12px14px16px18px

Respublika günü ilə bağlı şagirdlər arasında ifa müsabiqəsi keçiriləcək

00:44 / 01.05.2012
Ümumi təhsil məktəblərinin şagirdləri arasında 28 May Respublika günü münasibəti ilə vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi təşkil olunacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə təhsil naziri Misir Mərdanovun 18 aprel 2012-ci il tarixli, 601 nömrəli əmrinə əsasən təşkil ediləcək. Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək verməkdən ibarətdir. Üç nominasiya (xalq çalğı alətlərində ifa, mahnı, şeir nominasiyası) üzrə keçiriləcək müsabiqə 4 mərhələdən (məktəb, rayon (şəhər), zona və respublika mərhələsi) ibarət olacaq. Müsabiqənin respublika mərhələsinin seçim turu və qaliblərin yekun konserti 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanda virtual dərslik kitabxanasının yaradılması barədə təkliflər hazırlanacaq. Təhsil naziri Misir Mərdanov bununla bağlı yeni imzaladığı əmrdə Respublika Elmi Pedaqoji Kitabxanasına tapşırıqlar verib. Yaxın bir ay ərzində EPK virtual dərslik kitabxanasının yaradılması barədə təkliflərini Təhsil Nazirliyinə təqdim etməlidir. Bununla yanaşı, kitabxanada dərslik fondu, yeni dərsliklərin və tədris-metodik vəsaitlərin elektron kataloqu yaradılmalıdır.
S.QARAYEVA



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar