12px14px16px18px

Videokonfrans sistemi vasitəsilə ümumrespublika müşavirəsi keçirilib

00:33 / 19.05.2012
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial müdafiə proqramlarının inkişaf perspektivlərinə və rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinə dair videokonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib. Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, ünvanlı sosial yardımların mərkəzləşdirilmiş ödəniş və nəzarət sisteminin qurulması, aktiv sosial yardım proqramlarının tətbiqi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Müşavirədə həmçinin vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib. Bölgələrdə vətəndaşların müraciətlərinin özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması işlərinin vətəndaşların şikayət məzmunlu müraciətlərinin sayının xeyli azalmasında, eyni zamanda nazirliyin strukturlarında çalışan əməkdaşların vətəndaşlarla münasibətlərində məsuliyyət hissinin güclənməsində xüsusi əhəmiyyət kəsb etdiyi və bu davam etdirilməsinin vacibliyi vurğulanıb. Tədbir zamanı həmçinin növbədənkənar minik avtomobili ilə təmin edilmək üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlamış Böyük Vətən müharibəsi əlili Bəkir Məmmədov və Qüdrət Cəfərova dövlət başçısının tapşırığına əsasən, NAZ-Lifan markalı minik avtomobilinin sənəd və açarları təqdim olunub. Həmçinin Qüdrət Cəfərova yaxın vaxtlarda Gəncə şəhərində istifadəyə veriləcək 81 mənzilli yaşayış binasında mənzillə təmin ediləcəyi də bildirilib, hətta ona veriləcək mənzilin otaqlarının şəkillərini də göstərib. Bəkir Məmmədov və Qüdrət Cəfərov Böyük Vətən müharibəsi əlillərinə göstərdiyi daimi diqqət və qayğıya, o cümlədən ona minik avtomobili ilə sevinc bəxş etdiyinə görə dövlət rəhbərinə minnətdarlığını ifadə edib. Qeyd edək ki, 2010-cu ildə nazirlikdə yaradılan VC (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulları təşkil olunur. Artıq Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarındakı ƏSMM-lərində də mövcud olan və həmin rayonlarla videoəlaqə yaratmaq imkanı verən bu sistemin 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.


Bu yazı ( 217 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar