12px14px16px18px

Eldar Əsgərov: “Korrupsiya bir virusdur”

MİLLİ MƏCLİSDƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN HÜQUQİ BAZASINA DAİR MÜZAKİRƏLƏR KEÇİRİLİR

00:09 / 15.05.2012
Dünən Milli Məclisdə (MM) “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr aparmaq məqsədilə Dəyirmi masa keçirib. Tədbir MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iştirakı ilə reallaşdırılıb. Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatlarında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən dəyirmi masaların yekunu kimi təşkil olunub. Qeyd edək ki, dəyirmi masada MM-in Aparatının, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komitəsinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları, yerli və beynəlxalq QHT-nin nümayəndələri iştirak ediblər. Tədbir zamanı qeyd olunub ki, 2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ-hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu sıraya korrupsiya ilə əlaqəli hərəkətlərlə bağlı hüquqi normaların qüvvəsinin artırılması və istifadəsinin genişləndirilməsi məqsədilə cinayət və inzibati məcəllələrə, cinayət və inzibati-prosessual məcəllələrə edilən dəyişikliklər, bəzi qanunların qəbul olunması (“Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması haqqında” qanun layihəsi) və digər qanun layihələrinin hazırlanması daxildir. İştirakçıların bildirdiyinə görə, bununla belə bəzi sahələrlə bağlı hələ də çatışmazlıqlar qalmaqdadır. Məsələn, hələ də Whistle-blower – xəbər verənlərin qorunması ilə bağlı qanuni öhdəliklər mövcud deyil. Həmçinin dövlət məmurlarının gəlir bəyannamələrinin açıqlanması ilə bağlı qanun qəbul olunsa da, dəstəkləyici hüquqi aktların olmaması səbəbindən həmin qanunun icrası ləngiyir. Bu baxımdan tədbir iştirakçıları dövlət idarəetmə sisteminin bütün sahələrində korrupsiya risklərinin minimuma endirilməsi istiqamətində problemləri qeyd edərək, bu sahədə şəffaflıq və işin səmərəliliyinin artırılması istiqamətində bir sıra təkliflər irəli sürüblər. “Korrupsiya həm varlı, həm də kasıb ölkələrə xas olan bir xəstəlikdir”. Bunu Dəyirmi masada MM Aparatının nümayəndəsi Eldar Əsgərov deyib. O qeyd edib ki, korrupsiya bir virusdur və bizə kənardan ixrac olunub: “Ancaq bizdə buna qarşı ciddi mübarizə tədbirləri aparılır. Həm də bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işlər həyata keçirilir. Artıq “Şəhərsalma və Tikinti Məcəlləsi” 2-ci oxunuşa hazırdır ki, burada şəffaflıqla bağlı gərəkli müddəalar var”. Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev öz növbəsində qeyd edib ki, qanunlarla bağlı ictimai dinləmələri genişləndirmək, həmçinin, qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etmək lazımdır: “Hesab edirəm ki, “Dövlət qulluğu haqqında” Qanun a ciddi dəyişiklik etməyə ehtiyac var. Çünki dövlət qulluğunda çalışan məmurların imtiyazları o qədər də yetərli deyil”.
KAMİL


Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar