12px14px16px18px

Çingiz Qənizadə: “Heç kimin, eləcə də, heç bir beynəlxalq təşkilat, siyasi xadimin “Eurovision”u siyasiləşdirmək haqqı yoxdur”

01:00 / 18.05.2012  
“Məlum olduğu kimi Kristofer Ştrasser əvvəlcə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin olunmuşdu. Lakin Azərbaycan tərəfinin, Azərbaycan hüquq müdafiəçilərinin təkidinə əsasən, Ştrasserin mandatı dəyişdirildi. Bundan sonra o, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi oldu və dərhal Azərbaycanla bağlı məruzə ilə çıxış etmək arzusunu bəyan etdi”. Bu barədə millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə mətbuata açıqlamasında deyib. “Ümumilikdə, Ştrasserin Azərbaycana səfər etmək niyyəti ilə bağlı xoşagəlməz vəziyyət yaranıb. Ştrasserin özü belə hesab edir ki, AŞPA-nın məruzəçisi kimi Azərbaycana səfər edə bilmək üçün müvafiq hüquqa və mandata malikdir. Lakin digər tərəfdən, Azərbaycan hesab edir ki, K.Ştrasser öz mandatının səlahiyyətlərindən kənara çıxır. Azərbaycan dövlətinin ikili standartlarla, ikili yanaşma ilə qarşılaşanda, bu və ya digər məruzəçinin qərəzli mövqeyi ilə üzləşəndə öz hüquqlarını qorumağa haqqı var”. Bununla yanaşı Azərbaycan K.Ştrasserin Azərbaycana səfər etmək hüququna malik olduğunu da təsdiq edir: “Buna görə də, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, K.Ştrasser Azərbaycana Bundestaqın deputatı, AŞPA-nın üzvü qismində səfər edə bilər, lakin siyasi məhbuslar üzrə məruzəçi qismində gələ bilməz. Bununla yanaşı, bu o demək deyil ki, K.Ştrasser Azərbaycana gəlmədən məruzə hazırlaya və onu AŞPA-ya təqdim edə bilər. K.Ştrasser isə cavabında deyib ki, Azərbaycana gəlməkdən imtina edib, bildirib ki, öz məruzəsinin Azərbaycana səfər etmədən hazırlayacaq”. K.Ştrasserin siyasi məhbuslar üzrə məruzəçi qismində Azərbaycana səfər etmək cəhdlərinin nə ilə əlaqədar olmasına gəlincə millət vəkili deyib ki, Ştrasserin belə davranışı əvvəlcədən düşünülmüş və planlaşdırılmış aksiyadır: “Ola bilər ki, Avropa Şurasındakı bəzi qüvvələr öz gündəliklərinə Azərbaycanla bağlı məruzəni daxil etməklə Azərbaycanla Almaniya arasındakı münasibətlərdə problemlər yaratmağa cəhd göstərirlər. Hesab edirəm ki, Ştrasserin Azərbaycana səfəri ətrafında ajiotajı şişirtməklə, öz şəxsi məqsədlərinə nail olmağa çalışırlar.Bununla yanaşı, siyasətçilərin, partiya liderlərinin qeyri-etik, balanslaşdırılmamış çıxışlarına, kütləvi informasiya vasitələrində Almaniyaya qarşı tənqidi məqalələrə yol vermək olmaz. Eyni zamanda, Almaniyanın özündə bəzi siyasi və iqtisadi qüvvələrin Azərbaycan-Almaniya münasibətlərinə zərər gətirmək məqsədi ilə Ştrasser və alman ombudsman Markus Leninqi öz məqsədləri üçün istifadə etmələrini də məqbul hesab etmirəm.Ona görə, biz Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin saxlanması üçün maksimum dərəcədə səy göstərməliyik”. O deyib ki, Azərbaycanı tənqid edən alman KİV-ləri öz məqalələrində Ştrasserin mövqeyini rəhbər tuturlar: “Hesab edirəm ki, bu hücumların kökündə iqtisadi maraqlar durur. Bildiyiniz kimi, Azərbaycan siyasiləşmiş və olduqca dəyərli olan “Nabukko”nun reallaşdırılması üzrə öz mövqeyini qismən müəyyən edib. Azərbaycan TANAP layihəsinin (Transanadolu qaz kəməri) reallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Məhz bu amillər Ştrasser və alman KİV-nin Azərbaycana hücum etməsinə səbəb olub”. Ştrasserin “Eurovision”u boykot etməyə dair çağırışlarına toxunan Ç.Qənizadə deyib ki, belə hərəkətlər Ştrasserin mandatına qətiyyət uyğun deyil: “Çünki belə çağırışlar siyasi etikaya, siyasi mübarizə üsullarına uyğun deyil. Axı “Eurovision” yalnız mahnı müsabiqəsidir və beynəlxalq tədbirdir. Heç kim, eləcə də, heç bir beynəlxalq təşkilat, siyasi xadimin “Eurovision”u siyasiləşdirmək haqqı yoxdur. Hesab edirəm ki, son zamanlar Azərbaycanı tənqid edən bəzi alman siyasətçiləri və KİV-i Bakıda keçiriləcək “Eurovision”un başa çatmasından sonra Ukrayna və Belarusu tənqid etməyə başlayacaqlar. Onlar Azərbaycanı unudacaqlar. Bununla da aydın olacaq ki, xaricdə bir sıra siyasətçilər digər ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən, məsələn, “Eurovision” kimi mədəni tədbirdən öz siyasi reytinqlərinin qaldırılması məqsədi ilə istifadə edirlər. Almaniyanın siyasi səhnəsində olan Kristofer Ştrasser və Markus Leninq kimi simalar, Almaniya Yaşıllar Partiyası, “Eurovision” kimi beynəlxalq əhəmiyyətli tədbirlərdən istifadə edərək özlərinə siyasi kapital toplamaq istədikləri aydın olacaq. Qeyd etmək istəyirəm ki, “Eurovision”un siyasiləşdirilməsi cəhdləri uğursuzluğa düçar olacaq. Azərbaycan bir sıra bədxahlarının istəyinə baxmayaraq Bakıda “Eurovision”u ən yüksək səviyyədə keçirəcək”. PƏrvanƏ





Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar