12px14px16px18px

Bakı Dövlət Universiteti ilə Radiasiya Problemləri İnstitutunun əməkdaşlığı genişlənəcək

01:48 / 03.05.2012
Dünən Bakı Dövlət Universiteti (BDU) ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov imzalayıblar. Akademik Abel Məhərrəmov memorandumun əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor dünyada enerji ölkəsi kimi tanınan Azərbaycanın yaxın gələcəkdə nüvə ölkəsi olması istiqamətində atılan addımlardan da söz açıb. Bu baxımdan imzalanacaq memorandumun rolunun xüsusi olacağını qeyd edib.
AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun fəaliyyətindən, MAQATE ilə işbirliyindən danışıb.
A.Qəribov bildirib ki, yaxın günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri Azərbaycana səfər edəcək. Səfərdə məqsəd Sterilizasiya qurğusu ilə bağlı Azərbaycanla birgə həyata keçirilən layihəni müzakirə etməkdir. Azərbaycan tərəfi də sterilizasiya qurğusunun son layihə variantını qurğunu hazırlayan Macarıstanın İzotop İnstitutuna göndərəcək. A.Qəribov deyib ki, mayın axırında Azərbaycana AEBA-dan daha bir qrup gələcək: “Səfərdə məqsəd Energetikanın planlaşdırılması üzrə Azərbaycanla birgə bir müddət əvvəl həyata keçirilmiş layihə ilə bağlı müzakirələr aparmaqdır. Ola bilsin ki, bu layihə yenidən bərpa olunsun. Ümumiyyətlə, dünyada energetikanın perspektiv planlaşdırılması layihəsi var. Bu layihə həmin ölkə üçün xüsusi sifarişlə icra olunur. Azərbaycan üçün 2007-ci ildə belə layihə icra olunurdu. Sonra Sənaye və Energetika Nazirliyində struktur dəyişikləri olduğu üçün layihə başa çatdırılmadı. İndi AEBA tərəfindən Azərbaycan Nazirlər Kabinetinə bu layihə ilə bağlı müraciət edilib”.
A.Qəribov tərəflər arasında imzalanan memorandumun kağız üzərində qalmayacağını və BDU-nun potensialından yararlanaraq daha mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib. İmzalanmış memorandumda tərəflər bir sıra prinsiplər haqqında razılığa gəliblər.
S.QARAYEVA



Bu yazı ( 151 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar