12px14px16px18px

Adil Qəribov: “Metsamor AES həm Azərbaycan, həm də region üçün potensial təhlükədir”

11:37 / 05.05.2012
“Ermənistanın fəaliyyətdə olan Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun 30 il nəzərdə tutulan istismar müddəti 2016-cı ilin sentyabr ayının 1-də bitir. Ermənistan hökuməti ikinci enerji blokunun istismar müddətinin uzadılmasını 2019-2020-ci illərdə fəaliyyətə başlaması nəzərdə tutulmuş yeni enerji blokunun işə salınması müddəti ilə şərtləndirmək niyyətindədir”. Belə bir aıqlama ilə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov çıxış edib. O deyib ki, nəzərə almaq lazımdır ki, bu stansiya seysmik təhlükə zonasındadır və bu səbəbdən də bağlanmalıdır: “Əgər hətta Rusiya və ABŞ Ermənistana Metsamor AES-in gələcəkdə də istismar edilməsi üçün kömək etsələr belə, bu yenə də stansiyanın təhlükəsizliyinə dair heç bir zəmanət verməyəcək. Heç bir ölkə, hətta MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) də Metsamor AES-in 9 ballıq zəlzələyə davam gətirəcəyinə zəmanət verə bilməz. Ona görə də, Metsamor AES-in fəaliyyətinin dayandırılması bölgə üçün mühüm əhəmiyyət kəsb edir”.
MAQATE-nin Metsamor AES-in istismar müddətinin uzadılmasını təqdir etməsi ehtimalı nə qədər olmasına gəlincə A.Qəribov deyib ki, MAQATE BMT-nin nüfuzlu qurumudur. “Bununla yanaşı, MAQATE Metsamor AES-lə bağlı müvafiq qərarın verilməsi zamanı bölgənin əhalisinin təhlükəsizliyinin qorunmasını təmin edən mövqe nümayiş etdirəcək. Axı birdən-birə 3-4 dövlət radiasiya təhlükəsi ilə üz-üzə qalmalı olacaq. Bundan əlavə, əgər bu qurum Ermənistana Metsamor AES-in istismar müddətini uzatmağa icazə verərsə, özü öz prinsiplərinə zidd hərəkət etmiş olacaq. Qeyd etmək lazımdır ki, Yaponiyanın “Fukusima” AES-ində baş verən hadisədən sonra MAQATE 2011-ci ilin iyun ayında konfrans keçirib və konfransda istismar müddəti başa çatmaqda olan bütün atom enerji stansiyalarında yoxlamaların aparılmasına dair qətnamə qəbul edib. Məhz həyata keçirilən həmin yoxlamalar əsasında bu və ya digər reaktorun fəaliyyətinə davam etməsi yaxud istifadəsinin dayandırılması ilə bağlı qərar verilməlidir. Hesab edirəm ki, AES-in istismarı məsələsi ilə bağlı vahid tələblərin irəli sürülməsi vacibdir. Məsələn, Litvadakı İqnalin AES MAQATE-nin bütün son tələblərinə və normalarına müvafiq şəkildə qurulub”.
A.Qəribova görə, hətta bu stansiyanın istismar müddəti belə, bitməyib. Lakin Avropa Komissiyası öz verdiyi qərara əsasən, bu stansiyanı bağlayıb. Bundan əlavə, Almaniyadakı 8 nüvə reaktorunun da istismar müddətləri uzadılmır. Ancaq Metsamor AES-lə bağlı belə tələblər irəli sürülmür: “ Sözsüz ki, AES-in dayandırılması Ermənistan kimi geridə qalmış ölkə üçün böyük problemlər yaradacaq. Lakin, şəxsi enerji təhlükəsizliyini təmin etmək məsələsi ilk növbədə Ermənistanı narahat etməlidir. Ermənistanın təcavüzkar və işğalçı siyasətindən imtina etməsi bu məsələnin həlli üçün kifayət edəcək. Eyni zamanda, beynəlxalq ictimaiyyət Ermənistanın əlavə elektrik enerjisinə tələbatının olmasının həqiqiliyini yoxlamalıdır. Çünki Ermənistan elektrik enerjisini ixrac edir. Ona görə, beynəlxalq ekspertlər Ermənistanın həqiqətənmi Metsomor AES-də istehsal olunan 370 MVt-lıq elektrik enerjisinə ehtiyacı olub-olmadığını aydınlaşdırmalıdırlar”.
Ermənistan AES-in region, eləcə də Azərbaycan üçün ekoloji təhlükə kəsb etməsinə gəlincə, o deyib ki, Metsomor AES-də insident baş verəcəyi təqdirdə ilk növbədə Ermənistan özü zərər çəkəcək: “Azərbaycana gəldikdə isə, belə olan vəziyyətdə Ermənistan ərazisi ilə axan Araz çayı daha çox təhlükəli olacaq. Nəzərə almaq lazımdır ki, xilasedicilər Yaponiyanın Fukusima AES-də reaktoru soyudan zaman yaxınlıqda olan dənizin suyundan istifadə etmişdilər. Lakin Metsamor AES-i yaxınlığında dəniz yoxdur, stansiyadan bir neçə kilometr aralıda Araz çayı axır. Bundan əlavə, Arazın suyu Ermənistanın tikmək niyyətində olduğu ikinci reaktorun istismarı zamanı da istifadə olunacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, Metsamor AES-də insident zamanı yaranacaq radiasiya hava ilə də yayılacaq ki, bundan da təbii ki, Ermənistanla qonşu ölkələr də zərər çəkəcək”.
BMT-nin öz institutları, xüsusilə də, MAQATE vasitəsilə erməni AES-nin bağlanması barədə məsələ qaldıra bilməsinə gəlincə, A.Qəribov deyib ki, MAQATE, ümumilikdə BMT belə bir qərar qəbul edə bilər: “Azərbaycan bu məsələni dəfələrlə beynəlxalq arenada qaldırıb. Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin martında Seulda keçirilən nüvə təhlükəsizliyi sammitində belə bir tələblə çıxış edib. İlk dəfə bu məsələ 2002-ci ildə MAQATE-nin baş katibi Məhəmməd əl-Baradeyinin Bakıya səfəri zamanı Azərbaycanın ümumilli lideri Heydər Əliyev tərəfindən qaldırılıb”.
PƏrvanƏ



Bu yazı ( 32 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar