12px14px16px18px

“Azərbaycan inanılmaz uğurlar əldə edib”

ABŞ KONQRESMENİ TRENT FRENKS: “AZƏRBAYCAN BİRLƏŞMİŞ ŞTATLARIN QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ ƏN VACİB TƏRƏFDAŞLARDAN BİRİDİR”

01:21 / 17.05.2012

Aprelin sonlarında ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Sözügedən beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük əks-sədaya səbəb oldu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə nəzərəçarpacaq fikirlər səsləndirdilər.
ABŞ Konqresinin üzvü Trent Frenks ABŞ Konqresinin çoxsaylı üzvlərinin bölgədə Azərbaycanın göstərdiyi cəsarət və iradəni yüksək qiymətləndirdiklərini bildirib. O, Birləşmiş Ştatlarla Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, terror məsələlərində iki ölkə daim əməkdaşlığı davam etdirməlidir: “Biz təbii ehtiyatların işlənilməsi və bir sıra mühüm məsələlərdə, o cümlədən beynəlxalq və enerji təhlükəsizliyi üzrə Birləşmiş Ştatlarla Azərbaycanın əməkdaşlığını önəmli hesab edirik. Mən bir neçə il əvvəl Rusiyada baş verən Beslan faciəsi zamanı oraya səfər etmişdim. Hesab edirəm ki, terror bütün bəşəriyyətə təhdid yaratdığına görə, biz bölgədəki bütün dostlarla birgə olmalıyıq”.
Bölgədəki digər dövlətlərlə müqayisədə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən konqresmen ölkəmizin ABŞ-ın ən vacib tərəfdaşlarından biri olduğunu qeyd edib: “Azərbaycan ətrafdakı digər dövlətlərlə müqayisədə müstəqillik qazandıqdan bəri inanılmaz uğurlar və irəliləyiş əldə edib. Tarixi xatırlasaq, Azərbaycanı və Bakını ələ keçirmək hələ faşistlərin dövründə Hitler üçün arzuolunan bir məqsəd idi. Bu gün Azərbaycan, şübhəsiz, Birləşmiş Ştatların qlobal enerji təhlükəsizliyində ən vacib tərəfdaşlarından biridir. Azərbaycan digər enerji təchizatçılarına alternativ kimi ABŞ-ın milli maraqları üçün çox əhəmiyyətlidir. Bilirəm ki, neftlə yanaşı, sizin böyük qaz ehtiyatınız da vardır. “Şahdəniz” yatağı dünyanın ən böyük qaz yataqları sırasındadır. Sizin neft-qaz kəmərlərini şaxələndirmək planlarınız olduqca əhəmiyyətlidir, çünki bununla enerji təminatı mənasında təkcə ABŞ-ın təhlükəsizliyini deyil, bizim müttəfiqlərin də təhlükəsizliyini möhkəmləndirmiş olursunuz. Ümid edirəm ki, bu planlar davamlı olaraq gerçəkləşəcəkdir. Xəzər hövzəsində enerji təhlükəsizliyi üzrə əməkdaşlıq bizim münasibətlərimizin əsas istiqamətidir. Bölgədə enerji dəhlizlərinin şaxələndirilməsində tutduğu mövqe Azərbaycanı strateji tərəfdaş və etibarlı müttəfiqə çevirir.
Mən bu konfransın bütün təşkilatçılarına minnətdarlığımı bildirirəm. Burada iştirak edənlərin bizim münasibətlərimizi öz işləri ilə möhkəmləndirəcəklərinə ümid edirəm. Bu gün ABŞ və Azərbaycanın birlikdə olması çox mühümdür. Çünki illər sonra bizim uşaqlarımız bu günün çətinlikləri ilə necə birgə mübarizə apardığımızla maraqlanacaqlar. Biz elə bir dövrdə yaşayırıq ki, terrorizm hamımıza təsir edir. Ona görə azadlığı və bəşəriyyəti sevənlərin birgə olması vacibdir. ABŞ-da Azərbaycana, xalqınıza, onun bölgədə nümayiş etdirdiyi cəsarətə rəğbət vardır. Ümid edirəm ki, biz gələcəkdə də birgə işimizi davam etdirəcək, övladlarımıza daha azad və yaxşı həyat bəxş edə biləcəyik”.
Aqil LƏTİFOV



Bu yazı ( 48 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar