12px14px16px18px

“Azərbaycan enerji layihələrini uğurla həyata keçirir”

ABŞ KONQRESİNİN ÜZVÜ QREQ HARPER: “İNANIRAM Kİ, GÜCLÜ VƏ İNKİŞAF EDƏN AZƏRBAYCAN HƏMİŞƏ ABŞ-IN DOSTU VƏ TƏRƏFDAŞI OLACAQ”

00:24 / 23.05.2012

Aprelin sonunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük əks-sədaya səbəb oldu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə nəzərəçarpacaq fikirlər səsləndirdilər.
ABŞ Konqresinin üzvü Qreq Harper Azərbaycan ilə ABŞ arasında əlaqələrin təqdirəlayiq olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər inkişaf edərək daha da möhkəmlənir: “Azərbaycan ilə ABŞ arasında münasibətlər və dünyanın enerji tələbatının ödənilməsində bu ölkələrin birgə yolu təqdirəlayiqdir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, çox gözəl tərəfdaşlığımız üçüncü onilliyinə qədəm qoyarkən yalnız möhkəmlənməyə doğru gedir. Bu alyansın genişlənməyinə səbəb, ölkələrimizin bölgəyə dair strateji baxışında mövcud anlaşmadır. Bununla yanaşı, mən Azərbaycana, Əfqanıstan və İraqa əsgərlərini göndərərək terrora qarşı qlobal mübarizədə iştirak etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən və mənim xalqım bunu yüksək dəyərləndirir. Bizim minlərlə əsgərimiz sizin ölkədən bölgəyə və vacib keçid kimi istifadə edir. Mən inanıram ki, bu səpkili təhlükəsizlik razılaşmaları artaraq geniş iqtisadi və mədəni əməkdaşlığa çevriləcəkdir”.
Konqresmen təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasındakı əlaqələrin də yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Missisipi ştatı və Azərbaycan arasında oxşarlıqlar çoxdur. Bizim hər ikimiz təbii neft və qaz ehtiyatlarına malikik. Bu sərvətlər bölgələrimiz üçün olduqca siyasi əhəmiyyət daşıyır. Konqresdə Enerji və ticarət komitəsinin üzvü kimi deyə bilərəm ki, neft və qaz hasilatı, kəmərlərin çəkilişi və başqa bu kimi məsələlərdə qarşılaşdığımız çətinliklər hər yerdə eynidir. Ölkəniz Avropaya təbii qaz ehtiyatlarının çatdırılması üçün “Cənub dəhlizi” üzərində çalışarkən, mən şadam ki, Azərbaycan məntiqli enerji layihələrini uğurla həyata keçirir və bundan faydalanır. Dünya əhalisi artdıqca, cəmiyyətlərin etibarlı neft və qaz mənbələrinə malik olması mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanın qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olmasında mühüm rol oynadığını deyən Q.Harper daha sonra bunları söyləyib: “Aydındır ki, Azərbaycan qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olmasında mühüm rol oynayır. ABŞ-ın Azərbaycan ilə tərəfdaşlığını davam etdirərək Xəzər hövzəsinin etibarlı istehlakçısı kimi qalmasını təmin etimək olduqca vacibdir. Enerji ehtiyatlarının etibarlılığının qarşısını bir neçə amil ala bilər. Məsələn, dünyanın neft təminatı cəmi bir istehsalçı tərəfindən “qarışdırıla” bilər. Əgər bir neft istehsalçısı olan dövlət ya istehsalı azaltdı, ya da dayandırdı və yaxud nəql edilən ərazinin qarşısını aldı, bunun nəticələrini bütün dünya hiss edəcəkdir.
Ümid edirəm ki, “soyuq beyin”lər və beynəlxalq birlik yaxın gələcəkdə fasiləsiz neft təminatına nail ola biləcəkdir. Bu bizim hamımız üçün vacibdir. İnanıram ki, güclü və inkişaf edən Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır. Azərbaycanın təkcə bölgəyə deyil, bütün dünyaya müsbət təsiri olacaqdır. Ölkələrimiz arasında uzun müddətli dostluq münasibətlərinə ümid bəsləyirəm”.
Aqil LƏTİFOV



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar