12px14px16px18px

İran üzünü Rusiyadan ABŞ-a sarı döndərir

10:31 / 05.04.2012 İranın keçmiş prezidenti, ölkə məsləhət şurasının sədri Ələkbər Rəfsəncani özünü ölkəsinin düşdüyü vəziyyətdən çıxmağa çalışanlar kimi göstərməkdədir.
Lent.az-ın Tehran çıxan «Şərq» qəzetinə istinadən məlumatında bildirilib ki, o, İslam Respublikasının ABŞ-la münasibətlərinin dalana dirəmədiyini söyləyib.
«International Studies Journal»-ının rəhbərliyi ilə görüşündə Rəfsəncani iki ölkə arasında danışıqların başlamasının vacibliyini vurğulayıb: «Rusiya, Çin, Avropa kimi ABŞ da dünyanın aparıcı gücüdür. Əgər biz Avropa və Çinlə razılaşırıqsa, onda nədən Amerika ilə birbaşa danışıqları qurmayaq?» Görüşdə İranın yaxın on il üçün planından da danışılıb.
Rəsfsəncani islama inandığını, bunun başqa ideologiyaların daşıyıcıları ilə danışıqlar aparmaq üçün əngəl törətmədiyini də söyləyib. Keçmiş prezident ayətulla Xomeyniyə yazdığı məktubu xatırladaraq, deyib: «Mən o zaman Xomeyniyə 7 məsələyə ilə bağlı məktub yolladım. Onda bildirmişdim ki, hələ ki ali rəhbərdir, o bu sayaq problemləri həll etməlidir. Əks halda belə məsələlərin problem yaradacağını vurğulamışdım».
O, əlavə edib ki, məktubdakı məsələlərdən biri İranla ABŞ arasında danışıqlarla bağlı olub: «Danışıqlar ABŞ-ın marionetkası olmağımız demək deyil. Əgər onlar bizim, biz onların mövqeyini qəbul etsək, o zaman danışıqlarımız uğurlu olar».
Xatırladaq ki, hələ bir müddət öncə İran parlamentinin üzvlərindən biri Rusiyanın etibarsız olduğunu, Moskva ilə əməkdaşlıq etməkdənsə Avropaya üz tutmağı məsləhət görmüşdü.
Ötən ay İranın keçmiş prezidenti Ələkbər Haşimi-Rəfsəncani yerli «Euroasiya» araşdırma mərkəzinin saytına müsahibəsində İslam Respublikası ilə Rusiya arasında münasibətlərin «çox kövrək» olduğunu söyləmişdi. Lent.az-ın həmin informasiya vasitəsinə istinadən məlumatına görə, hazırda ölkə məsləhət şurasının başçısı iki dövlət arasında son illərdə əlaqələrin «soyduğunu!» deyib. Onun sözlərin görə, buna səbəb Rusiya xarici siyasətinin «ikili xarakterli» olmasıdır: «İran «soyuq savaşdan» sonra dünya siyasətini yanlış dəyərləndirdi. Rusiya ilə İran arasındakı əlaqələrdə olan dəyişiklik Moskvanın yeni xarici siyasi kursu ilə bağlıdır».
Onun fikrincə, əvvəllər Kremlin xarici siyasəti Tehranınkı ilə ümumi maraqlar və təhlükəsizlik məsələləri baxımından biri-birinə bənzəyirdi, ancaq indi Moskva Qərblə əməkdaşlığa üstünlük verən, öz iqtisadi inkişafını və milli maraqlarına uyğun xarici siyasət kursu yerdir.



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar