12px14px16px18px

Rövşən Rzayev: “Korrupsiya hallarının aradan qaldırılması vətəndaşların ən böyük arzularından biridir”

00:28 / 23.05.2012
“Korrupsiya bir qayda olaraq həyatın bütün sahələrinə zərbə endirir. Təqdirəlayiq hadisə ondan ibarətdir ki, Azərbaycan hökuməti və parlamenti hər zaman korrupsiya ilə mübarizə aparmağa hazırdırlar və mübarizə də aparırlar. Bununla yanaşı, Azərbaycanda korrupsiya ilə mübarizə qısamüddətli yox, uzunmüddətli xarakter daşıyır. Həm də ki, korrupsiya elə bir neqativ haldır ki, bu mənfi halı doğuran mənbələri aşkar edib tapmağı tələb edir”. Bu açıqlama ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu parlament komitəsinin sədr müavini Rövşən Rzayev çıxış edib. O bildirib ki, Azərbaycan bu gün korrupsiya ilə mübarizə aparmaqla, doğru yol seçib. Bugünkü gün Azərbaycanda güclü dövlət və güclü iqtisadiyyat mövcuddur. Azərbaycanın hər bir vətəndaşı öz ölkəsinin inkişafında maraqlı olmalıdır.
Millət vəkilinin fikrincə, buna görə də, müvafiq olaraq bizlərdən hər birimiz ölkədə korrupsiyanın aradan qaldırılmasında maraqlıyıq. Sözsüz ki, dövlətimiz korrupsiya ilə mübarizə aparmalıdır. Lakin eyni zamanda ölkəmizin hər bir sakini də öz növbəsində korrupsiya ilə mübarizə aparmaq üçün nə etdiyi barədə düşünməlidir. Hər kəs bu işdə dövlətə hansı köməkliyi göstərə biləcəyi barədə fikirləşməlidir.
Korrupsiya ilə mübarizədə mövcud olan qanunvericilik bazasından danışan R.Rzayev bildirib ki, 2000-ci ildən başlayaraq Azərbaycanda korrupsiya ilə mübarizə üzrə normativ-hüquq bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. “Məsələn, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə korrupsiya ilə bağlı bir sıra düzəlişlər edilib, həmçinin korrupsiya ilə mübarizəyə dair ayrıca qanun qəbul edilib. Bütün bunlar korrupsiya ilə mübarizədə möhkəm hüquq bazasını təmin edir. Sözsüz ki, korrupsiya ilə mübarizəyə vətəndaş cəmiyyətini, qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etmək lazımdır. Əminəm ki, vətəndaş cəmiyyətinin güclənməsi korrupsiyanın aradan qaldırıması üçün şərait yaradacaq. Çünki ölkədə korrupsiya hallarının aradan qaldırılması Azərbaycan vətəndaşının ən böyük arzularından biridir”.
Millət vəkili deyib ki, müəyyən qrup insanlarda belə bir fikir yaranıb ki, aşkar olunan korrupsiya faktları ilə heç kimi maraqlanmır, belə faktlara ictimai qınaq yoxdur, KİV-də dərc olunan korrupsiya faktlarına dair məlumatlarla bağlı cinayət işi qaldırılmır: “Mən bu fikirdə deyiləm.
Əgər Azərbaycanda vətəndaş cəmiyyəti güclənərsə, etinasızlıq olmayacaq, korrupsiya ilə mübarizə daha səmərəli olacaq. Hər həftə mətbuatda hüquq-mühafizə orqanlarının korrupsiya faktları ilə bağlı cinayət işi qaldırmasına dair məlumatlara rast gələ bilərik”.
PƏRVANƏ



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar