12px14px16px18px

Buxarestdə Bolonya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı olub

11:59 / 02.05.2012
Bu günlərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində Bolonya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib. Təhsil Nazirliyini konfransda təhsil nazirinin müavini Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransın ev sahibi olan Rumıniya ilə yanaşı, Azərbaycan və Danimarka Bolonya prosesinə həmsədrlik çərçivəsində iclaslara sədrlik ediblər.
Konfransın əsas məqsədi Avropa Vahid Ali Təhsil Məkanı çərçivəsində üzv ölkələrin təhsil sistemlərinin inkişafı və dünyanın digər regionları ilə ali təhsil sahəsində əməkdaşlığın genişləndirməsi məsələlərinin müzakirəsindən ibarət olub. Konfransın açılış mərasimində Rumıniya prezidenti Trayan Basesku da iştirak edib.
Açılış mərasimində təhsil nazirinin müavini Q.Novruzov çıxış edib. Təhsil nazirinin müavini tədbir çərçivəsində, həmçinin bir plenar iclasa və işçi qrupunun iki sessiyasına sədrlik edib.
Konfransın yekununda bir neçə mühüm sənəd, o cümlədən Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub. Bəyannamədə Avropa ölkələrinin təhsil sistemlərinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Bu sənəddə, həmçinin ali təhsil sahəsində diplomların qarşılıqlı tanınması mexanizmlərinin sadələşdirilməsi, təhsilin keyfiyyətinin artırılması, təhsilin maliyyələşdirilməsi və digər bir sıra mühüm məsələlərlə bağlı mövqe bildirilib.
Tədbir zamanı Avropa Komissiyasının təşəbbüsü ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti ilə Avropa Komissiyasının rəhbərliyi arasında işçi görüşü keçirilib.
Konfransın yekununda nazir muavini Qulu Novruzov yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün tədbirin nəticələrinə həsr olunmuş mətbuat konfransında iştirak edib.
S.QARAYEVA





Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar