12px14px16px18px

Tədris olunacaq fənləri ali məktəblər özləri müəyyənləşdirəcək

05:44 / 28.04.2012
Azərbaycandakı ali məktəblərdə tədris olunan fənləri müəyyənləşdirmək həmin təhsil müəssisələrinin özlərinə həvalə olunacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, indi eyni ixtisas bir neçə ali məktəbdə tədris olunursa, həmin məktəblərin hamısında eyni fənlər keçilir. İxtisaslar üzrə hansı fənlərin keçilməsini isə Təhsil Nazirliyində ixtisaslar üzrə yaradılmış işçi qrupları müəyyən edir. Nazirlik tərəfindən hazırlanmış yeni standartlarda isə bu səlahiyyət ali məktəblərin özlərinə verilir. Bununla da ali təhsil müəssisələrinin sərbəstliyi artacaq. Artıq məktəblər özləri hansı ixtisaslar üzrə hansı fənlərin keçiləcəyini müəyyənləşdirəcəklər. Bunun üçün ixtisas müəllimləri və mütəxəssislərinin fikirləri əsas götürüləcək. Məlumatda bildirilib ki, ali təhsil müəssisələrində bakalavr və magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri (dövlət təhsil standartı) yenilənir. Hazırda bakalavr və magistr səviyyələri üzrə yeni standartlar hazırlanır. Yeni standartlarda tələbənin ixtisası üzrə bakalavr və magistr səviyyələrini bitirdikdə kompetensiyalara, yəni səriştələrə malik olması dövlət tələbi kimi qoyulacaq. İndiyədək isə tələbələr üçün kompetensiyalar müəyyənləşdirilməmişdi. Bu kompetensiyalar sayəsində tələbənin öz ixtisası üzrə bakalavr və ya magistraturanı bitirdikdə hansı bacarıqlara, qabiliyyətlərə sahib olacağı bilinəcək. Yeni tələblərdə qeyd olunur ki, bakalavr və magistraturanı bitirən tələbə digər insanlarla ünsiyyətə girməyi, kollektivdə işləməyi bacarmalı, dünyagörüşü olmalı, hansısa xarici dili bilməlidir. Yeni standartlarla əlaqədar hər ixtisas üzrə ayrıca təhsil proqramı hazırlanacaq. Burada hər ixtisas üzrə tələbənin bacarmalı olduğu kompetensiyalar öz əksini tapacaq. Tələbələr üçün kompetensiyaların müəyyənləşdirilməsi beynəlxalq təcrübədə də var.
Bu kompetensiyaların müəyyənləşdirilməsinin tələbələr üçün çox böyük faydası olacaq. Yeni standartların növbəti tədris ilindən tətbiqi gözlənilir.
S.QARAYEVA



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar