12px14px16px18px

Azərbaycanda şagirdlərə maliyyə bilikləri üzrə dərslər keçiləcək

01:47 / 03.05.2012
Azərbaycanın orta məktəblərində şagirdlərin maliyyə savadlarının artırılması üçün dərslər keçiləcək. Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov bildirib ki, uşaqlara erkən yaşlarından maliyyə savadlılığı aşılamaq, maliyyəni toplamaq, saxlamaq, planlaşdırmaq, gələcəkdə sahibkar olmağın yolları, biznes planları hazırlamaq vərdişləri öyrətmək məqsədi daşıyan layihə pilot olaraq Bakının 40-a yaxın məktəbində həyata keçiriləcək. N.Seyidov deyib ki, maliyyə əsaslarının bütün siniflərdə (1-11-ci siniflər) uşaqların yaşına görə tədris olunması nəzərdə tutulub. Onun sözlərinə görə, daha aşağı siniflərdə bu dərslər inteqrativ formada keçiriləcək. Yəni maliyyə sahəsindəki biliklər ayrı-ayrı fənlərə inteqrasiya olunmaqla tədris ediləcək: “Daha yuxarı siniflərdə iqtisadi biliklər fənni gücləndirilməli, zənginləşdirilməlidir. 7-ci sinifdən başlayaraq isə ayrıca fakültativ dərs, ya da fənn kimi tədris olunmalıdır. Uşaqlar müstəqil həyata qədəm qoyanda maliyyə mənbələrini axtarmağın, maliyyəni idarə etməyin yollarını bilməlidirlər”. N.Seyidovun dediyinə görə, yeni tədris ilindən başlayaraq, gələcəkdə maliyyə əsasları təhsil kurikulumuna daxil ediləcək: “Planlaşdırırıq ki, dərslərdə Azərbaycanın maliyyə institutları iştirak etsinlər. İndi internet bankçılıq, kredit kartlar, bankomatlar geniş yayılıb. Bunları nəzərə alaraq ictimaiyyət maliyyə əsasları ilə bağlı savadlanmalıdır. İlk növbədə uşaqlar və gənclər bu sahədə daha geniş və detallı məlumat, biliklər almalı və gələcəkdə tətbiq etməlidir”. Milli əlaqələndirici qeyd edib ki, bir neçə beynəlxalq təşkilat və yerli banklarla bu sahədə müzakirələr aparılır, əməkdaşlıq haqqında anlaşmalar üzərində çalışılır.
N.Seyidov vurğulayıb ki, bu proqrama metodoloji dəstək Hollandiyada Uşaqların maliyyə və sosial təhsili təşkilatı tərəfindən göstərilir. Bu metodologiya dünyanın 100-dən artıq ölkəsində tətbiq olunur. Bir çox ölkədə bu, dərs planına daxil edilib.
S.QARAYEVA





Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar