12px14px16px18px

Azay Quliyev: “Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir”

MİLLƏT VƏKİLİ ATƏT PA ÜZVLƏRİNƏ ÇAĞIRIŞ ETDİ

01:40 / 17.05.2012

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda keçirilmiş konfransda iştirak edib.Nümayəndə heyətinin tərkibinə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Azay Quliyev daxildirlər.MM-dən verilən məlumata görə, konfransı giriş sözü ilə ATƏT PA-nın sədri Petros Eftimiu açıb, sonra isə Gürcüstan parlamentinin Sədri David Bakradze çıxış edib. O, yüksək səviyyəli beynəlxalq tədbirin ölkəsində keçirilməsindən qürurlu olduğunu bildirib və assambleya iştirakçılarını cari ilin oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etməyə dəvət edib. Tədbirin açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili də çıxış edib. O, ölkəsinin son illər ərzində əldə etdiyi nailiyyətlərdən danışıb: “Gürcüstan üçün Batumi dəyişiklik simvoludur. Burada səkkiz il öncə dəyişikliklər baş verdi, sərmayələr qoyuldu və hazırda iqtisadi inkişafın göstəriciləri nəzərə çarpır. Gürcüstanda ən böyük rastlaşdığımız problem korrupsiyanı aradan qaldırmaq deyil, ictimaiyyətlə işləyən qulluqçuların mentalitetini dəyişmək idi. Buna da nail olduq.”
Konfransın birinci sessiyası “Regional iqtisadi əməkdaşlığın davamlı inkişafında və möhkəmləndirilməsində effektiv idarəetmənin rolu” mövzusunda müzakirələrlə başlanıb. ATƏT-in İqtisadi məsələlər və ətraf mühit üzrə komitəsinin sədri, səfir Eustatius Lozos, Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi səfir Filip Dimitrov, Gürcüstan Milli Bankının sədri Qeorqi Kadaqidze və “Kato” İnstitutunun baş elmi işçisi Andrey İllarionov məruzələrlə çıxış ediblər.
Sonra işgüzar investisiya mühitinin yaradılması, korrupsiya ilə mübarizə, nəqliyyat infrastrukturunun genişləndirilməsi və turizmin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.“İqtisadiyyat və ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi vasitəsilə ATƏT regionunda sülhün və etimadın möhkəmləndirilməsi” mövzusunda keçirilmiş ikinci sessiyada Gürcüstanın Baş nazirinin müavini, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə nazir Qeorqi Baramidze, Gürcüstan Xarici İşlər Nazirinin birinci müavini Serqey Kapanadze, ATƏT-in iqtisadi və ekoloji fəaliyyətinin əlaqələndiricisi Qoran Svilanoviç, eləcə də ATƏT PA-nın miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Ketlin Ferrier çıxış ediblər. Müzakirələr zamanı Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək, regionumuzda sülhə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, eləcə də iqtisadi və humanitar əlaqələrə ciddi maneə olan münaqişələrə toxunub. O, Gürcüstanda münaqişələrə cəlb olunan tərəflər arasında etimad mühiti üzrə tətbiq edilən fəaliyyət planının həyata keçmə mexanizmləri ilə maraqlanıb. Azərbaycanın da 1992-ci ildən başlayaraq, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsini vurğulayan Azay Quliyev, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimadın yaradılmasının vacibliyini qeyd edərək, Azərbaycanın buna hazır olduğunu bildirib. Lakin o, indiyə qədər Ermənistan tərəfindən müsbət cavab olmadığını söyləyib. Qeyd edib ki, Dağlıq Qarabağda erməni işğalçı qüvvələri yerləşdiyindən, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir. Daha sonra işğalçı ölkə ilə iqtisadi əlaqələrə münasibət bildirən Azay Quliyev bunun mümkün olmadığını belə izah edib:
“Əgər bir ölkə digər ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanımırsa, onun ərazisini 20 ildir ki işğal altında saxlayırsa və beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik edirsə, belə ölkə ilə necə əməkdaşlıq etmək olar?” Sonda o, ATƏT PA-nın rəhbərliyinə müraciət edərək təklif edib ki, etimad mühitinin yaradılması ilə bağlı mütləq bir mexanzm hazırlansın, qeyd olunan faktlar nəzərə alınmaqla bu istiqamətdə konkret addımlar atılsın və bu mexanizm Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının, AŞ PA və ATƏT-in qətnamələrinə uyğun şəkildə həllinə köməklik etmiş olsun.
“ATƏT regionunda iqtisadi təhlükəsizlik və səmərəlilik: regional çağırışlar və perspektivlər” mövzusunda keçirilmiş üçüncü sessiyada Gürcüstanın Energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquriya və İstanbulun Fatih Universitetinin İqtisadiyyat kafedrasının müdiri professor Murat Karagöz təqdimatlarla çıxış ediblər. Çıxışlarda regionda həyata keçirilən iri miqyaslı layihələrdə Azərbaycanın xüsusi rolu vurğulandı. Sessiyaya sədrlik edən ATƏT PA-nın Fəxri sədri J.Soareş Azərbaycanın regional strateji layihələrə verdiyi dəyərli töhfəni hər zaman qeyd etməyin vacibliyini söyləyib.Ümumi müzakirələr zamanı deputat Eldar İbrahimov çıxış edib. O, tədbir iştirakçılarını “Əsrin müqaviləsi”, Azərbaycanın neft və qaz siyasəti, Gürcüstanla əlaqələri, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi haqqında geniş məlumat verdi. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi xüsusi diqqəti qeyd edərək, region üçün çox təhlükəli olan Ermənistandakı Metsamor atom elektrik stansiyasının böyük fəlakətə səbəb ola biləcəyini vurğulayıb. Stansiyanın regionda yaratdığı təhlükə haqqında Seulda keçirilmiş sammitdə və BMT TŞ-da səslənmiş fikirləri nəzərə çatdırararq deyib: “Zəngin təbii ehtiyatlara malik olan ölkəmiz bərpa olunan enerji mənbəyi vasitəsilə enerji istehsalına böyük önəm verir. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün respublikamızda hər cür şərait mövcuddur. Bu gün artıq bir neçə külək generatoru quraşdırılıb, günəş enerjisi panelləri istehsal edən zavodun inşası başa çatır. Burada istehsal ediləcək qurğuların satışı təkcə Azərbaycan üçün deyil, Avropa bazarı üçün nəzərdə tutulub”.
“Orta və kiçik müəssisələrin inkişafı” mövzusunda keçirilmiş dördüncü sessiyada Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya, ABŞ-ın Ticarət Palatasının Gürcüstandakı nümayəndəsi Devid Li və “USAİD”-ın Gürcüstandakı missiyasının rəhbəri Stiven Heykin çıxış ediblər. Mövzu ilə bağlı müzakirələrdən sonra ATƏT PA-nın Sədri Petros Eftimiu və ATƏT PA-dakı Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Qeorqi Tsereteli konfransın işinə yekun vurublar.
KAMİL




Bu yazı ( 62 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar