12px14px16px18px

Himayəyə uşaq götürəcək ailələr üçün stimullaşdırıcı tədbirlər təklif olunur

14:04 / 08.03.2012
Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək himayədar (foster) ailələr üçün müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi təklif edilir.
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, himayədar ailələrə maddi imkanı orta səviyyədə olan ailədə 1 uşağın saxlanılması üçün tələb olunan xərc qədər maliyyə vəsaitinin verilməsi təklif edilir. Aparılmış maliyyə analizlərinin nəticələrinə görə, orta səviyyəli bir ailədə saxlanılan uşağa çəkilən xərclər internatda uşağın saxlanılması üçün nəzərdə tutulan xərclərdən aşağıdır. Bundan əlavə, uşağın himayədar valideyni işsiz olduğu təqdirdə ona həmin uşağa baxdığı üçün minimum əmək haqqı məbləğində vəsaitin ödənilməsi təklif edilir.
Beynəlxalq təcrübəni nəzərə almaqla, belə təklif hazırladıqlarını deyən idarə rəisinin sözlərinə görə, himayədar ailələrə bu vəsaitlər uşaq ailədə qaldığı müddət ərzində hər ay verilməlidir. M.Hacıyeva deyib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar (foster) ailədə saxlanması və tərbiyə olunması üzrə təminatları özündə əks etdirən “Himayədar (Foster) ailə haqqında əsasnamə”, “Azərbaycan Respublikasında valideyin himayəsindən məhrum olmuş kimsəsiz uşaqların və risk qrupuna daxil olan uşaqların himayədar (foster) ailələrə tərbiyəyə verilməsi qaydaları” hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Hazırda sənədlərin ekspertizadan keçirildiyini deyən Hacıyevanın sözlərinə görə, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbinin şagirdləri arasından 50 himayədar ailəyə veriləcək 50 uşaq müəyyənləşdirilib. Həmin uşaqlar övladlığa verilməsi, bioloji ailələrə qaytarılması mümkünsüz olan, yaxın qohumları olmayanlardır. Himayədar ailələrin seçimi isə yalnız müvafiq sənədlər təsdiqləndikdən sonra həyata keçiriləcək.
İdarə rəisi deyib ki, uşaqlar himayədar ailələrə verilməmişdən əvvəl uşaq himayəyə götürmək istəyənlər üçün 3 ay müddətində treninqlər keçiriləcək. Təlimlərdə uşağın inkişafı, psixologiyası, uşaqların ailələrə adaptasiyası və sair məsələlərlə bağlı ailələrə məlumatlar veriləcək.
S.QARAYEVA





Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar