12px14px16px18px

Elmira Axundova: “Şou-ulduzlarımız piratçılığa qarşı mübarizədə gücsüzdürlər”

01:22 / 09.05.2012
“Sənət adamlarımız nə qədər mübarizə aparsalar da, buna qarşı tədbirlər təşkil etsələr də, lakin yenə də piratçılığa qarşı mübarizədə gücsüzdürlər”. Bunu millət vəkili Elmira Axundova “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsinə münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, bəzən bizim şou-ulduzlarımızı qınayırlar ki, nə üçün onlar toylarda oxuyur, özlərini bir növ ucuzlaşdırırlar: “Mən də həmin kəslərdən soruşmaq istəyirəm, o halda ki, bunların audio diskləri, klipləri və sair dərhal internetdə yayılır , hər kəs istənilən vaxt sevimli müğənisinin mahnısını, sevimli bəstəkarının əsərini öz kompüterinə köçürə bilər və buna görə də onlar öz əsərlərinin yayılmasından əksər halda qonorar ala bilmirlər, o zaman nə etməlidirlər? Halbuki bu mahnıların yayılması, efirdə səslənməsi, ümumiyyətlə, ərsəyə gətirilməsi üçün çoxlu sayda vəsait tələb olunur və bizim şou-ulduzlarımız da bu vəsaitləri toylarda, ucuz şoularda iştirak etməklə kompensasiya etməli olurlar. Bu mənada mən, əlbəttə ki, artıq parlament müzakirəsinə təqdim edilən və birinci oxunuşdan keçən məlum qanun layihəsini məqsədəuyğun sayıram”. Lakin bununla belə millət vəkili hesab edir ki, adıçəkilən qanun layihəsi bir sıra reallıqları nəzərə almır, ya da əhatə etmir: “Söhbət ilk növbədə müəlliflik hüququ olan obyetklərin internet saytlarda yayımlamasından gedir. Məsələn, biz youtube-da istənilən mahnının, filmin və sairin köçürülməsinə nail ola bilərik və edirik bunu. Elə mən də, etiraf edim, parlamentdə təmsil olunan millət vəkilləri, onların uşaqları, onların yaxınları da bunu hər gün həyata keçirir. Biz buna öyrənmişik. Xüsusən də cavan insanlar bu işlə daha çox məşğul olurlar. Məsələn, mən xaricdə idim, eşitdim çox gözəl film idi, rus televiziyasında göstərilmişdi – “Kremi”, getdim onu youtube-dan köçürüb dərhal baxdım. Hər halda belə olan halda sual olunur, bax, həm youtube, həm də istifadəçilər pirat sayıla bilər. Lakin bunları məhkəmə yolu ilə necə məsuliyyətə cəlb edə bilərsən? Hər bir kompüterə girməyəcəksən ki, hər bir evə daxil olmayacaqsan ki? Əvvəla, youtube götürək, başqa internet resurslarını götürək, onlar əslində əlçatmaz, böyük beynəlxalq korporasiyalardır və onların ofisləri hətta, başqa ölkələrdə yerləşir. Digər tərəfdən, istifadəçilərin sayı minlərlə yox, milyonlarladır. Onlar da bütün dünyaya səpələnib. Müvafiq icra orqanı nəzarət nişanını da qanun layihəsində əks etdirib. Nəzarət nişanıdır, beynəlxalq standart nömrə – bunlar hamısı yaxşıdır. Bunları hazırlaya bilərik. Lakin təkcə bununla həmin mən deyən qüvvələrlə effektiv mübarizə heç vaxt aparıla bilməz”. E.Axundova onu da qeyd edib ki, qanun layihəsində internet resurslarda pirat nümunələrinə qarşı mübarizə mexanizmləri əks olunmayıb: “Mən başa düşürəm nəyə görə əks olunmayıb. Çünki təəssüflər hissi ilə qeyd etmək lazımdır ki, bu mexanizmlər bütün dünyada hələ yox dərəcəsindədir və belə olan halda hansı mübarizədən söhbət gedə bilər? Burada bir neçə maddə əks olunmalıdır ki, necə deyərlər, bu yöndə maarifləndirmə, televiziyalarda bu barədə söhbətlər təşkil edilsin. Ermənilər bizim mahnılarımızı özəlləşdiriblər, ancaq hansı beynəlxalq məhkəmədə bircə dənə iş udmuşuq? Bəlkə udmuşuq, çox gözəl olardı. Ümumiyyətlə, bu qanunda piratçılıqla bağlı mübarizənin beynəlxalq aspektləri əks olunmayıb, amma bu çox vacib məsələdir, ələlxüsus , biz mübarizə aparırıq o ölkə ilə ki, bizə qarşı elə əqli piratçılığı həyata keçirir, amma bir dənə də cümlə olsun , bu sənəddə yoxdur. Ona görə istəyərdim ki, bu, ayrıca qanun olsun. Çünki bu çox vacib məsələləri əks etdirir. Amma bu qanun – ayrıca qanun çox ciddi işlənilməlidir, daha dolğun, daha konkret , daha müasir mexanizmlər olmalıdır”. KAMİL





Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar