12px14px16px18px

“Təhsildə Əməkdaşlıq Forumu-2013”ün Azərbaycan üzrə seçim mərhələsi başlayıb

12:04 / 27.04.2012
“Microsoft Azərbaycan” şirkəti “Təhsildə Əməkdaşlıq Forumu-2013” müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsi başlayıb. İKT Mərkəzindən verilən məlumata görə, Azərbaycan üzrə müsabiqənin bu il qaydalarına dəyişikliklər edilmişdir. Yeni qaydalara görə, 2013-cü ilin martında keçiriləcək Avropa üzrə Təhsildə Əməkdaşlıq Forumunda iştirak etmək istəyən müəllimlər 30 iyun tarixinədək artıq tətbiq edilən tədris layihələrinin iş planlarını təşkilat komitəsinə [email protected] elektron poçtu vasitəsilə təqdim etməlidir. Münsiflər heyəti müraciətləri nəzərdən keçirərək 50 ən yaxşı layihəni seçəcəkdir. Növbəti mərhələdə, sentyabr-noyabr aylarında, təşkilat komitəsi və ekspertlər qrupu seçilmiş layihələr üzrə məsləhətlər verərək onların təkmilləşdirilməsini dəstəkləyəcək. Dekabr ayında 50 layihədən ən layiqli 30-u seçilərək final mərhələyə vəsiqə qazanacaqdır. 2013-cü ilin Avropa forumunda Azərbaycanı təmsil edən müəllimlər məhz həmin 30 iştirakçıdan seçiləcək. Müsabiqə çərçivəsində keçirilən təntənəli mərasimdə 30 finalçının layihələrinin sərgisinin də keçirilməsi planlaşdırılır. Təqdim olunan layihələr vasitəsilə müsabiqənin finalçıları öz layihələri haqqında həmkarlarına məlumat verəcəklər. Müsabiqə iştirakçılarının seçimi təqdim olunmuş layihələrin şagirdlərə müasir bacarıqlarını təkmilləşdirilməsinə xidmət etməsi əsas meyar kimi götürüləcək. Kommunikasiya qurmaq, analiz, biliklərin sintezi, informasiya texnologiyaları ilə işləmək, nəzəriyyənin praktik müstəvidə reallaşmasına müvəffəq olmaq və s. analoji bacarıqlar müasir insanın inkişaf üçün alətləridir. İnnovativ layihələr şagirdlərin sözügedən bacarıqları artıq məktəbdə yiyələnə bilmələrinə yardım etməlidir. Müsabiqədə iştirak edən layihələr də sözügedən meyarlara cavab verməlidirlər. Ənənəvi təhsil üsullarından fərqli olaraq, təqdim olunmuş innovativ resurslar vasitəsilə şagirdlər bu və ya digər fənn üzrə müstəqil şəkildə araşdırma apara bilməlidirlər. Məlumata görə, müsabiqənin tələblərinə görə, finalçıların seçimi zamanı xüsusi diqqət İKT vasitəsilə yaradılmış layihələrə yetiriləcək. Yəni, müəllimin tədris metodu əsasında şagirdlərin işi layihə çərçivəsində elektron təqdimat, videofayllar, rəqəmli təsvir, veb-səhifə və digər oxşar vasitələrlə təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, burada təqdimatlar, veb-saytlar, video-fayllar, İnternet bloqları, nəşrlər, vikipediyadan məqalələr və digər texnoloji alətlər istifadə oluna bilər.
S.QARAYEVA



Bu yazı ( 62 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar