12px14px16px18px

Əli Əhmədov: “Azərbaycan yaşadığımız bölgədə ən azad mətbuata malik olan kimi qəbul olunur”

01:09 / 09.05.2012
“Bu gün Azərbaycanda geniş inkişaf tapmış müstəqil mətbuatın yaranmasında Heydər Əliyevin söz və mətbuat azadlığına xüsusi önəm verməsi və sayqı ilə yanaşması vacib rol oynayıb”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov mətbuata açıqlamasında dilə gətirib. Onun dediyinə görə, etiraf etmək lazımdır ki, Azərbaycan yaşadığımız bölgədə ən geniş inkişaf tapmış sərbəst və azad mətbuata malik olan ölkə kimi qəbul olunur. YAP rəsmisi qeyd edib ki, bunu istər Azərbaycanda azad mətbuat orqanlarının sayının çoxluğu, istərsə də onların sərbəst fəaliyyət göstərməsi üçün dövlət və hakimiyyət tərəfindən yaradılmış əlverişli mühitin olması təsdiq edir. Ə.Əhmədovun sonra bildirdiyinə görə, H. Əliyev Azərbaycanda sərbəst mətbuatın və söz azadlığının təmin olunması üçün lazım olan bütün addımları atmaqla yanaşı, Azərbaycan cəmiyyətində belə bir ənənənin əsasını qoymuş olub: “ Məsələn, sovetlər dönəmindən qalmış senzuranın ləğv edilməsi, azad mətbuat üçün hər bir şəraitin yaradılması, mətbuatın inkişafı üçün dövlət dəstəyinin göstərilməsi təşəbbüsü ilə dəfələrlə çıxış etməsi və s. Azərbaycanda Heydər Əliyevin və onun müəyyənləşdirdiyi siyasətin söz və mətbuat azadlığına nə qədər hörmətlə yanaşdığından xəbər verir. Xatırladım ki, dəfələrlə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan mətbuatının bir neçə il öncə müəyyən səbəblərlə əlaqədar üzləşdiyi iqtisadi sıxıntıların aradan qaldırılması ilə bağlı çox vacib addımlar atıldı. Bu ənənə də bu gün Azərbaycanda davam etdirilməkdədir. Məhz, mətbuat sahəsində çalışanlara hörmətin və qayğının göstərilməsi, onların daha yaxşı iş şəraitilə təmin olunması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulmuş çox vacib ənənənin bu gün də yaşadığını nümayiş etdirir”. Bu baxımdan, Ə.Əhmədov belə hesab edir ki, bu, Azərbaycan cəmiyyətinin demokratik dəyərlərə söykəndiyini sübut edən bir amil kimi də dəyərləndirilir, eyni zamanda, Azərbaycan dövlətinin təməl prinsipləri kimi H. Əliyev tərəfindən formalaşdırılmış ənənələrin də yaşadığını göstərir: “Sadaladığım cəhətlər Heydər Əliyevin xalqımızın qarşısında göstərdiyi müstəsna xidmətlərin yalnız kiçik bir siyahısıdır. Ölkə əhalisinin Ümummilli Liderin xatirəsinə hədsiz hörmət və ehtiramla yanaşmasının, hər il onun doğum gününü böyük məhəbbətlə qeyd etməsinin kökündə bu xidmətlər və onların unudulmaması dayanır”. KAMİL


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar