12px14px16px18px

Xəzərdə təlim: 21 gəmi, 20 kater, 8 vertolyot, 1200 hərbçi

14:24 / 18.04.2012 Dövlət Sərhəd Xidməti Xəzər dənizində təlim keçirib.

Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, "Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması" mövzusunda döyüş atəşi ilə taktiki təlimlər keçirilib.

Təlimlərə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, itisürətli kater və qayıqları, Aviasiya dəstəsinin vertolyotları, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin vertolyotları və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə gəmiləri cəlb olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev tərəfındən qüvvə və vasitələrə sıra baxışının keçirilməsi ilə başlanan təlimlər üç mərhələdə keçirilib, 9 taktiki epizod uğurla icra edilib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin, Aviasiya dəstəsinin qüvvə və vasitələrinin neft-qaz çıxarma rayonlarının platformalarının, ixrac boru kəmərlərinm mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi epizodu icra edildikdən sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib.

Şərti düşmənin terror-təxribat qrupunu dəstəkləyən hava hədəfi "İQLA" tipli daşınan zenit-raket kompleksi vasitəsilə məhv edilib.

Sonra təyin edilmiş rayonda vertolyotlar və gəmilər birgə sərhəd axtarışı keçirib, şərti düşmənin sualtı təxribat qrupu aşkarlanaraq məhv edilib.

Növbəti epizodlarda sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qrupunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlıqları vasitəsilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi, partlayıcı maddələrin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olunub.

Saxlanılan gəmida yanğın cəhdinin qarşısı Fövqəladə Hallar Nazirliyinin gəmi və vertolyotları tərəfindən alınıb, yaralanmış, suya düşmüş insanların xilas edilməsi və təxliyyəsi müvəffəqiyyətlə aparılıb.

Təlimlərdə zenit artilleriya qurğularından, iriçaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə keçirilib.

Ümumilikdə, 1200 nəfər hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 itisürətli kater və qayıq, 8 vertolyot cəlb olunub.

Təlimlərdə möhkəm intizam və yüksək döyüş hazırlığı nümayiş etdirilib, qarşıya qoyulan vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidməti ilə Fövqəladə Hallar Nazirliyinin bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqələrin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.


Bu yazı ( 210 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar