12px14px16px18px

MDB dövlət başçılarının növbəti sammiti Aşqabadda keçiriləcək

01:33 / 17.05.2012

Rusiyanın paytaxtında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammitdə Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri də iştirak ediblər. Sammitdə MDB dövlətlərinin “EvrAzes” təşkilatına, Azad Ticarət Zonasına qoşulması barədə müzakirələr aparılıb.
Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin Rusiyanın strateji partnyoru olaraq qaldıqlarını deyib: “Bir daha qeyd etmək istəyirəm ki, birlik ölkələri sözün həqiqi mənasında bizim ən yaxın strateji tərəfdaşımızdırlar. Sizinlə bütün aspektlərdə qarşılıqlı fəaliyyət bizim üçün həyati qədər vacibdir”. Onun sözlərinə görə, sosial-iqtisadi inkişaf, humanitar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq arenada əməkdaşlıq bu ölkələr üçün vacibdir: “Bizim birgə və çoxəsrlik keçmişimiz var. Yaxın keçmişdə baş verən Böyük Vətən Müharibəsi sözsüz ki, hamımızı birləşdirir”.
V.Putin MDB ölkələri arasında sıx regionlar və mədəniyyətlərarası əlaqələrin olduğunu söyləyib: “Biz bir-birimizdən təcrid olsaq, effektiv inkişaf edə bilmərik. Hazırda MDB ölkələri qarşısında duran ümumi tapşırıq iqtisadiyyatın modernləşdirilməsi, yeni hədələrə və təhdidlərə qarşı birgə fəaliyyət göstərməkdir”.
Ukrayna prezidenti Viktor Yanukoviç isə MDB-yə sədrlik müddətinin 1 il gecikdirilməsini xahiş edib. Onun sözlərinə görə, Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik etməlidir: “Mən öz həmkarlarıma müraciət edirəm ki, bizi düzgün başa düşəsiniz. 2013-cü ildə ATƏT-ə sədrlikdə növbə Ukraynanındır. 2014-cü ildə isə MDB-yə sədrliyi, bu şərəfli missiyanı yerinə yetirməyə hazırıq”.
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov isə çıxışında Türkmənistanla MDB ölkələri arasında sıx əlaqələrin olduğunu söyləyib: “Türkmənistan çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmi kimi MDB-nin təcrübəsini müsbət qiymətləndirir”.
O, MDB dövlət başçılarının növbəti sammitinin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini elan edib. Q. Berdimuhammedov MDB ölkələrinin liderlərini bu ilin noyabrın 2-də keçiriləcək MDB dövlət başçılarının sammitinə dəvət edib.







Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar