12px14px16px18px

2012-ci ilin dövlət büdcəsi artırılır

BUİLKİ BÜDCƏYƏ DAHA 600 MİLYON MANAT ƏLAVƏ EDİLƏCƏK

01:51 / 25.05.2012
Milli Məclisin (MM) növbəti plenar sessiyası mayın 29-da keçiriləcək. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda ümumilikdə 10 məsələnin müzakirəsi gözlənilir. Bu sıraya “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri daxildir. Həmçinin, Ticarət Gəmiçiliyi Məcəlləsi, “Mühasibat uçotu haqqında” “Dövlət rüsumu haqqında”, “Patent haqqında” və digər qanunlara dəyişiklik ediləcək. Mayın 29-da keçiriləcək iclasda Azərbaycanın 2012-ci il dövlət büdcəsinə bir sıra əlavələr də ediləcək. Maliyyə Nazirliyinin məlumatına görə, 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub. Məlumatda bildirilir ki, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur. Bununla əlaqədar dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq, gəlirlər 17 038 mln manat, xərclər isə 17 672 mln manata çatdırılacaq. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
BƏXTİYAR


Bu yazı ( 248 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar