12px14px16px18px

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gücləndirilmiş iş rejiminə keçib

05:45 / 28.04.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Komissiyanın mətbuat katibi Elnur Nağızadənin sözlərinə görə, artıq TQDK əməkdaşları imtahan keçiriləcək binaları yoxlamağa başlayıblar. Bu prosesə TQDK-nın regional bölmələri də daxil olmaqla, bütün heyət cəlb edilib:
“Bakı şəhərində imtahan keçiriləcək 300-ə qədər binaya operativ baxış keçirilir. Regional bölmələrin əməkdaşları da imtahan keçiriləcək binalara baxmaq üçün ezam olunub. İmtahanlar ölkənin bütün şəhər və rayonlarında keçiriləcək. İmtahan binalarına baxışlar zamanı binaların sxemi və onların say tutumu müəyyənləşdiriləcək. Binalarda imtahanların keçirilməsi üçün normal şəraitin olub-olmaması, imtahana hazırlıq səviyyəsi yoxlanılacaq. Artıq TQDK imtahan binalarına məsul şəxslər üçün ilkin treninqlərin keçirilməsinə də başlayıb. Bu şəxslər orta məktəblərin direktorları və ya direktor müavinləridir”.
E.Nağızadənin dediyinə görə, hazırda mərkəzləşmiş imtahan qaydalarının və imtahan günlərinin müəyyənləşdirilməsi istiqamətində də ciddi iş gedir. Qaydaların gələn həftə açıqlanacağı gözlənilir: “Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə – ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan 2 saat müddətində aparılacaqdır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaqdır”.
S.QARAYEVA




Bu yazı ( 168 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar