12px14px16px18px

Turizm İnstitutunun nümayəndələri Ərzurumda beynəlxalq tədbirlərə qatılıblar

13:57 / 08.03.2012
Azərbaycan Turizm İnstitutunun nümayəndələri Ərzurumda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Ərzurum şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının iclası keçirilib. 2010-cu ilin may ayında əsası qoyulan Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Konsorsiumunun İcraedici Şurasına 9 nəfər – Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtalyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Univeristetinin rəhbərləri daxildirlər. Azərbaycandan isə bu mötəbər qurumda ölkəmizi Azərbaycan Turizm İnsitutunun rektoru Cəfər Cəfərov təmsil edir.
İclasda üzv ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ilkin mərhələdə konkret bir istiqamət üzrə tədrisin uyğunlaşdırılması, gələcəkdə konsorsiuma qoşulmaq istəyən tərəflər arasında Anlaşma Memorandumunun vahid forması, ESRUC üzvlərinin vahid məlumat bazasının yaradılması, Avropa İttifaqının Erasmus Mundus proqramına müvafiq əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə edilib. O cümlədən ATİ-nin rektoru C. Cəfərov iclasda səslənən fikirlərə münasibət bildirdikdən sonra müəllimlərin işə götürülməsi, ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması, birgə elanların işlənib hazırlanması, veb səhifənin fəaliyyətinin genişləndirilməsi, Qərb ölkələrinin ali təhsil məktəblərinin təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı təkliflərlə çıxış edib. Azərbaycan tərəfin təklifi ilə Ümumdünya Turizm Təşkilatının İpək Yolu proqramı çərçivəsində 2012-2013-cü illər üçün müəyyən edilən strategiya və istiqamətlərin ESRUC-un İpək Yolu proqramı ilə əlaqələndirilməsi, xüsusilə gələcək kadrlar qismində ali təhsil müəssisələri tələbələrinin bu prosesə cəlb edilməsi, turizm üçün faydalı istiqamətlər üzrə tədqiqatların aparılması qərara alınıb.
S.QARAYEVA



Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar