsin, xatirə gecələrinin keçirilməsi, foto və rəsm sərgilərinin təşkili, həmçinin Şuşaya dair Facebook, Tvitter və digər sosial şəbəkələrdə “İşğala- yox!” təbliğat kampaniyalarında şagird, tələbə və müəllimlərin fəal iştirakının təmin edilməsi daxildir.
Nazirliyin məlumatında bildirilib ki, təhsil naziri Misir Mərdanov 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Bununla bağlı nazirin əmrində nazirliyin icraya məsul struktur bölmələrinin rəhbərlərinə Tədbirlər Planının icrasını təmin etmək tapşırılıb. Onlar bu sahədə görülmüş işlər barədə bu il dekabrın 20-dək nazirliyin rəhbərliyinə hesabat verməlidirlər. Tədbirlər Planına uyğun olaraq, oktyabr-noyabr aylarında Gənclər və İdman Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Bizim olimpiya çempionlarımız” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Azərbaycanın görkəmli idman mütəxəssisləri və idmançılarından bəhs edən “İdman ensiklopediyası” üzərində iş davam etdiriləcək.
Dekabrda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə “İdman ili”nin ən yaxşılarını müəyyən etmək məqsədilə müxtəlif nominasiyalar üzrə respublika müsabiqəsi keçiriləcək.
Qeyd edək ki, prezidentin müvafiq sərəncamı ilə 2012-ci il “İdman ili” elan edilib.
S.QARAYEVA




Bu yazı ( 170 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar